Qafqaz regionunda azad söz demək olar ki, istisnadır. Azərbaycanda sərt avtoritar rejim altında müstəqil jurnalistika təkcə qadağan edilməyib, həm də sistemli şəkildə cəzalandırılan fəaliyyətə çevrilib. Gürcüstanda isə son illərdə hakimiyyət medianı siyasi alətə çevirməklə ictimai narahatlıq yaradıb. Şimali Qafqazda azad söz faktiki olaraq mövcud deyil. Belə bir mənzərədə Ermənistan bölgədə yeganə ölkədir ki, müstəqil medianın mövcudluğu, araşdırma jurnalistikasının fəaliyyəti və ifadə azadlığı yalnız formal yox, real şəkildə təmin olunub.
Bu fərqin kökləri təkcə qanunvericilikdə deyil, siyasi iradədə, cəmiyyətin gözləntilərində və medianın institut kimi formalaşmasındadır. Ermənistanda azad medianın son illərdə möhkəmlənməsi, jurnalistlərin senzurasız işləyə bilməsi və hökumətə qarşı sərt tənqidlərin geniş yayılması bütün Qafqaz üçün istisnadır. Bu dəyişimin arxasında duran əsas siyasi fiqur jurnalistlikdən siyasətə keçmiş Nikol Paşinyandır.
Paşinyan siyasətə gəlməzdən əvvəl tanınmış media siması kimi senzura və təzyiqlərlə qarşılaşıb. “Haykakan Zhamanak” qəzetinin baş redaktoru kimi uzun illər mübarizə aparıb. 2018-ci ildə “məxməri inqilab”ın lideri olaraq hakimiyyətə gəldikdən sonra azad medianın müdafiəsini həm siyasi, həm də şəxsi prinsipə çevirdi. Onun rəhbərliyi ilə Ermənistan senzura mexanizmlərini aradan qaldırdı, medianın inzibati təzyiqlərə məruz qalmasına səbəb olan hüquqi məhdudiyyətləri yumşaltdı və medianın maliyyə müstəqilliyini artırmaq üçün islahatlar həyata keçirdi.
Bu iradə Ermənistanın beynəlxalq reytinqlərdə sürətli yüksəlişinə səbəb oldu. “Sərhədsiz Reportyorlar” təşkilatının 2025-ci il Media Azadlığı İndeksinə görə, Ermənistan 180 ölkə arasında 34-cü yerdə qərarlaşıb. Müqayisə üçün: Gürcüstan 114-cü, Azərbaycan isə 167-ci yerdədir. Bu fərq təkcə statistika deyil, həm də regionda medianın real vəziyyətini əks etdirən obyektiv göstəricidir.
Hazırda Ermənistanda onlarla müstəqil media qurumları hökumət daxilində korrupsiya iddialarını, müharibə ilə bağlı qərarları və təhlükəsizlik məsələlərini araşdırmaqda sərbəstdirlər. Bu cür açıq və institusional müstəqillik Qafqazda başqa heç bir ölkədə mövcud deyil.
Qafqazda jurnalist olmaq çox zaman həyatını riskə atmaq deməkdir. Hazırda Azərbaycanda 30-dan çox jurnalist həbsdədir və bir çoxları sürgündədir. Gürcüstanda jurnalistlərə qarşı zorakılıq halları artır. Şimali Qafqaz isə uzun illərdir repressiv bir “qara zona” kimi qalır. Ermənistan isə jurnalistlərin sərbəst fəaliyyət göstərə bildiyi, söz azadlığının institusional səviyyədə müdafiə olunduğu yeganə ölkə kimi seçilir.
Bu model yalnız Ermənistan üçün deyil, bütün region üçün nümunə ola bilər, əgər siyasi iradə, ictimai dəstək və jurnalist cəsarəti bir araya gələrsə.Azad mətbuat təkcə demokratiyanın sütunu deyil, həm də onun canlı sübutudur. Ermənistan bu sübutu təqdim edən yeganə Qafqaz ölkəsidir. Bu, yalnız Paşinyanın şəxsi keçmişi ilə deyil, həm də onun hakimiyyətinin azad medianın qorunmasına verdiyi davamlı dəstəklə izah olunur.
Mən, siyasi mühacir və jurnalist olaraq, azad medianın nə qədər həyati, eyni zamanda nə qədər təhlükəli fəaliyyət olduğunu yaxşı bilirəm. Ermənistan təcrübəsi göstərir ki, Qafqazda azad söz mümkündür, sadəcə bunun üçün siyasi iradə, cəsarətli jurnalistlər və prinsipial cəmiyyət lazımdır.