Bu gün bəzi ciddi qələm sahibləri var ki, “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycanın bölünməsini indiki Azərbaycan Respublikasının inkişafı üçün mütərəqqi hal hesab edir.
Əslində bu yanaşma doğru deyil!
Bölünmək, parçalanmaq, bir xalqın öz bütövlüyündən qopması, ayrı düşməsi, torpaqları içindən sərhəd çəkilmələrinə məruz qalması mütərəqqilik ola bilməz.
Haradasa qismən Avropa idarəçiliyini, maarifçiliyini özünə ünvan seçdiyinə görə Rusiyaya bu işğala görə loyal yanaşmaq ədalətsiz yanaşmadır.
Mən əminəm ki, əgər 19-cu əsrdə Rusiya tərəfindən işğal faktı olmasaydı və ya Qacar- Rusiya vuruşunda Qacarlar dövlətinin bütövlüyü qoruna bilsəydi, yəni Azərbaycanın bütünlüyünə xələl gəlməsəydi, 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ermənistan Respublikası qurulmayacaqdı.
Rusiya həmin əsrdə Azərbaycanın 170 min kv.km.ərazisini işğal etməyəcəkdi. Azərbaycan Respublikası 86,6 min kv.km.əraziylə əhatələnməyəcəkdi.
Deyəcəksiniz bəs müstəqillik?
Biz müstəqillik gördük ki, onu tanıdıq ki?
Bizim müstəqilliyimiz 34 ildir iki mötərizənin( ) arasındadır.
Müstəqilliyimizi nə vaxt mötərizənin içindən çıxara bildik ki(çox təəssüflər olsun ki, müstəqilliyimizi hələ də mötərizənin içindən çıxara bilmirik)?
“Türkmənçay” müqaviləsi ilə Azərbaycanı şimala və cənuba bölən Rusiya şimalı da(170 min kv.km.)iki dəfə özünə böldü(86,6 min kv.km.).
170 min kv.km.ərazimizdən bizə qalan 86,6 min kv.km.ərazimiz bu gün Rusiya haqqında bizə çox söz deyir.
Əgər ” Türkmənçay” müqaviləsi olmasaydı, yəni Azərbaycan Qacar dövlətində bütöv olaraq qalsaydı, 1925-ci ildə Qacar hakimiyyəti çevriliş nəticəsində devrilməyəcəkdi.
Dünya tarixi bu gün Pəhləvilər sülaləsini tanımayacaqdı.
İranda 1979-cu ildə məlum hadisələr də olmayacaqdı.
İndiki rejimin ağır şərtləri altında insanlar çətinlik çəkməyəcəkdi.
Bilirik ki, 1-ci dünya müharibəsi özündən sonra dünyaya yeni tip dövlətlər, yeni siyasi sistemlər gətirdi.
Yəni Rusiyanın işğal faktı olmasaydı 1-ci dünya müharibəsindən sonra 20-ci əsrin sonları-30 cu illərin əvvəllərində İranda demokratik dövlətin-Respublikanın qurulma ehtimalı çox mumkün idi, bəlkə də bir qədər də tez vaxtda mümkün idi.
İran bir başqa siyasi, iqtisadi, elmi, texnoloji axarda inkişaf edəcəkdi.
İran coğrafiyadır, vətən deyil!
Bu coğrafiyada, yəni İran coğrafiyasında yüzə(100)qədər aborigen xalq yaşayır.
Bu xalqların yaşadıqları ərazilər həmin xalqların vətənidir.
İran coğrafiyadır, vətən deyil!
Mübaliğəsiz olaraq deyim ki, İran coğrafiyasını öyrənən tarixçilərin gəldikləri bütün nəticələrə görə bu coğrafiyanın nüvəsini İran türkləri və farslar təşkil edir(oxucu düşünə bilər, İran farsları yazılmadığı halda niyə İran türkləri yazılır, çünki biz türklər çox coğrafiyada aborigen xalqıq, yəni söhbətin hansı coğrafiyada yaşayan türklərdən getdiyi bəlli olsun deyə).
2500 ildən də artıq dövlətçilik tarixi olan İran coğrafiyasını ardıcıllıqla türklər və farslar idarə etmişlər.
Bu əsrdən baxanda İran coğrafiyasına cavabdehliyi Azərbaycan xalqı daşıyıb, İran coğrafiyasının məsuliyyətini Azərbaycan xalqı çəkib.
İran Azərbaycan xalqına yad deyil!
İran Azərbaycanın özüdür!
Azərbaycanın özünündür İran!
Təbii ki, İran coğrafiyasında yaşayan hər bir xalq İran coğrafiyasını özününkü bilməkdə haqq edir.
Sovet tarixi, tarixçiləri qərəzli olaraq Azərbaycan sərhədlərini İran coğrafiyasından ayrı yazıblar.
Azərbaycanı, Azərbaycan xalqını İran coğrafiyasına yadlaşdırmaq üçün idi bu qərəzli yanaşma.
İran coğrafiyası Azərbaycanın sərhədləri xaricində deyil.
İranın nüvəsini, enerjisini təşkil edən Azərbaycan İran coğrafiyasına da məxsusdur.
Sovet tarixçiləri Azərbaycan xalqını İran coğrafiyasına özgələşdirmək uçün hər cür qərəzə əl atıblar.
