Dövlət Dumasının deputatı və publisist Anatoli Vaserman 1867-ci ildə Rusiya imperiyasının Alyaskanı ABŞ-a niyə satdığını açıqlayıb.
“Satış zamanı Alyaskanın əsas qiymətli resursları demək olar ki, tükənmişdi. Digər resurslar, məsələn, neft və qaz, hələ heç kimin maraq dairəsində deyildi, çünki həmin vaxt onlara ehtiyac duyan sənaye sahələri mövcud deyildi”, – deyə o, “Tatar-inform” ilə söhbətində bildirib.
Vaserman əlavə edib ki, hərbi və logistika amili də rol oynayıb. Həmin dövrdə Rusiya imperiyası ilə Britaniya arasında münasibətlər yenidən gərginləşmişdi. “Alyaska Kanadaya yaxın yerləşir, orası isə Britaniyaya məxsus idi. Britaniyanın Alyaskaya hücum etməməsi üçün biz onu ABŞ sığorta şirkətlərində 7,2 milyon dollara sığortalatdıq. O zaman bir dollar təxminən 2 qram qızıl dəyərində idi, yəni məbləğ kifayət qədər böyük idi”, – Vaserman qeyd edib.
Onun sözlərinə görə, Londonla münasibətlər yenidən gərginləşəndə, rus tərəfi Alyaskanı ABŞ-a eyni qiymətə satmaq qərarına gəlib, yəni o məbləğ sığorta dəyərinə bərabər olub. “Qeyd edim ki, bu pul demək olar dərhal və ölkə üçün faydalı şəkildə xərcləndi. Biz həmin pulla Britaniyadan bir neçə yeni dəmir yolu üçün avadanlıq aldıq”, – deyə o yekunlaşdırıb.