Ötən cümə günü Ağ Evdə ABŞ, Azərbaycan, Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazın geosiyasi xəritəsində yeni bir epoxanın başlanğıcını simvolizə edir. Onilliklərdir davam edən münaqişə atmosferində belə bir formatda görüşmək tərəflərin strateji prioritetlərini yenidən tərtib etdiklərini göstərir.
Vaşinqton bu masa üzərindən regionda öz təsirini gələcək onilliklər üçün institusional çərçivəyə salmaq niyyətini nümayiş etdirir. ABŞ üçün bu razılaşma uzunmüddətli geosiyasi strategiyanın bir hissəsidir. Bu strategiya regionda güc balansını yenidən tərtib etmək, yeni iqtisadi və təhlükəsizlik arxitekturasının əsas sütunlarını müəyyənləşdirmək məqsədi daşıyır (Politico, 2025).
ABŞ strategiyasının daxili məhdudiyyətləri
Burada ABŞ üçün nəzərdən qaçmamalı bir məqam var: Vaşinqtonun qaydaları yazmaq iddiası yalnız xarici diplomatik aktivliklə məhdudlaşmır, daxili siyasi faktorlarla da bağlıdır. ABŞ-da 2026 Konqres seçkiləri və 2028 prezident seçkiləri fonunda Cənubi Qafqaz siyasətinə yönəlik diqqət dəyişə bilər. Ukrayna müharibəsinə ayrılan resurslar, Asiya-Sakit okean regionunda Çinlə strateji rəqabət və Yaxın Şərqdə davam edən gərginlik region üçün ayrılan maliyyə və diplomatik kapitalı məhdudlaşdıra bilər. ABŞ ictimaiyyətində Cənubi Qafqazın prioritetliyi zəifdir, bu isə kontinuiteti riskə atır.
Ancaq ssenari optimist müstəvidə davam edərsə, Vaşinqton Rusiyanın təsirini balanslaşdırmaq üçün real imkan əldə edəcək. Moskvanın 2020-ci ildən sonra bölgədə oynadığı vasitəçi rol, Ukrayna müharibəsi və daxili iqtisadi böhran nəticəsində zəifləyib. ABŞ bu zəiflikdən istifadə edərək, Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda strateji platformalar qurmaqla Kremlin “təhlükəsizlik monopoliyasını” qırmağa çalışa bilər.
Digər tərəfdən, bu razılaşma Çin və İran kimi oyunçulara qarşı geoiqtisadi üstünlük təmin edir. Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Cənubi Qafqaza daxil olmağa çalışır. Pekin üçün Cənubi Qafqaz Orta Dəhliz vasitəsilə Avropa bazarına çıxış nöqtəsidir. Çin liman, dəmir yolu, 5G və rəqəmsal infrastruktur yatırımları ilə regionda yumşaq gücünü möhkəmləndirir (Khar Center 2025). ABŞ-ın yeni qaydalar yazmaq cəhdi Pekinin uzunmüddətli iqtisadi nüfuzuna təhdid kimi görünür və Çin bunu dolaylı diplomatik balans siyasəti ilə neytrallaşdırmağa çalışa bilər.
İran isə həm Ermənistan, həm də Azərbaycanla tranzit əlaqələrində öz mövqelərini möhkəmləndirmək istəyir. Tehran faktiki olaraq üç əsas alətdən istifadə edir: Şimal–Cənub Nəqliyyat Dəhlizi, Ermənistanla qaz təchizatı müqavilələri və Azərbaycanla sərhəd boyu təhlükəsizlik təsir imkanları. ABŞ-ın dəstəyi ilə formalaşacaq yeni nəqliyyat dəhlizləri, enerji marşrutları və ticarət xətləri Pekin və Tehran üçün strateji məhdudiyyət yaradacaqdır.
Bundan əlavə, Vaşinqton üçün bu proses normativ təsir imkanı da yaradır. Tərəflərlə bağlanacaq ticarət, enerji və təhlükəsizlik razılaşmaları yalnız iqtisadi deyil, həm də geosiyasi standartların ixracını nəzərdə tutur. Bu, Qərb institutlarının regionda möhkəmlənməsi, ABŞ-ın diplomatik nüfuzunun uzunmüddətli qorunması və “oyun qaydalarının yazılmasında” lider mövqedə qalması deməkdir.
Beləliklə, Ağ Ev masasında əldə edilən sənəd Vaşinqtonun Cənubi Qafqazda struktur yaradan və qayda müəyyən edən strateji oyunçu kimi qalmaq planınından xəbər verir.
Ağ Ev sənədinin regional güc balansına təsiri
Azərbaycan bu razılaşma vasitəsilə tranzit yollarını şaxələndirəcək və xarici tərəfdaş dairəsini diversifikasiya edə biləcək. Əgər 2020-ci il hərbi qələbə idi isə, 2025-ci ilin Ağ Ev sənədi həmin qələbənin siyasi kapitala çevrilməsidir (Reuters, 2025). Bakı üçün bu Moskvanın təhlükəsizlik çətirindən imtina, Vaşinqtonun iqtisadi, hərbi və diplomatik platformasına addım atmaq cəhdidir. Daxildə isə bu sənəd hakimiyyət üçün legitimlik kapitalı rolunu oynayacaq, dövlət və əlaltı media vasitəsilə “diplomatik zəfər” kimi təqdim ediləcək. Lakin Moskva ilə gərginliyin artması yalnız diplomatik münasibətlərin soyuması ilə məhdudlaşmır, həm də strateji nəqliyyat və ticarət marşrutlarının, xüsusilə də şimal istiqamətindəki dəmir yolu və avtomobil yollarının təhlükəsizliyini riskə atır. Rusiya ilə qarşıdurma fonunda bu marşrutların bağlanması və ya məhdudlaşdırılması ehtimalı Bakı üçün logistika və tədarük zəncirlərində ciddi fasilələr yarada bilər. Bundan əlavə, enerji bazarlarında mövcud qarşılıqlı asılılıq Moskva tərəfindən siyasi təzyiq vasitəsinə çevrilə, Azərbaycan iqtisadiyyatına dolayı zərbələr vura bilər.
