Milli Məclisin deputatı Səyyad Aran deputatların ümumi maaşının 5000 manat olduğunu iddia edib. O, bu iddianı “Oxu.az”-a müsahibəsi zamanı deputat olaraq aldığı məvacibin özünə və ailəsinə kifayət etmədiyindən danışarkən söyləyib: “5000 manat maaş alıram, necə qənaət edim?”
Deputatlar həqiqətənmi 5000 manat məvacib alırlar? Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” bu mövzunu araşdırıb. Nəticəni sizə təqdim edirik:
Millət vəkillərinin maaşları və digər maddi təminatları “Milli Məclis deputatının statusu haqqında” Qanunla tənzimlənir. Bu qanunun 21-ci maddəsinə əsasən, deputatlar hər ay vəzifə maaşı və vəzifə maaşının 2 misli qədər əlavə alırlar. Aşağıdakı hüquqi sənədlər çərçivəsində deputatların ümumi aylıq gəlirlərindən müxtəlif vergi məbləğləri tutulur:
-
Vergi Məcəlləsi: Məcəlləyə görə, əgər maaş 2500 manata qədərdirsə, bu məbləğin 14%-i gəlir vergisinə cəlb edilir, əgər 2500 manatdan çoxdursa 350 manat və yerdə qalan məbləğin 25%-i vergiyə cəlb olunur.
-
“Sosial sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından məcburi dövlət sosial sığorta haqqı olaraq 3%-i miqdarında vergi tutulur.
-
“Tibbi sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından icbari tibbi sığorta haqqı olaraq gəlirin 2%-i miqdarında vergi tutulur.
-
“İşsizlikdən sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından işsizlikdən sığorta haqqı olaraq 0,5%-i miqdarında vergi tutulur.