Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması tarixi hadisə oldu və ölkələrimiz arasındakı münasibətlərdə mühüm müsbət dəyişikliklərə yol açdı.
Əldə olunan razılaşma insanlar arasında müəyyən sualların yaranmasına gətirib çıxarıb.
Tərəflər bütün razılaşmaları yerinə yetirdikdən və hərtərəfli sülh müqaviləsi imzalandıqdan sonra yaxın gələcəkdə Azərbaycanın Ermənistanda, Ermənistanın isə Azərbaycanda səfirliklərinin açılması gözlənilirmi?
Tacxeber.com xəbər verir ki, “Caliber.az”da bir vaxtlar Bakının mərkəzində yerləşən Ermənistan səfirliyi ilə bağlı araşdırma dərc olunub.
Bu hadisə Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə baş verib.
O zaman Ermənistanın (həmin vaxt – Birinci Ermənistan Respublikası) Azərbaycandakı diplomatik nümayəndəliyi paytaxtımızın mərkəzində, Telefon küçəsi 5 ünvanında yerləşirdi.
Həmin vaxt diplomatik nümayəndə Q.A. Bekzadyan idi.
Müxtəlif dövrlərdə bu küçə Romanov prospekti, 28 Aprel küçəsi, Vilhelm Lindley küçəsi adlanıb.
Hazırda bu memarlıq binasının ünvanı – Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 5 (Rəşid Behbudov küçəsi ilə kəsişmədə, 23 nömrəli orta məktəbin yanında) kimi qeyd olunur.
Binanın memarlıq abidəsi statusu var. O, 1895–1898-ci illərdə Rusiya imperiyasında doğulmuş alman əsilli memar, dövlət müşaviri İohann Vilhelmoviç (xaç suyuna salındıqdan sonra – İvan Vasilyeviç) Edel tərəfindən layihələndirilib.
Qeyd edək ki, onun layihəsi əsasında Bakıda 20 bina tikilib, onlardan 14-ü bu günədək qorunub saxlanılıb.