Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını ürəkdən alqışlayıram. Əslində bu hadisə çoxdan baş verməliydi, lakin bu proses uzun zaman Putinin diktəsi ilə yubadılırdı. Həmçinin Bayden administrasiyasının Azərbaycanda demokratiya və insan haqlarıyla bağlı haqlı tələblərinə görə də ABŞ-dan gələn sülh çağırışlarına məhəl qoyulmurdu. Həm həbsimdən əvvəl, həm də həbsdə olduğum müddətdə bu sazişin mümkün qədər tezləşdirilməsi haqda dəfələrlə münasibət bildirmişəm.
Son vaxtlara qədər Azərbaycanın rəsmi təbliğatı israr edirdi ki, Ermənistanın ABŞ və Avropa Birliyi ilə siyasi, iqtisadi və hərbi əlaqələrini dərinləşdirməsi ölkəmiz üçün təhdid yaradır. Guya ki, Qərb Ermənistanı Azərbaycana qarşı gücləndirirdi. Həmişə rəsmi təbliğatda deyilirdi ki, sülh prosesində ancaq region dövlətlər iştirak etməlidir, regiona dəxli olmayan dövlətlərin burada rolu olmamalıdır. Üstəlik də deyirdilər ki, Zəngəzur dəhlizinə 10 noyabr sazişinin 9-cu bəndinə görə Rusiyanın FSB-i nəzarət etməlidir.
İndiyədək Zəngəzur dəhliziylə bağlı məsələ belə idi. Amma nəhayət ki, Donald Trump ortaya qəti mövqe qoydu və İlham Əliyev də son zamanlar dünyada baş verən prosesləri dəyərləndirərək təkliflə razılaşdı. Əgər o, bunu ABŞ-ın demokratiya və insan haqları tələblərindən imtina etməsi müqabilində edibsə, bu, çox xoşagəlməz məqamdır. Təəssüf ki, ilk baxışdan bunun belə olduğu görünür. Amma əsl həqiqət sonra üzə çıxacaq.
Trump bizim bir ehtimalımızı da təsdiqlədi. Rəsmi təbliğata görə Əbu-Dabi görüşü heç kəsin vasitəçiliyi olmadan, İlham Əliyevin müstəqil qərarı ilə baş tutmuşdu. Amma Trump bildirdi ki, həmin görüşü də o, təşkil edibmiş.
ABŞ-la strateji sazişin imzalansı mühümdür və böyük uğurdur. Eyni zamanda 907-ci düzəlişin ləğvi də çox sevindiricidir və uğurdur. Bundan sonra Ermənistanla münasibətlərimizi yaxşılaşdırmağa çalışmaləyıq. Əbədi düşmənçilik zərərli işdir. Maraqlıdır, görəsən, Trumpın sülh zolağı ilə Naxçıvana gediş-gəliş başlayandan sonra İlham Əliyev quru sərhədlərimizi yenə də bağlı saxlayacaqmı?