Həbsdə olan müstəqil jurnalist Ülviyyə Əli ictimaiyyətə ünvanlanan məktub göndərib.
Tacxeber.com olaraq məktubu olduğu kimi təqdim edirik:
“Bu gün “Sputnik” əməkdaşlarının həbsindən ay yarımdan çox ötür. Onların həbsi ilə bağlı gülüşlə qarşıladığım yanaşmalardan biri, hökumətyönlü media orqanlarının müstəqil jurnalistlərlə “Sputnik” əməkdaşlarının həbslərini eyniləşdirməyə çalışmasıdır. Guya Kenan Evren kimi “birini sağdan asdıq, birini soldan asdıq” mesajını verirlər. Aydın məsələdir ki, onların da həbsi siyasi sifariş idi, lakin fərqimiz böyükdür. “Sputnik” jurnalistləri sifarişli jurnalistlərdir və ipləri öz əllərində olmayıb, biz isə heç kimin tapşırığını yerinə yetirmədiyimiz, müstəqil fəaliyyət göstərdiyimiz üçün həbs olunmuşuq. Ona görə də onlarla bizim həbsimizi eyniləşdirmək absurddur.
Digər bir gülünc məqam isə reportajlarda Rusiyadakı insan haqları, jurnalist həbslərindən danışarkən beynəlxalq hesabatlara istinad olunmasıdır. Həmin beynəlxalq hesabatlarda Azərbaycanla bağlı da vəziyyətin kritik olduğu öz əksini tapır, lakin gözardı edilir və hesabatlar qərəzli adlandırılır.
Reportajlarda hökumət “Sputnik” jurnalistlərlərini Federal Təhlükəsizlik Xidmətinin agentləri kimi təqdim edir. Azərbaycanda müstəqil jurnalistlərə qarşı repressiya dalğası başlayan zaman elə “Sputnik”də bizim həbsimizin labüd olması ilə bağlı tezis yazılaraq fətva verilmişdi.
Əslində bu bir etiraf sayılmalıdır, çünki bizim həbsdə olmağımız onu sübut edir ki, Azərbaycan dövləti Federal Təhlükəsizlik Xidmətinin tapşırığını icra edib”.