İllərdir cəmiyyət uşaq müavinətlərinin bərpa edilməsini tələb edir. Bu çağırışlar sosial şəbəkələrdən parlamentə, ekspert müzakirələrindən xalq etirazlarına qədər hər yerdə səslənir. Lakin cavab yoxdur. Yaxud cavab var, amma səsi Bodrumdan gəlir.
Yeni məlumatlar bir daha göstərir ki, yük yenə də xalqın çiynindədir. Türkiyə mətbuatında gedən son məlumatlara görə, İlham Əliyev və ailəsi Türkiyənin Bodrum şəhərində, dünyanın ən bahalı kurortlarından olan Mandarin Oriental Marina kompleksində təxminən 500 milyon avro (1 milyard manat) dəyərində villalar və torpaq sahələri alıblar. Müqayisə üçün deyək ki, uşaq müavinətlərinin bərpası üçün illik tələb olunan vəsait cəmi 350 milyon manatdır. Yəni, Əliyev ailəsinin yalnız Bodrumdakı sərvəti ilə Azərbaycandakı bütün uşaqlara üç il ərzində uşaq pulu verilə bilərdi.
Bu təkcə korrupsiya deyil, bir xalqın gələcəyinin oğurlanmasıdır. Minlərlə ailə övladlarını qida və təhsil ilə təmin edə bilmir, sosial şəbəkələrdə xəstə uşaqlar üçün ianə kampaniyaları gündəlik həyatın bir parçasına çevrilib. Ancaq eyni zamanda dövlət büdcəsinin milyardları Bodrumun günəşli sahillərində gizli villalara axıdılır.
“Pandora Papers”, “Laundromat” və digər beynəlxalq araşdırmalar Əliyev ailəsinin Londondan Dubaya, Moskvadan Maltaya qədər gizli daşınmaz əmlak imperiyasını təsdiqləyib. Bodrum villaları bu imperiyanın yalnız kiçik bir hissəsidir. Neft gəlirləri, SOCAR və digər dövlət şirkətləri vasitəsilə əldə olunan milyardlar illərdir ofşor şəbəkələr üzərindən xaricə daşınır və ailənin şəxsi sərvətinə çevrilir.
Prezident Əliyev uşaqlara aylıq müavinət ayrılmasını “büdcə yükü” adlandırır. Halbuki bu “yük” onun bir kurortda xərclədiyi sərvətin üçdə biri qədərdir. Bu son məlumatlar bir daha onu təsdiqləyir ki, Azərbaycanın təbii sərvətləri xalqın rifahına deyil, hakim elitanın şəxsi həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.