Ermənistan isə razılaşmadan iqtisadi və müəyyən qədər təhlükəsizlik zəmanətləri qazanır. Bu, uzun illər davam edən iqtisadi blokadanın yumşalması, sərhədlərin açılması və Qərb investisiyalarının cəlbi demək ola bilər. Bu dividendlərin reallaşması üçün Ermənistanın hüquqi-institusional islahatlar aparması, Rusiya ilə enerji asılılığını mərhələli şəkildə azaltması zəruridir.
Lakin bu dividendlərin arxasında ciddi humanitar və hüquqi boşluqlar qalır: müharibə qaçqınlarının geri dönüş mexanizmi, mədəni irsin qorunması, həbsdə olan keçmiş DQMV seperatçılarının taleyi kimi məsələlər imzalanan sənədlərdən tamamilə kənarda qalıb (en.arovat.am, 2025). Bu, Yerevan üçün daxili siyasətdə ağır diskussiya və diaspora təzyiqi yaratmaq potensialındadır.
Bütün bunlar, Rusiyanın bölgədəki “təbii vasitəçi” mövqeyinin tənəzzülü fonunda baş verir. Kreml artıq nə Ermənistanın təhlükəsizliyinə tam zəmanət verə bilir, nə də Azərbaycan üzərində həlledici təsirini qoruyur (nestcentre.org, iyul 2025). Bu, regional güc balansında yeni bir dinamikanın formalaşmasıdır: Ağ Ev regiona yeni siyasi nəfəs verir, Bakı və Yerevan isə bu nəfəsi öz maraqlarına uyğun filtrdən keçirməyə çalışır.
Rusiya: İtkilər və təzyiq alətləri
Ağ Evdə imzalanan çərçivə razılaşması Moskva üçün strateji məğlubiyyət elementləri daşıyır. Kreml uzun illər Cənubi Qafqazda “yeganə təhlükəsizlik zəmanətçisi” və əsas vasitəçi rolunda çıxış edərək həm Ermənistanı, həm də Azərbaycanı öz təsir dairəsində saxlayırdı. Bu format ilk dəfədir ki, ABŞ-ın yüksək səviyyəli diplomatik təşəbbüsü ilə faktiki kənara itələnir. Təsadüfi deyil ki, Rusiya XİN sözçüsü Zaxarova məsələyə dair açıqlamasında sülhün əsasən regional aktorlar – Rusiya, İran və Türkiyə kimi ölkələrin iştirakı ilə, balanslı şəraitdə qurulmasının zəruriliyini vurğulayır. Xaricdən, yəni Qərbdən gələn təşəbbüslərin regional oyunçuları “kənara itələyə” biləcəyini etiraf edir (REN TV, 09 avqust 2025).
Vasitəçilik monopoliyasının itirilməsi
Moskva üçün ən ciddi zərbə Qarabağ münaqişəsinin və sonrakı sülh gündəminin artıq Kremlin vasitəçiliyi olmadan irəliləməsidir. Bu, həm siyasi nüfuzun, həm də regionda “təhlükəsizlik arxitekturasını dizayn edən” əsas oyunçu statusunu itirmək deməkdir. Ağ Ev görüşü, Rusiya diplomatiyası üçün konkret funksional itkidir.
Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşma siyasəti, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələrini dayandırması, Moskvanın Yerevana qarşı etimadını minimuma endirib. Kremlin baxışında Ağ Ev razılaşması, Ermənistanın “strateji xəyanətinin” növbəti təsdiqi kimi görünür.
Azərbaycan–Rusiya münasibətləri son illərdə artan gərginlik və etimad böhranı fonunda formalaşır. Enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq hələ davam etsə də, Bakının ABŞ vasitəçiliyi ilə əldə etdiyi strateji üstünlüklər Kreml üçün açıq təhdiddir. Bu şəraitdə Kreml balansı qorumaq üçün artıq praqmatik tərəfdaşlıq ritorikasından çox, təzyiq alətlərinə söykənən siyasət yürüdəcəkdir. Nəticədə Azərbaycan–Rusiya münasibətləri artıq geosiyasi qarşıdurma elementləri daşıyan mürəkkəb bir oyun meydanına çevriləcəkdir.
Təzyiq alətləri və mümkün cavab addımları
Moskva regiondakı nüfuzunu qorumaq üçün bir neçə alətdən istifadə edə bilər:
-
Ermənistan iqtisadiyyatında və enerji infrastrukturunda mövcud asılılıq.
-
Azərbaycanla şimal marşrutları və təhlükəsizlik əməkdaşlığı.
-
Qarabağ sonrası humanitar məsələlərdə təsir imkanları (qaçqınlar, minaların təmizlənməsi).