Yeni bir trend qazaxıstanlı qızlar tərəfindən sürətlə yayılıb. Qardaş respublikadan olan turistlər böyük qruplarla Azərbaycana gəlirlər. Burada sosial şəbəkələr üçün reels videolar çəkir, səfər təəssüratlarını bölüşür və həmvətənlərini “küləklər şəhəri”ni mütləq bir dəfə ziyarət etməyə çağırırlar. #bakuiscalling
haştaqlı çelenc bütün platformalarda populyarlıq qazanıb.
Qazax qızları etiraf edirlər ki, Azərbaycana təyyarə bileti onların ölkəsindəki restoran hesabından daha ucuzdur. Bir tərəfə uçuş maksimum 500 manat tutur. Yerli restoran və otellərdəki qiymətlər onları xoş şəkildə təəccübləndirib. Maraqlı məkanlar və nəfəskəsici mənzərəli görməli yerlər turistləri valeh edir — buradan ayrılmaq istəmirlər.
Gözlənilənlərin əksinə olaraq, Azərbaycan onların düşündüyü kimi konservativ ölkə deyilmiş. Burada rahatlıqla barlara gedə bilir, təhlükəsizlikdən narahat olmurlar. Ən əsası isə – qazax qızları buradan pozitiv emosiyalar və kişi komplimentləri ilə dolu bir çanta ilə ayrılırlar. Onlara göstərilən diqqət əsl qonaqpərvərlik hissi yaradır. Qeyd edirlər ki, diqqət çəkmək üçün bəzənməyə belə ehtiyac yoxdur. Bütün bunları sosial şəbəkələrdəki hesablarında paylaşırlar.
Azərbaycandan da zarafat edirlər: Bakıda havalar yox, qazax qızları ucbatından daha da istiləşib.
Bir çox turist artıq ikinci, hətta üçüncü dəfə gəlir, özü ilə dost və qohumlarını da gətirir. İyul ayında qazaxıstanlılar öz rekordlarını qırıblar: təkcə ötən ay Bakıya 11 min nəfərdən çox qazax gəlib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 10,7 min idi. Artımın bir səbəbi də 27 iyulda Bakıda baş tutan Castin Timberleykin konsertidir. Lakin konsertdən sonra da turist axını səngiməyib.
Bu arada, qazaxıstanlılar Bakıya uçarkən, azərbaycanlılar da Almatıda keçiriləcək Cennifer Lopezin konsertinə hazırlaşırlar.