Caliber yazır ki, guya Rusiya 102-ci baza üzərindən Paşinyanı devirmək, sonra isə Ermənistana silah verib Azərbaycanla yeni müharibə başlatmaq istəyir. Aydındır ki, bu, içiboş iddia prezident aparatında hazırlanıb. Məqsədinin nə olmasını təhlil etmək üçün əlimizdə hansısa informasiya yoxdur. Ona görə mən iddianın özünü təftiş etməyə üstünlük verirəm.
– Birinicisi, Rusiya Ukraynada ilişib qalıb Cənubi Qafqazda ikinci cəbhə açacaq qədər dəliliyə qol qoymaz.
– İkincisi, Gümrü bazası çevriliş üçün zəif alətdir. Erməni siyasi mədəniyyəti küçə toqquşmasına qarşıdır. Belə bir ssenari Kremlin Ermənistandan tamamilə çıxarılması ilə nəticələnər.
– Üçüncüsü, Ukrayna bataqlığında çabalayan Kremlin Ermənistana yönəlik məqsədi Paşinyanı devirməkdən daha çox, balanslı oynamaqdır. Enerji, iqtisadi və elita şəbəkələri ilə öz təsirini qorumaq.
Azərbaycanla müharibə iddiası isə tam xülyadır. Ermənistan ordusu zəif, Azərbaycan isə 2020-dən qat-qat güclü və Türkiyə ilə hərbi inteqrasiya içindədir.
Azərbaycan üçün ən böyük risk isə Ermənistanın öz daxili siyasi böhranı ola bilər. Son sorğular Paşinyanın reytinqinin xeyli aşağı düşdüyünü göstərir. Hazırda zəif Ermənistan region üçün daha təhlükəlidir, nəinki başını itirmiş Kremlin planları.
Xülasə, Cənubi Qafqazda sabitlik, Moskvanın oyunlarını ifşa etməklə yanaşı, regiondakı zəif dövlətlərin çökməsinin qarşısını almaqdan keçir. Hazırda Paşinyanın möhkəmlənməsi Ermənistan üçün də, Azərbaycan üçün də alternativsiz seçimdir.