“AbzasMedia” işi üzrə həbsdə olan 7 nəfərin – nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, “Turan” informasiya agentliyinin şöbə müdiri Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin haqqındakı hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.
Avqustun 26-da keçirilən məhkəmə iclasında nəşrin baş redaktoru S.Vaqifqızı Bakı Apellyasiya Məhkəməsində onların işinə baxan hakimlər kollegiyasına etiraz verib. Etirazını əsasıandıran jurnalist yada salıb ki, məhkəmə prosesinə sədrlik edən Zəfər Əhmədov uzun illər deputat olmuş Vahid Əhmədovun oğludur.
“Hakimlik təcrübəsi olmayan bir adam…”
“Atanızın sayəsində vəzifəyə təyin olunmusunuz. Bundan əvvəl də prokurorluqda işləmisiniz. Keçən il Qaradağ rayonunun prokuroru vəzifəsindən xaric edilmisiniz. Niyə vəzifədən xaric edildiyi də məlum deyil. Hakimlik təcrübəsi olmayan bir adam birdən-birə gəlib, apellyasiya məhkəməsinin hakimi təyin olunur…”, – S.Vaqifqızı belə deyib.
Jurnalist xatırladıb ki, məhkəmə tərkibinə daxil olan digər hakim Mehriban Qarayeva avqustun 12-də keçirilən ötən iclasda onlara qarşı qərəzli davranıb. Təqsirləndirilən şəxslər məhkəmə iclasında danışılanları eşitmədiklərini bildirəndə hakim Qarayeva onların “artistlik etdiyini” iddia edib.
“Burada tamaşa göstərib, artistlik edən də, şounun tərkib hissəsi olan da sizsiniz”, – S.Vaqifqızı bildirib.
Təqsirləndirilən şəxslərin əksəriyyəti S.Vaqifqızının hakimlər kollegiyasına etirazını dəstəkləsə də, AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə və “Turan” informasiya agentliyinin şöbə müdiri Hafiz Babalı fərqli mövqedən çıxış ediblər. Onlar deyiblər ki, Azərbaycanda müstəqil məhkəmə sistemi və bu cür sifarişli işlərdə obyektiv qərar verəcək hakim yoxdur. Bu üzdən hakimlərə etirazı əhəmiyyətsiz hesab edirlər.
“Azərbaycanda hüquqi məhkəmə sisteminin olduğuna inanmıram. Hətta tərkib dəyişsə belə, yeni gələcək hakimlərin daha obyektiv və ədalətli qərar verəcəyinə inanmıram. Onsuz da hamısı əvvəldən verilən sifarişləri icra edirlər”, – F.Mehralızadə belə deyib.
Hakimlərə verilmiş etiraz baxılmamış saxlanılıb.
“Heç bir sübut yoxdur”
Ardından vəkillər “AbzasMedia” işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən qaldırdıqları, lakin təmin olunmamış vəsatətləri yenidən qaldırıb, həmin məsələlərin araşdırılmasını istəyiblər.
Məsələn, S.Vaqifqızının vəkili Elçin Sadıqov bildirib ki, “AbzasMedia”nın ofisində axtarış aparılarkən videoda görünən, lakin adı protokolda olmayan polis əməkdaşı mütləq məhkəmədə dindirilməlidir.
H.Babalının vəkili Rəsul Cəfərov deyib ki, müvəkkili qaçaqmalçılıqda suçlanır, halbuki, o, 2019-cu ildən ölkədən heç yerə getməyib: “Biz bunu deyəndən sonra da götürüb yazdılar ki, guya Hafiz Babalı qaçaqmalçılıq yolu ilə gətirilən pulları bölüşdürüb. Kimə nə verib, heç bir sübut yoxdur”.
Təqsirləndirilən jurnalistlər Ü.Həsənli, S.Vaqifqızı vurğulayıblar ki, onlar Prezident İlham Əliyevin sifarişiylə cəzalandırılıb. Səbəb isə “AbzasMedia”da yayımlanan korrupsiya araşdırmalarıdır.
F.Mehralızadə isə “AbzasMedia”ilə heç vaxt əməkdaşlıq etmədiyini, bu barədə cinayət işinin materiallarında bircə sübut olmadığını vurğulayıb:
“Mən AzadlıqRadiosu ilə əməkdaşlıq etmişəm. Sadəcə, o vaxt məni cəzalandırmaq üçün “AbzasMedia” ilə bağlı açıq cinayət işi vardı, ona görə məni də bu işə qoşdular. Özləri də yaxşı bilirdi ki, mənim “Abzas”la əməkdaşlığım olmayıb. Sadəcə, iqtisadçı kimi müsahibə vermişəm ora. Mən telekanallara da eyni şəkildə müsahibə vermişəm. Yaxud “Abzas”a deputatlar, dövlət qurumlarının rəsmiləri də müsahibələr verib. Eyni məntiqlə onlar niyə həbs olunmayıb?”
Jurnalistlərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.
Xatırlatma
“AbzasMedia” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ü.Həsənli, S.Vaqifqızı, F.Mehralızadə və H.Babalının hər biri 9 il, N.Absalamova və E.Qasımova 8 il, M.Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli bilinib.
Jurnalistlər özlərini təqsirli bilmir, Əliyevlər ailəsi də daxil olmaqla, hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.
Son 2 ilə yaxın müddətdə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-ə yaxın siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb. (AzadlıqRadiosu)