…Malı²… şəkilçisini, yaxud texniki ifadələri dilin içində sıxmaq, əzmək istəmirəm. Bu, bir seçimdən çox, zərurətdir. Çünki bu gün bir çox yazıçımız mühəndisə, hüquqşünasa yuxarıdan baxır, lakin onların istifadə etdiyi peşə sözlərini, ədəbi normaya uyğun terminləri ya anlamır, ya da qorxur.
Əziz qələm dostum, yazıçı adını daşıyırsınızsa, gəlin birlikdə düşünək: Siz o hüquqşünasın, o mühəndisin gündəlik ünsiyyətdə istifadə etdiyi sözləri, terminləri nə dərəcədə anlayırsınız? Unutmayın, yazıçı təkcə hekayə danışan deyil, yazıçı-şair, əslində, dilin özüdür. Dilin yaddaşıdır. Bəs necə olur ki, bu yaddaşın bir hissəsi olan terminlər sizə yaddır?
Bəziləri deyə bilər ki, bu texniki sahədir, ədəbiyyata aidiyyəti yoxdur. Amma gəlin Çingiz Aytmatovun …Gün var əsrə bərabər… romanını xatırlayaq. Orada aerodrom quruluşu, mühərrik çəkisi, orbital trayektoriya, raketçiliklə bağlı ifadələr poetik təsvirin bir parçasına çevrilir. Elə Remarkın əsərlərində də anesteziya proseduru, sanitariya qovşağı və qan dövranı kimi ifadələr insan taleyinə bədii fon yaradır. Yazıçı bunlardan çəkinmir, əksinə, məna, ruh, kontekst bəxş edir.
Yadda saxlayaq: ədəbiyyatı olmayan dilin elmi də olmaz.
Yazıçı dili yalnız danışmaq üçün yox, həm də inkişaf etdirmək üçün daşıyır. Əgər hüquqşünas məhkəmədə …prosesual norma…intellektual mülkiyyət, konstitusiya əsasları deyirsə, bu terminlər yazıçı üçün yad olmamalıdır. Yoxsa müasir insanın həyatını necə yazacağıq?
Eləcə də bir mühəndisin dilində tez-tez eşidilən …sınaq test… rezonans tezliyi, konsol konstruktoru, kavitasiya effekti, elastiklik modulu kimi ifadələr yazıçının da söz ehtiyatında olmalıdır. O zaman həmin anlayışlar insan psixologiyası, əxlaqı, duyğuları ilə toxunaraq ədəbiyyatın içində yeni bir nəfəs qazanacaq.
Unutmamalıyıq ki, bədii dil sadəcə bəzəkli sözlər toplusu deyil. Bədii dil çobanla hüquqşünasın, mühəndislə evdar qadının, uşaqlarla alimlərin danışığını eyni məna içində daşıya bilən bir ruh sistemidir. Bu dili genişləndirmək, onu bütün sosial təbəqələrin həyatına açmaq yazıçının borcudur.
Əgər bu bacarıq yoxdursa, o zaman sabahın dilini hüquqşünaslar, mühəndislər, həkimlər yazacaq. Yazıçı isə özünü kənarda tapacaq təkrara düşən, yalnız öz çevrəsinə danışan bir “həndəvər ədəbiyyatı” içində.
Bu gün Azərbaycan dili və əlifbası günüdür. Gəlin dilimizi yalnız qorumaqla deyil, onu inkişaf etdirməklə də sevək. Onun içinə yeni sözlər gətirək, mövcud sözləri dərinləşdirək. Çünki dilin elmi də, hüququ da, texnikası da yazıçının qələmi ilə mənalandıqda ədəbiyyata çevrilir.
Hörmətlə: Cavid Fərzəli