Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ prezidentinin xanımı Melaniya Trampa məktub göndərib. Məktubda o, xanım Trampı Ukrayna müharibəsinə göstərdiyi həssaslığı Qəzzadakı humanitar böhrana da göstərməyə çağırır.
Lakin bu humanitar jest əslində böyük bir paradoksu gizlətməyə xidmət edir. Çünki əgər Qəzzanın taleyi doğrudan da Türkiyə hakimiyyətinin ürəyindədirsə, Əminə xanım çağırışını Vaşinqtona yox, Ankaraya, elə öz həyat yoldaşına ünvanlamalı idi.
Çünki, İsrailin Qəzzadakı hərbi əməliyyatları yalnız ideologiya ilə deyil, yanacaqla davam edir. Tanklar, təyyarələr, hərbi maşınlar Netanyahunun ritorikası ilə yox, Bakı–Tbilisi–Ceyhan kəmərindən Türkiyənin Ceyhan limanına daşınan və oradan İsrailin Aşkelon limanına axıdılan neftlə işləyir. Əgər həqiqətən Qəzzaya dəstək vermək istəyirdilərsə, humanitar məktub yazmaq yox, o neft axınını dayandırmaq ən təsirli addım olardı.
Ən böyük ziddiyyət isə Türkiyə–İsrail münasibətlərindəki ikiüzlülükdədir. Ankaradan tribunalar vasitəsilə “soyqırım” ritorikası səslənir, amma eyni vaxtda iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatır. İsrail ordusunun hərbi texnikasını hərəkətdə saxlayan “yanacaq damarları” Türkiyədən qidalanmağa davam edir.
Belə olan halda, Əminə Ərdoğanın Melaniya Trampa məktubu sadəcə media üçün hazırlanmış şoudur. Məktubun əsl ünvanı Melaniya Tramp yox, Prezident Ərdoğanın öz kabineti olmalı idi. Çünki Qəzzanı xilas edən məktub yox, bağlanan neft kranı ola bilər.