Mən tarixçi deyiləm, amma əgər dünya liderləri tarixə istinad edirlərsə, biz də tarixi hadisələri şərh etməliyik.
Sabah Alyaskada Tramp Putini qəbul edəcək və bu görüş ərəfəsində müəyyən tarixi hadisələri xatırlatmaq yerinə düşərdi.
Bir neçə gün əvvəl Tramp deyib ki, Rusiya Hitleri və Napoleonu məğlub etmiş ölkədir. Təbii ki, bununla o, Rusiya ordusunun “məğlubedilməzliyi”nə eyham vurmağa çalışırdı.
Napoleona gəlincə.
Rusiya məğlubiyyətdən sonra 1807-ci ildə Fransa ilə Tilzit sülhünü bağladı. 1811-ci ildə isə Aleksandr bu sülhü pozaraq, Napoleonun İspaniyada başının qarışmasından istifadə edib sərhəddə qoşun yığmağa və hücuma hazırlaşmağa başladı. Lakin Rusiyanın müttəfiqi olan Prusiya dəstəyini geri çəkdiyi üçün Aleksandr hücuma keçmədi, amma qoşunlar sərhəddə qaldı. Buna cavab olaraq, 1812-ci ildə Napoleon da qoşunlarını sərhəddə topladı. Rusiyanın Fransadakı səfiri Kurakinin diplomatik əlaqələrin kəsilməsi və faktiki müharibə elanı kimi qəbul edilən addımından sonra Napoleon hücuma başladı. Heç bir döyüşdə məğlub olmayan Napoleon Moskvaya qədər irəlilədi, ruslar isə şəhəri təslim etdilər, özü də 20 min yaralı ilə birlikdə. Soyuqlar səbəbindən Napoleon geri çəkilməyə məcbur oldu. Daha sonra isə Vaterlo döyüşündə Fransa, İngiltərə və Prusiyaya uduzdu.
İndi isə tarixi paralellərə baxaq, xüsusən də sabahkı Alyaska görüşü ərəfəsində diqqət yetirilməli məqamlara.
Napoleonun Rusiyaya qarşı davranışı və çara münasibəti ciddi səhvlərlə dolu idi. Onun əsas yanlışlığı qətiyyətsizlik idi: daim çarı sülhə meyl etdirməyə çalışırdı ki, sonra birlikdə britaniyalıları məğlub etsinlər. Çarı qıcıqlandırmamaq üçün uzun müddət Polşanın müstəqilliyini tanımağa cəsarət etmədi.
Bu, bu gün Trampın Putinlə danışıqları pozmamaq üçün ona qarşı tədbirləri hər cür məhdudlaşdırmasına, Putinin isə göz qabağında daha da azğınlaşmasına çox bənzəyir. Bonapartın hərəkətlərində qətiyyət çatışmırdı və bu, bugünkü Qərb, xüsusilə də Tramp üçün dərs olmalıdır.
Napoleon misalını Tramp Zelenskiyə yox, özünə gətirməlidir.