Azərbaycan üçün yazılan o qərəzli, Azərbaycan uçün yazılan o yalan tarixdən imtina edilməlidir!
Sovet tarixçilərinin qələmi haraya qədər işləyibsə, haraya qədər çatıbsa, oradan da qurama tarix boy atıb.
Sovet imperiyası üçün həqiqət bədheybət anlamı daşıyırdı.
Çünki o dövlət yalan üzərində qurulmuşdu.
Həqiqətlər o dövləti uçurardı. Uçurdu da.
Gerçək tariximiz, gerçək tarixçilik konsepsiyamız olmalıdır.
Dediyim kimi, türklərin aborigenliyi çox coğrafiyalılığa aiddir.
İran coğrafiyasında Türkün yaşı 4000 ili əhatə edir.
Daha bir həqiqəti bölüşürəm.
Bu gün də Respublikamızda çox az insan bilir ki(tarixçiləri nəzərdə tutmuram), Azərbaycan torpaqları Rusiyanın işğalına qədər indiki Stavropol diyarı ilə, indiki Kalmıkiya Respublikası ilə, indiki Çeçenistan Respublikası torpaqları ilə sərhəd olub.
Çox az insan bilir ki, Azərbaycan adını çəkdiyim o ölkələrlə qonşu olub.
Bu gün 50 min kv.km.ərazisi olan indiki Dağıstan Respublikası Azərbaycanın bir hissəsi olub. Şirvan, Naxçıvan kimi Dağıstan da Azərbaycanın bir bölgəsi idi.
Azərbaycanın Dağıstan bölgəsi 10-12 min kv.km.ərazini əhatə edirdi.
Sovet Rusiyası digər bölgələrimizdən də torpaq qopararaq özü üçün 50 min kv.km.sahədən ibarət olan Dağıstan Muxtar Respublikası yaratdı.
Bu Muxtar Respublikanı heç olmasa, Azərbaycana da aid etmədi, dediyim kimi, özünə birləşdirdi.
Torpaqlarımizı ona- buna paylayan Rusiya bu dəfə 50 min kv.km. ərazimizi özü “yedi”.
Budur Rusiya!
Bir faktı da xatırladım ki, Rusiyanın 19-cu əsrdə İran coğrafiyasını bütünlüklə zəbt edib özünə qatmamasının səbəbi 1-ci Pyotr olub.Onun vəsiyyəti olub.
1-ci Pyotrun Rusiya İstambulu işgal etməyənə qədər İranın bütünlüklə qəsb edilməsinə vəsiyyətində izn verməməsi olub.
Heç də Sovet tarixçilərinin dediyi kimi, Rusiyanın Azərbaycanın bir hissəsi ilə kifayətlənməsinin səbəbi B. Britaniyanın mövqeyindəki kəskinlik deyil, 1-ci Pyotrun vəsiyyətiydi.
Eləcə də bir tarixi faktı xatırladım ki, 1-ci dünya müharibəsi ərəfəsində “Antanta” hərbi siyasi bloku müttəfiqi çar Rusiyası üçün bütün iranın və Osmanlı imperiyasının bölüşdürülməsini tanımışdı.
Xoşbəxtlikdən çarın devrilməsi, bolşeviklərin Rusiyanın dövlət kimi mövcudlugunda Türkiyənin mühüm yerini, vacibliyini başa düşmələri bu planı bir qədər təxirə salmalarına səbəb oldu.
2-ci dünya müharibəsi 1939-cu ildə başlayanda Rusiya Almaniya ilə müttəfiq idi, ABŞ və B.Britaniya ilə müttəfiq deyildi.
1941-ci ildən etibarən Rusiya adını çəkdiyim dövlətlərlə məcburən müttəfiq oldu.
Krım və Yalta konfranslarında Stalin dəfələrlə Türkiyənin işğalının razılığını( İrandan öncə)ABŞ-dan və B. Britaniyadan almaq istəsə də, xoşbəxtlikdən bu işğala onlar razilıq vermədilər.
Müttəfiqlərini tamamilə özlərindən küsdürməmək üçün Azərbaycanın Rusiya tərəfindən bütünlüklə işğal edilməsinə Çörçil və Trumen Stalinə razılıq verib.
Buna isə Stalin razı olmayıb, və Ordusunu 1946-cı ildə İrandan geri çəkib.
Azərbaycan Respublikası İİR-də yaşayan soydaşlarımızın hüquqi təminatçısı olduğunu çəkinmədən, ehtiyat etmədən Beynəlxalq təşkilatlarda dilinə gətirməlidir!
Unutmayaq, xalq olaraq bizik İran coğrafiyasını quran!
Xalq olaraq bizik İran coğrafiyasını şöhrətləndirən!
Biz xalq olaraq İran coğrafiyası ilə bağlı danışıqlarda qapılar arxasında necə qala bilərik?Respublika olaraq içimizə çəkilməli deyilik!
Azərbaycanın İran coğrafiyasına cavabdeh bir ölkə kimi danışıqlarda söz haqqı tanınmalıdır!
Azərbaycan dövləti BMT səviyyəsində İran coğrafiyası ilə bağlı gözləntilərini, təkliflərini dilə gətirə bilər, bu vacibdir.
Axı İran bizə yad coğrafiya deyil!
Bu coğrafiyanın bizə aidiyyəti var.