Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlaşır. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nariman Celal “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Prezident Volodimir Zelenski Ərdoğana şəxsən dəvət göndərib və Türkiyə lideri son görüşlərindən birində bu dəvəti təsdiqləyib.
“Bu səfərin həyata keçirilməsi üçün böyük səylər tələb olunur, çünki onu reallaşdırmağa mane olan bir çox məsələ var”, – deyə Celal vurğulayıb.
Onun sözlərinə görə, səfərin əsas mövzusu iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.
“Prezident Zelenskinin dəvəti çox sadədir: Türkiyə azad ticarət sazişinin imzalanmasında maraqlıdır. Bu saziş bizim biznesimizin əhəmiyyətli hissəsi üçün vacibdir, baxmayaraq ki, bəziləri üçün rəqabətin artması səbəbindən müəyyən gərginlik yarada bilər. Lakin bu, siyasi qərardır. Prezident Zelenski təklif edib ki, Ərdoğanın səfəri zamanı bu saziş ratifikasiya edilsin. Bu, həm gözəl, həm də simvolik addım olardı”, – deyə səfir əlavə edib.