Uşaq, yeniyetmə futbolçuları məşq etməyə normal stadion, meydança tapmayan bir ölkənin bölgə klubu 5-də 5 edərək Avropanın (məncə, planetin) ən nüfuzlu və ən bahalı futbol turniri olan UEFA Çempionlar Liqasının bir addımlığına gəlməklə, yenə ağılla anlaşılan bütün məntiqi, riyazi, həndəsi, fiziki, fəlsəfi, sahəvi aksiomaları, teoremləri, standartları, hesab-dəftəri alt-üst etməklə, fenomenal nəticəyə doğru inamla və əzmlə qoşmaqdadır.
Hardan baxarsaq baxaq, çox böyük uğur və ağılları başdan alan nəticədir.
Bəlkə də çoxları anlamır nə demək istədiyimi, amma işin içində olan, tam mərkəzində olan adam kimi deyirəm bunu – qəribə və ağlasığmaz bir çizgi ilə Qarabağ FK Azərbaycan futbolunun qürurunu və heysiyyətini Avropa və dünya futbolunda qorumağı hələlik təkbaşına bacarır.
Qarabağ futbol klubu bu qələbələri ilə, son illərin bu dayanıqlığı ilə sanki üsyan edir, bağırır, qışqırır: dövlət, özəl sektor, iş adamları, federasiyalar, aidiyyatı ola bilən hər kəs:
– …mən tək qalmışam, gəlin, Azərbaycan futbolunu xilas edək, bataqlıqdan çıxaraq və yaşadaq, böyüdək, gerçək inkişafına yol açaq!
Heyfimiz gəlsin Azərbaycan futboluna və orada dürlü-dürlü xəyallar quran istedadlı balalarımıza!
Hər mənada, bütün səviyyələrdə, gəlin, adam kimi adam olaq, milli olaq, təşəbbüskar və təəssübkeş olaq, əl-ələ verib futbolumuzu sözün həqiqi mənasında sıfırdan, amma bu səfər əsaslı surətdə təmir edib, yenidən inşa edək.
Doğru strategiya, doğru yol, doğru adamlarla hər şeyi müsbətə dəyişmək heç vaxt gec deyil. Mümkündürmü? Mümkündür – istək olduqdan sonra hər şey mümkündür!
Ölkəmizdə yeni yetişən istedadlı nəsillərə, övladlarımıza, gələcəyimizə heyfdi, heç olmasa onlar üçün edək bunu…