Türkiyə televiziyalarındakı siyasi tok-şoularda, müzakirə proqramlarında diqqət çəkən və Azərbaycan üçün təhlükəli olan bir bir məqam var. Bu proqramda iştirak edənlərin çox böyük əksəriyyətinin faşizmdən daha təhlükəli olan raşizmin lideri Putinə sevgi və hətta pərəstişini, Rusiyanın işğalçı siyasətinə qarşı Ukrayna xalqının rəşadətli müqavimətini təşkil edən Volodimir Zelenskiyə qarşı dərin nifrəti efirlərdən Azərbaycan cəmiyyətinə yayılır. Zelenski ilə yanaşı Qərb, xüsusilə də Böyük Britaniya və əfsanəvi baş nazir Boris Conson müharibənin əsas günahkarı kimi təbliğ olunur.
Erol Müterçimler adında keçmiş hərbçi, hazırda isə siyasi təhlilçikliklə məşğul olan biri var. İddia edir ki, müharibənin iki əsas günahkarı var: Zelenski və Conson.
Mütericmler Zelenski 2-ci dərəcəli serialların 3-cü dərəcəli aktyoru səviyyəsində siyasətçi olduğunu da iddia etməkdən çəkinmir.
Mehmet Okkan adlı istefada olan bir general isə Zelenski ilə Netanyahunu müayisə edirərək ikisinin eyni cinayətləri törətdiyinə və buna görə bir gün məhkəmə qarşısında cavab verəcəklərindən qorxduqlarını bildirir. Üstəlik bu zaman incə şəkildə onların ikisinin də eyni etnik mənşədən olmasına işarə edir. Bütün bunlar Türkiyə auditoriyası çərçivəsində qalsaydı, bu məsələyə vaxt ayırmazdım. Ancaq bütün bu fikirlər Azərabyacana da yayılır və ictimai rəyin təhlükəli istiqamətə yönlənməsinə səbəb olur.
“Şoumen: Dünyanı sarsıdan və Vladimir Zelenskini liderə çevrilən işğal” (The Showman: Inside the Invasion That Shook the World and Made a Leader of Volodymyr Zelensky) kitabının müəllifi Saymon Şuster son müsahibələrinin birində Zelenski haqqında belə deyir: “Zelenskini qiymətləndirməmək olmaz. O, kifayət qədər güclü, hiyləgər və ağıllı oyunçudur. O, artıq təcrübəli hərbi rəhbər və diplomatdır”.
Zelenskinin Ağ Evdə prezident Donald Trampın və vitse-prezident Cey Di Vensin qaba təzyiqi qarşısnda bir addım da geri atmaması, dövlətinin və xalqının maraqlarını mətanətlə müdafiə etməsi Şusterin dəyərləndirməsinin təsdiqidir.
Türkiyə televiziyalarının tirajladığı təhlükəli fikirlər Azərbaycan cəmiyyətində mənfi, hətta təhlükəli tendensiyaların yaranmasına səbəb ola bilər. Audiovizual Şuranın buna diqqət ayırmasının vaxtı çatmayıbmı?