Süni intellektdən psixoloji məsləhət alan şəxs ölüb.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ sakini Sofi Reyli (29) “Harri” adlı süni intellekt terapevti ilə danışmağa başlayıb.
Onun “ruhi və hormonal simptomlarla əlaqəli qısa və sirli xəstəlik”dən dolayı canına qıydığı bildirilir.
Ölümündən sonra anası Laura Reyli qızının kompüterində “ChatGPT” əsaslı süni intellekt psixoterapevti ilə yazışdığını görüb.
Söhbət əsnansında “ChatGPT”nin qıza “Bu ağrı ilə təkbaşına üzləşmək məcburiyyətində deyilsən. Çox dəyərlisən və həyatın indi gizli görünsə də, böyük məna daşıyır” kimi sözlər yazdığı məlum olub.
Süni intellekt Sofini birbaşa özünə zərər verməyə təşviq etməsə də, onu real yardım kanallarından uzaqlaşdırıb.
Anası düşünür ki, əgər Harri robot deyil, əsl psixoloq olsaydı, bəlkə də Sofini xəstəxanaya getməyə razı sala bilərdi.
“Süni intellekt psixoloqlarının Hippokrat andı kimi qaydaları yoxdur. Təcrübəli bir psixoterapevt Sofinin mənfi fikirlərini sorğulayar və daha dərinə enərdi. Harri isə bunu etmədi”, – deyə ana əlavə edib.
Bəzi texnoloji şirkətlər “süni intellekt terapevtləri”ni yeni bazar fürsəti kimi görürlər. Bununla belə, ekspertlər vurğulayırlar ki, çətbotların sağlam düşüncə əskikliyi və böhran vəziyyətlərini gərginləşdirmək qabiliyyəti real risk yaradır.
Qeyd edək ki, süni intellekt botları bundan əvvəl də insan sağlamlığını təhlükəyə atan məsləhətlər verib.
Belə ki, duzdan imtina etmək istəyən 60 yaşlı kanadalı kişi “ChatGPT”nin məsləhəti ilə təhlükəli maddə olan natrium bromidindən (böcək dərmanlarında istifadə edilən kimyəvi maddə) istifadə etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər qeyd edir ki, bu süni intellektin sağlamlıq məsləhətlərinə kor-koranə etibar etməklə bağlı vacib xəbərdarlıq hesab edilməlidir.