Borca görə iki dövlət qurumu məhkəmədə çəkişir, xərci isə vətəndaş ödəyir.
Ağlasığmazdır, amma reallıq budur.
Qəribə bir tender elanı ilə rastlaşmışam.
Oxuyanda həm özümdən asılı olmayaraq gülümsədim, həm də düşündüm: bu necə ola bilər?
Vergi borcu ilə bağlı “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.
İndi isə məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan ediblər.
Tenderin adı isə tam bir “burokratik şah əsərdir”:
“Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin əsassız hesabladığı verginin silinməsi ilə əlaqədar məhkəmə müdafiəsinin təşkili”
Ehtimal olunan qiymət: 17.700 manat.
Düzü, indiyədək dövlət qurumları arasında müxtəlif məhkəmə çəkişmələri görmüşük, amma bu mövzuda, bu yanaşma ilə — ilk dəfədir.
Görəsən, öncədən bütün xərcləri bəlli olan bu dövlət qurumunun vergi borcu nə qədərdir ki, indi üstəlik 17 min manat da onun mübahisələndirilməsinə xərclənəcək?
Yəni borca görə bir dövlət qurumu digərinə qarşı vəkil tutacaq, haqqını ödəyəcək, amma bu pul da yenə büdcədən — yəni bizim cibimizdən çıxacaq.
Həm də maraqlıdır, dövlət qurumlarının çəkişməsi üçün nəzərdə tutulan bu yeni tipli xərc büdcə təsnifatında necə adlandırılacaq?
Mənim variantım: “Öz-özünlə dava xərci” və ya “büdcədaxili məhkəmə çəkişməsi xərci”
Hüquqşünaslar, büdcə mütəxəssisləri daha yaxşı bilər – bu nə dərəcə məntqlidir, görəsən büdcə tərtibatında bu tip xərclər ayrıca nəzərdə tutulurmu?