29 C
Bakı
14 Avqust 2025 13:54
DünyaSiyasətTarix

Putinin “Rus Amerikası” adlandırdığı Alyaska – Sabahkı görüşdən nə gözləmək olar?

Krımın (Ukrayna) Alyaskanın satılmasında hansı rolu olub?

Tarixi və siyasi prizmadan.

Əslində, Alyaska uzun müddət Rusiya torpağı da olmayıb. Böyük bir buz parçası olan bu ərazilərdə bir neçə min yerli – eskimoslardan savayı – kimsə yaşamırdı.

Rusların əraziyə ilk gəlişi 1732-ci ildə çarın göstərişi ilə ekspedisiyaçı Aleksey Çirikovun başçılığı ilə baş tutur. Daha sonralar isə Rusiya tərəfindən yaradılan “Amerika-Rus” şirkəti bu ərazilərdə ticarətə başlayır (1799). Əraziyə ilk rus əhalisinin yerləşməsi isə 1770-ci illərə təsadüf edir. Yəni Rusiya təxminən 100 il boyunca bu ərazilərə sahiblik hüququna malik olur.

Krım müharibəsi (1853–1856)

Nə qədər təəccüblü olsa da, Alyaskanın satılmasına səbəb indiki Ukrayna ərazilərində gedən müharibə olmuşdur. Osmanlının, İngiltərənin və Fransanın birlikdə Çar Rusiyası ilə apardığı üç illik amansız müharibə – indiki kimi – Rusiyanı xeyli zəiflətmişdi. Rusiya kimi böyük bir imperiyanı qorumaq isə o dövr üçün çox ağır müdafiə, təhlükəsizlik və iqtisadi imkanlar bahasına başa gəlirdi.

Çar II Aleksandr başqa bir böyük təhlükəni də görürdü: ABŞ-da vətəndaş müharibəsi başa çatmış, ölkə vahid dövlətdə birləşmişdi. Rusiyanın zəifləməsi və İngiltərənin dünyada hegemon güc olması II Aleksandrı ABŞ-dan yana qərar verməyə məcbur etdi. O, bununla Britaniya təsirini azaltmaq və ABŞ-ın etimadını qazanmaq istəyirdi. Onsuz da müdafiəsini təşkil edə bilməyəcəyi ərazilərin gec-tez itkisi ilə daha ağır şərtlərlə barışmalı olacaqdı.

Bu məsələdə Şərqi Sibir qubernatorunun və qardaşı Konstantin Romanovun fəaliyyəti də az olmadı. ABŞ-ın Rusiyadakı səfiri ilə görüşən nazir ərazini cəmi 7,2 milyon dollara ABŞ-a təklif etdi. Bu məbləğ indiki kursla təxminən 100 – 150 milyon dollar dəyərindədir. Göründüyü kimi, bu, əslində simvolik bir qiymət idi. İran böyüklükdə ərazini azərbaycanlı xırdabaş bir məmurun villası qiymətinə satmağın səbəbləri təbii ki, yuxarıda sadalanan amillərlə bağlı idi.

Sövdələşmə 1867-ci il 18 oktyabrda baş tutdu. Sadə bir anlaşma gerçəkləşdi: ruslar ərazidən çıxdı, ABŞ orduları isə əraziyə daxil oldular. ABŞ-ın 49-cu və ən böyük ştatı olan Alyaska ilə ölkənin quru yolu yalnız Kanada üzərindəndir. Ərazi ABŞ-ın nəzarətinə keçdikdən qısa müddət sonra tədqiqatlara başlanıldı. Tezliklə buz örtüyü altında böyük təbii sərvətlərin mövcudluğu aşkarlandı.

Hazırda Alyaska hər il dünyaya Qətər və BƏƏ-nin birlikdə hasil etdiyindən çox neft satır. Ərazidə qızıl, təbii qaz, kömür və digər mineral elementlərin kəşfi ABŞ büdcəsinə hər il 60 – 70 milyard dollar gəlir gətirir.

Alyaskada sərt təbii şəraitə görə cəmi 750 min nəfər insan yaşayır. Sabahkı görüş isə Alyaska ştatının Ankoric şəhərinin məşhur “Joint Base Elmendorf – Richardson” bazasında keçiriləcək. Baza II Dünya müharibəsində əsas hərbi bazalarından biri olmaqla yanaşı, F-22 Raptorların saxlandığı az sayda aviabazadan biridir.

