Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ evdə Ermənistan və Azərbaycan liderləri ilə birgə bəyannamə imzalayıb. Bu sənəd sülh sazişi deyil, amma iki ölkə arasında sülh sazişinin yekunlaşdırılması və ratifikasiya olunmasının vacibliyini təsdiqləyir; ATƏT-in Minsk Qrupu buraxılması barədə razılıq əldə edilib; Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavına çıxışını təmin edəcək əsas tranzit dəhlizi yaradılır və “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” adlandırılır. Gələcək qarşıdurmalardan imtina edilir. ABŞ hökuməti həmçinin Azərbaycana birbaşa hökumət yardımını qadağan edən 907-ci düzəlişin icrasını dayandırır. Bu düzəlişi əslində Konqres ləğv etməlidir, amma Co Bayden administrasiyasından öncəki hökumətlər də onu tətbiq etmirdilər.
Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçera deyir ki, bu sammit sülh prosesində irəliyə addım olsa da, əldə olunan razılaşmalarla bağlı xeyli suallar var.
“Ağ Evdə razılaşdırılan məsələlərin çoxu əslində Ermənistan və Azərbaycanın artıq prinsipial razılıq əldə etdiyi məqamların yenidən təqdimatı idi. Bakı və Yerevan bu addımı atmaqla Trampla münasibətləri yaxşılaşdırmaq, ona aralarındakı vasitəçi və sülhməramlı kimi təqdim olunacaq bir rol vermək istəyib”, – deyən təhlilçi sülh sazişinin hələ də imzalanmadığını vurğulayır. Onun fikrincə, Azərbaycanın Ermənistana konstitusiyanı dəyişməklə bağlı tələbi bu prosesi poza bilər.
Prezident İlham Əliyev isə avqustun 8-də deyib ki, sülh sazişinin ABŞ-də paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır: “Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik”.
“Əliyevin bu konsorsiuma nə aidiyyatı var?”
Ermənistandan Azərbaycanla danışıqlar üzrə işləmiş Edmon Marukyan deyir ki, TRIPP-lə bağlı razılaşmanın Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də imzalanması böyük narahatlıq doğurur, çünki bu halda Azərbaycan Ermənistan ərazisindən keçən kommunikasiya əlaqəsində maraqlı tərəfə çevrilir:
“Bu o deməkdir ki, Ermənistan öz ərazisindən keçən kommunikasiya xətti üzərində Azərbaycan dövlətini maraqlı tərəfə çevirir. Bu isə nə Konstitusiyamızda, nə qanunvericiliyimizdə nəzərdə tutulub və bunu hətta ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil”, – o əlavə edib.
“Əliyevin Ermənistan ərazisindən keçəcək kommunikasiya xətti konsorsiumuna və ya ABŞ-ın eksklüziv iqtisadi hüququnun tətbiqinə nə aidiyyəti var ki, o, bu prosesdə bir maraqlı tərəf olmalıdır? Bu, mənim ilk reaksiyamdır. Əslində bu, göstərir ki, Azərbaycan Prezidentinin həmişə təkid etdiyi kimi, [azərbaycanlılar] Ermənistan ərazisindən keçə biləcəklər və Ermənistan sərhədçiləri, gömrük xidməti onların qarşısına çıxmamalıdır”, – E.Marukyan əlavə edir. O, bir məqama da diqqət çəkir ki, Ermənistan 10 noyabr, 2020-ci il atəşkəs bəyanatına da imza atıb və imzasını geri götürməyib. İndi isə başqa bir sənəddə də eyni məsələ nəzərdə tutulub: “Təsəvvür edirsinizmi nə baş verir?”
2020-ci ilin 44 günlük İkinci Qabrabağ müharibəsini dayandıran 10 noyabr bəyanatında da Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan marşrutdan söz açılır. Həmin sənəddə bu marşrutun təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) təmin etməlidir.
Rusiya hələlik, 8 avqust bəyannaməsinə reaksiya verməyib.
“İranın yerində olsaydım, buna icazə verməzdim”
ABŞ-nin Azərbaycanda səfiri olmuş Riçard Kozlariç Rusiyanın bu prosesdəki rolundan könüllü imtina etdiyini düşünmür. Çünki Moskva indiyədək sülh sazişində yalnız Rusiyanın vasitəçiliyi ilə irəliləyiş ola biləcəyini bildirib.
TRIP layihəsinə gəlincə, keçmiş səfir müəyyən mərhələdə Türkiyənin də bu prosesə daxil ediləcəyini deyir, çünki bu layihənin ona birbaşa təsiri var: “Avropanın da müəyyən iştirakı ola bilər, amma çox güclü olacağını gözləmirəm”.
“907-ci düzəliş”in tətbiqinin dayandırılması məsələsində isə R.Kozlariç bir qədər ehtiyatlı olmağa çağırır, çünki prezident Konqresin iştirakı olmadan qanunvericiliyə əsaslı dəyişiklik edə bilməz: “O, bu maddənin tətbiqini dayandıra bilər, əvvəlki prezidentlər də bunu ediblər. Tramp da ilk müddətində bunu etmişdi. Bu, Baydenin yanaşmasından fərqlənir, amma Konqresin birbaşa təsdiqi olmadan bundan daha artıq addım atmaq çətindir”.
İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayır, amma öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici müdaxilədnin doğura biləcəyi mənfi nəticələrdən narahatlığını da bildirib.
Keçmiş səfir R.Kozlariç deyir ki, İranın Azərbaycanın onun ərazisindən Naxçıvana mal daşımasına icazə verməyə davam edəcəyi sual altındadır:
“İranın yerində olsaydım, buna icazə verməzdim, çünki bu, mesaj göndərmək üçün bir təzyiq vasitəsidir. Onlar başqa addımlar da ata bilərlər, məsələn, sərhəddə hərbi təlimlər keçirmək, Xəzərdə fəaliyyət göstərmək və s. Rusiya və İran həm Azərbaycanın “Orta Dəhliz” planına, həm də enerji əməliyyatlarına təzyiq göstərə bilər”.
Keçmiş səfir deyir ki, bundan sonrakı mərhələdə Rusiya və İranın atacağı addımlar, eləcə də Tramp-Putin arasında hər hansı görüş və ya razılaşma, Rusiyanın Ermənistan-Azərbaycan prosesinə münasibətinə birbaşa təsir göstərə bilər. (Azadlıq Radiosu)