16 C
Bakı
26 Sentyabr 2025 22:42
CəmiyyətGündəmQalmaqalSağlamlıqŞikayət

Onkoloji xəstələrə müalicə qanununa görə dövlət hesabına aparılmalıdır! Ancaq aparılırmı?

Ölkəmizdə təqribən 70 000 (yetmiş min) onkoloji xəstə var. Hər il təqribən 10 000 (on min) vətəndaşımız onkoloji xəstəlikdən dünyasını dəyişir və təqribən 14 000 (on dörd min) insanda onkoloji xəstəlik aşkar edilir.

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanununa görə onkoloji xəstəliklərin diaqnostikası və müasir dünya standartlarına uyğun müalicəsi dövlət büdcəsi hesabına aparılmalıdır! Ancaq aparılırmı? Xeyr! Aparılmır!

Onkoloji xəstələrə demək olar ki, heç bir pulsuz tibbi xidmət göstərilmir, onlar dövlət qayğısından kənarda qalıblar. Bu, birbaşa qanun pozuntusudur! Lütfən, bu sözləri həkimlərə qarşı istifadə etməyək! Çünki, həkimlər xidməti həyata keçirənlərdir, maliyyəsini isə dövlət ayırmalıdır, yəni xəstələr və tibb işçiləri üçün prosesin maddi tərəfini dövlət həll etməlidir!

Bunun edilməməsi onkoloji xəstələrin əksəriyyətinin vaxtında və keyfiyyətli müalicə almasını əhəmiyyətli dərəcədə əngəlləyir və bu da onların vaxtından tez vəfat etməsinə səbəb olur, sağ qalanların ömrü qısalır və həyat keyfiyyəti azalır. Düzdür, sayına görə dünyada və bizdə birinci yerdə duran ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib, ancaq təəssüflər olsun ki, ikinci-üçüncü yerləri tutan onkoloji xəstəliklərin müalicəsi İTS xidmətlər zərfinə hələ də daxil edilməyib və bu səbəbdən minlərlə insanımız vaxtsız həyatını itirir.

Müasir, yaxın prespektivlərinin proqnozlaşdırılması çətin olan dünyada hər bir ölkənin müdafiə xərclərinin artırılması başa düşüləndir, ancaq bu qədər onkoloji xəstəsi olan ölkənin yüz milyonlarla dollar və ya manat xərcləyərək digər ölkələrdə otellər alması, xəstəxana və məktəb tikdirməsi doğru deyil, kəsinliklə doğru deyil! Necə deyərlər: Əvvəl evin içi, sonra çölü düşünülməlidir. Sağlam olun

Həkim radioloq – Aydın Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi TƏYİN OLUNACAQ

redaktor

Dana adı ilə camış əti satılır: Onları necə ayırd etmək olar?

redaktor

Xədicə İsmayıl BŞBPİ-yə ÇAĞIRILDI

redaktor