Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəliblər.
Bu barədə İran İslam Respublikasının rəsmi nümayəndə heyətinin tərkibində İrəvanda səfərdə olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq Tasnim agentliyinə müsahibəsində bildirib.
Sadeqin qeyd etdiyi kimi, Noraduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi, yük maşınları üçün rüsumlara yenidən baxılması ilə bağlı ilkin razılıqlar əldə olunub.
“Bu addımlar yükdaşıyanların işini asanlaşdıracaq və tamhüquqlu tranzit paketi formalaşdıracaq. Paket yaxın aylarda tamamlanacaq”, – iranlı nazir bildirib.
Onun sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. Sadiq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. İranda yol artıq Culfaya çatır və Culfa-İrəvan marşrutu təsdiqlənib.
Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum imzalamağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alsaq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəmdədir. Bu məqsədlə İranın cənubundakı Fars körfəzi və Oman dənizi sahillərindəki limanların logistik potensialından istifadə edilməsi planlaşdırılır.
“Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq”, – Sadiq qeyd edib.
Eyni zamanda, İrəvanda Fars körfəzi-Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.