Vladimir Putinin Zaporojye və Xerson vilayətlərindəki Rusiya hücumlarını dayandırmağa hazır olduğunu bildirməsi ABŞ tərəfindən həmin bölgələrdən geri çəkilmək kimi anlaşılıb.
Bu barədə “The Washington Post” yazıb.
Danışıqlar prosesindən məlumatlı mənbənin sözlərinə görə, bu, Vaşinqton və Avropada Kremlin sülh təklifləri ilə bağlı qarışıqlığa səbəb olub.
Məlumata görə, Rusiya tərəfi Kiyevə atəşkəs müqabilində Ukraynanın şərqində yerləşən Donbas bölgəsindən – yəni Luqansk və Donetsk vilayətlərindən – imtina etməyi təklif edib. Lakin Kreml bu qarşılıqlı razılaşmada əvəzində heç bir güzəşt göstərməyib və güzəştli addımlar atmaq niyyətində olmadığını nümayiş etdirib.
Mənbə həmçinin vurğulayıb ki, Kreml Xerson və Zaporojyedəki işğal olunmuş əraziləri geri qaytarmaq barədə düşünmür. Çünki Rusiya ordusunun bu bölgələrdə əldə etdiyi hərbi uğurlar Moskva üçün strateji baxımdan mühüm sayılan və işğal altındakı Krımı materik Rusiya ilə birləşdirən “quru körpü” rolunu oynayır.
Analitiklər hesab edirlər ki, Putinin bu təklifləri, əslində, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində ciddi irəliləyiş əldə etməsinə imkan vermir. Əksinə, Moskvanın mövcud işğal xəttini “dondurulmuş münaqişə” statusuna gətirməklə uzunmüddətli strateji üstünlüyünü qorumağa çalışdığı düşünülür.