Son zamanlar dostlar Demokratlar Partiyasının daxilində nələrin baş verdiyi barədə suallar verirlər. Cavablandırmağa çalışacağam.
2024-cü ilin noyabr seçkilərində demokratlar mümkün olan hər bir şeyi uduzdular: Ağ Evi, Senatı və Nümayəndələr Palatasını. Sarsıdıcı məğlubiyyətdən sonra Demokratlar Partiyası dərin depressiyaya düşdü və partiyanın köhnə “adətinə” uyğun olaraq hər kəs bir-birini günahlandırmağa başladı. “Hər kəs” deyərkən, söhbət partiyanın daxilindəki fərqli qanadlardan gedir.
Demokratlar Partiyası nəhəng bir siyasi institutdur. Təbii ki, partiyanın daxilində siyasi mövqelərə görə fərqli qanadlar və nüfuz dairələri formalaşıb. Əsas olanları və görkəmli nümayəndələrini qeyd edək:
Super-proqressivlər, ultra-solçular: qanadın lideri konqresvumen Aleksandra Okasio-Kortesdir (N/P üzvü).
Çox proqressivlər, solçular – Berni Sanders, Elizabet Uorren (senatorlar).
Yeni nəsil proqressivlər – Barak Obama, Kamala Harris, Kori Buker (senator, Senatda 25 saatlıq çıxışı ilə rekord qırıb).
Köhnə nəsil proqressivlər – Co Bayden, Nensi Pelosi, Çak Şumer.
Son illərdə yeni və köhnə nəsil proqressivlər partiyanı ətrafında birləşdirərək, sol və ultra-sol qanadın təsir imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Berni Sanders başda olmaqla sol qanad üçün ən ciddi siyasi perspektivlər 2016-cı ildə yaranmışdı, amma Sanders Hillari Klintona uduzdu. Demokratlar Partiyası uzun illər ərzində bu qədər gərgin daxili mübarizəyə şahid olmamışdı. Sanders və Klinton öz elektoratlarını bir-birinə qarşı son dərəcə radikallaşdırmışdılar. Hətta məsələ o yerə çatmışdı ki, Sandersin tərəfdarları “Hillari q**dir” yazılmış plakatlarla mitinqlər keçirirdilər. Sonradan Sanders özü bu biabırçılığa müdaxilə etdi və tərəfdarlarını dayandırmağa çağırdı.
Nəticə hamımıza bəllidir: Sanders praymrizi uduzdu, Hillari isə ümumi seçkiləri.
Sol qanad (Sanders) Hillarini və proqressivləri “dünyanın bütün günahlarının günahkarı” elan etdi və partiyadan incidi.
2020-ci ildə demokratlar köhnə nəsil proqressivlərdən “ağır top”u irəli verdilər – sabiq vitse-prezident Co Baydeni. Bayden sol və proqressivlər arasında barışdırıcı fiqur rolunu oynadı. Onun çox böyük nüfuzu vardı (36 il senator, 8 il vitse-prezident olmuşdu və ABŞ tarixində ən gənc senator kimi tanınırdı). Partiyada hər kəs bu nüfuzla hesablaşırdı, o cümlədən Berni Sanders. Bayden 2020-ci ilin praymərizində Sanders üzərində qələbə qazansa da, Sanders məğlubiyyətini normal qarşıladı və Baydenə ümumi seçkilərdə açıq dəstəyini ifadə etdi.
2016-cı ilin acı təcrübəsi göstərdi ki, daxili qarşıdurma ümumi məğlubiyyətə gətirib çıxarır. Sandersin tərəfdarları Hillarini o qədər sərt tənqid etmişdilər ki, “bənövşəyi” ştatlarda Sandersin elektoratı Hillariyə səs vermədi. Bu qədər sadə.
2024-cü ildə seçki kampaniyası zamanı yaranmış fövqəladə durum demokratların sol qanadına öz mövqeyini ortaya qoymaq imkanı vermədi və Berni Sandersin Kamala Harrisə dəstək verməkdən başqa seçimi qalmadı. Sanders, Harris namizədliyini elan etdiyi gün dərhal öz dəstəyini ifadə etdi.
2024-cü ildə Demokratlar partiya daxilində qısa müddətdə müəyyən siyasi konsolidasiyaya nail olsalar da, elektoratı birləşdirə bilmədilər və mühafizəkar ABŞ cəmiyyəti artıq ikinci dəfə göstərdi ki, qadın prezidenti istəmir.
Nəticə məlumdur: demokratlar ağır məğlubiyyətə uğradılar.
Gələk bu günlərə – ən maraqlısı indi başlayır.
Sarsıdıcı məğlubiyyətdən sonra demokratlar yavaş-yavaş özlərinə gəlməyə başlayırlar, yeni liderlər axtarırlar, yeni siyasi duetləri sınayırlar, eksperimentlər aparırlar.
Seçkilərə hələ 3 ildən çox vaxt qalsa da, artıq iki liderin silueti aydın görünməyə başlayıb: ultra-solun lideri Aleksandra Okasio-Kortes və gənc nəsil proqressivlərin düşərgəsindən Kaliforniya qubernatoru Gevin Nyusom. Hər ikisi Trampa qarşı dirənişin simvoluna çevrilməyə çalışırlar, Trampa sistematik və kəskin tənqidlər yağdırırlar. Bu mübarizədə çox maraqlı, hətta gözlənilməz taktiki gedişlərin şahidi olacağıq.
Taktikalardan birinə gəlincə – Nyusom Trampa qarşı yeni mübarizə üsulu seçib.
Nyusom Trampı “öz dili ilə” vurmağa başlayıb: Tramp üslubunda paylaşımlar edir, şüarlarla dolu kepkalar, fincanlar satışa çıxarır. Son günlərdə Nyusomun istifadə etdiyi ritorikadan bəzi nümunələr:
“Nyusom həmişə haqlıdır” (hətta bu şüarla kepkalar var),
“Tramp – rəzalətdir”,
“Tramp artıq populyar deyil, hər kəsə Nyusom maraqlıdır”,
“Bütün kameralar mənə – ölkənin ən sevimli qubernatoruna yönəlib”.