Putin rejimi bu sahədə işini standart media propaqandası metodları ilə deyil, xüsusi xidmət üsulları ilə qurur.
Ukrayna müharibəsi haqqında yazanda çox vaxt belə reaksiyalar gəlir: “Boş şeydir, Rusiya ala-ala gedir…”
Rusiya təbliğatı bütün dünyada elə təsəvvür yaradıb ki, guya istəsə, sabah Kiyevə girə bilər. Belədirmi? Rəqəmlərə baxaq.
2022-ci ilin noyabr ayından bəri – yəni Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonrakı dövrdə Rusiya ordusunun bütün cəbhə boyu başladığı və hələ də davam edən genişmiqyaslı hücum əməliyyatları nəticəsində itirilən ərazilərin miqyası Ukraynanın ümumi ərazisinin 1 faizindən azdır. Yəni 2 il 9 aylıq (1010 gün) arasıkəsilməz hücumlar nəticəsində Rusiya Ukrayna ərazisinin 0,97%-ni (5 min 842 kv. km) işğal edə bilib. Əlbəttə, bu da az deyil. Lakin Rusiya bu nəticəni 3 ilə yaxın dövrdə ölü-yaralı yüz minlərlə əsgər, on minlərlə hərbi texnika itirərək, maddi baxımdan nəhəng xərclərlə əldə edib.
Hazırda Donbasın təxminən 7 min kv. km ərazisi Ukrayna ordusunun nəzarətindədir. 5842 kv. km ərazini işğal etmək üçün Rusiyaya 2 il 9 ay lazım olubsa, 7 min kv. km ərazini ələ keçirməyə nə qədər vaxt lazımdır? Bəlkə 2 il 9 aydan çox, bəlkə də əksinə, 2 il 9 aydan az, onu bilmirəm. Amma daha yüz minlərlə əsgər itkisinə, yüz milyardlarla dollar xərcə ehtiyac olduğu şübhəsizdir. Yeri gəlmişkən, Ukrayna ordusu bədnam İstanbul danışıqlarından sonra 7 ay ərzində 40 min kv. km ərazini işğaldan azad etmişdi. O vaxt ABŞ hərbi dəstəyi artırsaydı, qələbə əldə etmək mümkün idi. Lakin Bayden Putinin nüvə şantajından qorxaraq Ukraynaya hərbi yardımları azaltdı və Rusiyanın toparlanmasına şərait yaratdı…
Rusiyanın resursları böyükdür, amma sərhədsiz deyil. Rusiya, həmçinin Ukrayna bu templə müharibəni uzun müddət davam etdirə bilməzlər. Ona görə də, Putin Trampın köməyi ilə özü üçün mümkün qədər sərfəli şərtlərlə müharibəni bitirmək istəyir. Ukrayna isə ağır olmayan güzəştlərlə və təhlükəsizliklə bağlı tam etibarlı, hər hansı şübhəyə yer qoymayan “dəmir” zəmanətlər əldə etməklə sülhə razıdır.