Volodimir Alyaskada gözləyəcək: Tramp və Putin masaya oturur, Ukrayna kənarda qalır?
15 avqustda ABŞ-ın Alyaska ştatında keçiriləcək Donald Tramp–Vladimir Putin görüşü ətrafında diplomatik kulislərdə gərginlik artır.
CNN və “Reuters”in Ağ Ev mənbələrinə istinadən yaydığı məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenskinin də Alyaskada olması ehtimalı yüksəkdir.
Lakin mənbələr bildirir ki, onun əsas danışıqlarda iştirakı gözlənilmir — Zelenski yalnız Tramp və Putin arasında baş tutacaq görüşdən sonra bəzi toplantılara qatıla bilər.
Ağ Evin adının açıqlanmasını istəməyən rəsmisi CNN-ə deyib ki, “hər hansı Zelenski görüşü, çox güman, liderlərin əsas müzakirələrindən sonra keçiriləcək”.
Bu isə Kiyevdə və Avropa paytaxtlarında narahatlıq yaradıb. Ukrayna və Avropa İttifaqı liderləri bəyan ediblər ki, istənilən sülh razılaşması Ukraynanın iştirakı olmadan və ərazi bütövlüyünə hörmət edilmədən mümkün deyil.
“Reuters”yazır ki, Tramp–Putin dialoqunda “ərazi dəyiş-dolaş” ideyası da gündəmdədir. Bu variant Ukrayna tərəfi üçün qəbuledilməz sayılır və Zelenski də açıq şəkildə “heç bir qarış torpaq işğalçıya verilməyəcək” deyib. Avropa liderləri isə Trampın mövqeyinə ehtiyatla yanaşır və Putinə veriləcək güzəştlərin gələcəkdə təhlükəli presedent yaradacağını bildirirlər.
Alyaska görüşü həm simvolik, həm də strateji əhəmiyyət daşıyır: Rusiya lideri illər sonra ilk dəfə ABŞ torpağına ayaq basacaq, Tramp isə özünü “dünyada sülhü təmin edəcək yeganə lider” kimi təqdim edəcək. Lakin Zelenskinin kənarda qalması ehtimalı Qərbin bir çox dairələrində bu görüşün “Ukraynasız Ukrayna sülhü”nə çevrilə biləcəyi narahatlığını gücləndirir.