Tramp Putinlə görüşündən bir epizodu Niksonun Xruşşovla görüşündəki oxşar epizodla paralellər apararaq kollaj paylaşıb.
Xruşşovun Niksonla 1959-cu il 24 iyulda keçirilmiş görüşü tarixə “Mətbəx debatları” adı ilə düşüb. ABŞ-ın istehsal etdiyi məişət texnikasının sərgisində hər iki lider əslində söz oyunu ilə bir-birinin bostanına daş atmaqla məşğul olublar. Həmin dövrdə Nikson vitse-prezident idi. “Debatda” SSRİ-i raket istehsalı ilə, ABŞ-ın rəngli televizor, avtomatik işləyən paltaryuyan və s. texnikası ilə öyünmüşdü. Bir-birinə sözatmalar belə yekunlaşmışdı:
Xruşşov: biz amerikan insanına kommunizmdə yaşamağı öyrədəcəyik.
Nikson: bizsə rus insanına azadlığı.
Kommunizm ideologiyası yaşamadı, çünki, əslində Marks-Engels təlimləri üzərində hakimiyyətə gəlmiş bolşeviklər nəinki kommunizmi qurmağa yaxınlaşmadılar, heç oxşar sistem də qura bilmədilər. Və amerikan insanı kommunizmin nə olduğunu görə bilmədi, heç sovet insanı da.
Amerikanlar isə AZADLIĞIN nə olduğunu dünyaya göstərə bildilər.
Görəsən, Tramp 66 ildən sonra təsadüfən baş vermiş səhnəni tarixin təkrarı kimi paylaşmaqla Putinin diqqətinə nəyi çatdırmaq istəyib?
Tramp özünün “Truth Social” hesabında yazıb: “Rusiyaya hücum etmədən Ukraynanın qələbəyə şansı yoxdur, sıfırdır. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir. Bayden Ukraynaya döyüşmək imkanı vermədi, ancaq müdafiə olunmağa yardım etdi. Nəticədə də gördüyümüz nəticədir”.
Tramp həqiqəti deyib. Və tarixdən paralellər aparmaqla Putinin də nəzərinə onu çatdırmaq istəyib ki, SSRİ nüvə raketlərini çoxaltmaqla məşğul olanda Amerika bir dövlət kimi güclənməklə və gücü ilə dünyanın yeganə təhlükəsizlik zəmanətinə çevrilməklə məşğul idi. Nikson SSRİ kimi böyük bir imperiyanın rəhbəri Xruşşova bəzi mətləbləri anlatmağa çalışdığı kimi bu gün də Tramp təfəkkürü SSRİ-də qalmış Putinə həyatı anlatmağa çalışıb.
Alınacaqmı ya yox, zaman göstərəcək.