Görüşün niyə məhz Alyaskada keçirilməsi barədə isə müxtəlif mülahizələr var. Bəziləri bunu ABŞ – Rusiya sərhədinə yaxınlıqla, digərləri ABŞ-ın BCM-nin yurisdiksiyasına qoşulmaması ilə, başqa bir qrup isə Trampın bununla Putinə psixoloji və simvolik təsir göstərmək istəyi ilə əlaqələndirirlər.

İstənilən halda, görüş barədə razılıq əldə olunubsa, bu, haradasa baş tutmalı idi. Trampın isə hazırda bir arzusu var: Nobel Sülh Mükafatı. Artıq dünən sülh mükafatı üçün prosedur da başlanıb.

Amma reallıq odur ki, Rusiya- Ukrayna savaşı bu gün dünyada digər münaqişələr kimi sadə şəkildə həllini tapacaq bir məsələ deyil. Münaqişənin tərəfləri dünyanın əsas güc mərkəzləridir – Rusiya, Avropa İttifaqı, NATO və s. Dünən Avropa liderləri ilə görüşdə Zelenski yenidən bəyan etdi ki, Ukrayna onun və Avropanın razılığı olmadan heç bir danışıqlar nəticəsini tanımayacaq. Bu barədə onlar D. Trampla da danışıqlar aparıblar.

Əlbəttə ki, bütün bunlar, hakimiyyətinin sonuna 3 il qalmış və Nobel mükafatı üçün daxildən gecə-gündüz alovlanıb-yanan Trampın ürəyincə deyil. Putin də görünür ki, ona bu yolda kömək etmək niyyətində deyil. Çar II Aleksandrdan fərqli olaraq, güzəştə getməyə meylli olmayan KQB-nin keçmiş zabitinin kitabında kompromis məsələsi yoxdur. O, sadəcə, 8 avqustda bitən vaxtı uzatmaq və Trampla hansısa gizli sövdələşməyə ümid edir.

Belə olan halda isə Tramp istəsə belə gizli sövdələşməyə gedə bilməyəcək. 2 əsas səbəbə görə.

1. Avropa liderlərinin qətiyyəti və Zelenskinin dirənişi.

2. ABŞ dövlətinin gücü.

Trampın əlində imkan olsaydı, o, Rusiyadakı və bizdəki kimi bir ömür hakimiyyətdən əl çəkməzdi əlbəttə. Amma ABŞ nə Rusiyadır, nə də Azərbaycan. Azad məhkəmələr, konqres, senat vətəndaş cəmiyyəti, azad mətbuat, konstitusiya və dövləti dövlət edən bütün institutlar. Bütün bunlara görə Trampın bir ömürlük hakimiyyət istəyi mümkünsüzdür. Həmçinin istədiyini etmək imkanı.

Bildiyimiz kimi, ABŞ-da iki əsas siyasi partiya mövcuddur – respublikaçılar və demokratlar. Demokratlar daha çox beynəlmiləl, beynəlxalq siyasət xəttinə, respublikaçılar isə daxilə hesablanmış təcridçi siyasətə üstünlük verirlər. ABŞ yaranandan bu günə qədər də onlar bu xəttə sadiqdirlər. Heç kim şübhə etmir ki, növbəti dönəm demokratlar yenidən hakimiyyətə gələcəklər. Hətta indiki halda Tramp kimi şəxsin hakimiyyətdə olmasına, Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq istəməsinə baxmayaraq, elə dünən Azərbaycandakı insan haqqlarının acınacaqlı vəziyyəti ilə bağlı ABŞ Dövlət Departamenti geniş və məzmunlu hesabat ortaya qoydu.

Bütün bunları nəzərə alaraq demək olar ki, sabahkı görüşün Ukrayna savaşına böyük ölüçdə təsiri olmayacaq. Tərəflərin mövqeləri aşağı-yuxarı bəllidir. Sadəcə, proteksionist və özündən söz etdirməyi sevən şıltaq bir prezidentin bir-birini təkzib edən bəyanatları fonunda bu müharibə hələ bir müddət də davam edəcək. Necə ki, Rusiya 1856-cı ildə Krım müharibəsinin nəticəsində Alyaskanı satmağa məcbur olmuşdu, eləcə də yenidən güclü şəkildə zəifləyərək, bütün dünyanın Ukraynanın ərazisi kimi tanıdığı Krımdan və digər bölgələrdən, Suriyadan çəkildiyi kimi, geri çəkiləcək

Slava Ukraine.

Slava South Caucasus.

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

“Üçüncü Dünya müharibəsi sürətlə yaxınlaşır” – Məşhur nəşrin ANALİZİ

admin

Miqrantlardan qurtulmağın yolu: Britaniya bunun üçün milyardlar xərcləyir

redaktor

Paşinyan buna məcburdur: Zəngəzur açılmalıdır

redaktor