ABŞ-da əməliyyat zamanı həkimlər oyuna aludə olduqları üçün bir pasient həyatını itirib. Belə ki, onlar pasientin həyati vacib göstəricilərindəki enişi vaxtında görməyiblər.
Hadisə Kolorado ştatında baş verib. 56 yaşlı kişi katarakta əməliyyatı üçün klinikaya müraciət edib. Əməliyyat zamanı cərrahın adət üzrə musiqi səsləndirdiyi məlum olub. Sonradan aydınlaşıb ki, cərrah və anestezioloq 70-80-ci illərin musiqilərini tanımağa çalışdıqları “musiqi bingo” oyununu oynayıblar. Elə bu zaman pasientin vəziyyəti pisləşib, lakin oyuna qapılan tibbi heyət bunu vaxtında hiss etməyib. Nəticədə kişi dünyasını dəyişib – bu barədə HealthExec məlumat verib.
Mərhumun həyat yoldaşı məhkəməyə müraciət edib. Cərrah məsuliyyəti anestezioloqun üzərinə ataraq, pasientin göstəricilərini əks etdirən monitoru onun söndürdüyünü iddia edib. KİV-lərin yazdığına görə, məsələ məhkəməyə çatmadan dinc yolla həll olunub.