Avropa Azərbaycan hökümətinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb?
Avropa İttifaqı Rusiya ilə ticarətə görə Azərbaycan neft tankerlərinə sanksiyalar tətbiq edib. Avropa İttifaqı 18 iyul tarixində Rusiyaya qarşı on səkkizinci sanksiya paketini qəbul edib.
Aİ Rusiyanın “kölgə donanması”nın bir hissəsi hesab etdiyi, dünyanın müxtəlif ölkələrində qeydiyyatdan keçmiş gəmilərə qarşı sanksiyalarını davam etdirir.
Təyin edilən məlum sanksiya paketinə Azərbaycandan 4 böyük neft tankerinin adı yer alır. Xatırladaq ki, əvvəlki sanksiyalar paketində də Azərbaycandan sanksiyaya məruz qalan neft tankerləri olmuşdur. Ümumilikdə bu sayın 6 xam neft tankeri olduğu bildirilir.
Bu dəfəki sanksiya paketində ümumilikdə Rusiya neftini gizli yollarla satan 105 gəmi yer alır. Onlar arasındakı Azərbaycan neft tankerlərinə göz ataq.
Şuşa Tankeri
Siyahıda Azərbaycanın “Şuşa” adlı xam neft tankeri kod adı (IMO: 9779941) yer alır.
Aİ bu gəmini “qara siyahıya” salmaqla sanksiya tətbiq edib. Səbəb – mənşəyi Rusiya olan və ya Rusiyadan ixrac edilən xam neftin və neft məhsullarının qanunsuz və yüksək riskli daşınma üsulları ilə aparılmasıdır.
Bu tanker 2017-ci ildə Cənubi Koreyada istehsal edilib və SA Susha Shipholdings şirkətinə məxsusdur. Gəminin operatoru isə ASCO Shipmanagement AFEZCO şirkətidir.
Bu şirkət 2023-cü ilin yanvarında qurulmuş, dövlət şirkəti olan ASCOnun (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) törəmə müəssisəsidir.
Gəmi 2023-cü ilin iyunundan etibarən Azərbaycan bayrağı altında fəaliyyətə başlayıb və “Şuşa” adını alıb. 2017–2023 illəri arasında Marşal adaları bayrağı altında üzüb və “Aristoklis” adını daşıyıb.
Hazırda Şuşa tankeri Aralıq dənizində üzür. 14 iyulda Türkiyənin Nemrut limanından çıxıb və 27 iyulda təyinat yerinə çatması gözlənilir.
Son dövrlərdə bu tanker Türkiyə (Nemrut) ilə Rusiya (Primorsk) arasında yük daşımaları həyata keçirib.
Qarabağ Tankeri
Aİ “Qarabağ” tankerinə də (IMO: 9810513) 18 iyul tarixində eyni əsasla sanksiya tətbiq edib.
Bu tanker də Rusiyadan ixrac edilən və ya mənşəyi Rusiyaya aid xam neft və neft məhsullarını qeyri-qanuni, yüksək riskli üsullarla daşıyırdı.
Qarabağ tankeri 2018-ci ildə Yaponiyada istehsal edilib və SA Karabakh Shipholdings şirkətinə məxsusdur. Gəminin texniki idarəçisi ASCO Shipmanagement AFEZCO, kommersiya idarəçisi isə SA Karabakh Shipholdings-dir.
Qarabağ tankeri də 2023-cü ilin iyunundan etibarən Azərbaycan bayrağı altında üzür. Son dövrlərdə bu gəmi də Nemrut (Türkiyə) və Primorsk (Rusiya) arasında hərəkət edib.
Sonuncu dəfə 8 iyulda Primorskdan çıxıb və Nemrut limanı yaxınlarında dayanıb.
Xankəndi tankeri
Xankəndi tankeri də Şuşa və Qarabağla tankerləri ilə eyni ölçüdədir (250×44 m).
Bu gəmi də 2010-cu ildə Cənubi Koreyada istehsal olunub.
2020-2024 illəri arasında Marşal Adaları bayrağı altında “Aristofanis” adı ilə fəaliyyət göstərib.
2024-cü ilin avqustundan etibarən Azərbaycan bayrağı altında fəaliyyət göstərib.
Sahibi SA Leader Shipholdings AFEZCO, kommersiya idarəçisi SA Maritime AFEZCO şirkətləridir.
Hər iki şirkət Bakıda eyni ünvanda yerləşir və dövlətə məxsus ASCO-ya tabedirlər. Xankəndi tankeri də son vaxtlar Nemrut (Türkiyə) və Ust Luga (Rusiya, Baltik dənizi) arasında hərəkətdə olub.
Zəngəzur Tankeri
“Şuşa” və “Qarabağ” Aİ-nin “qara siyahı”sına salınan ilk Azərbaycan gəmilər deyil.
Avropa İttifaqının 20 may 2025-ci il tarixli qərarı ilə Zəngəzur adlı tankeri də sanksiyaya məruz qalıb. (IMO: 9420617).
Bu gəmi 2010-cu ildə Yaponiyada istehsal edilib, əvvəllər “Şah Dəniz”, sonra “Zərifə Əliyeva” və “Gümüş” adları ilə Panama və Malta bayraqları altında fəaliyyət göstərib.
2023-cü ilin payızından etibarən “Zəngəzur” adını alaraq Azərbaycan bayrağı altında fəaliyyətə başlayıb.
Gəminin sahibi SA Zangazur Shipholdings şirkətidir. Texniki idarəçisi ASCO Shipmanagement AFEZCO, kommersiya idarəçisi isə SA Maritime AFEZCO-dur.
Bu şirkətlər ASCO və SOCAR-ın ortaq müəssisələridir.
Son aylarda bu tanker də Nemrut (Türkiyə) və Primorsk (Rusiya) arasında seyr edib.
27 may tarixindən etibarən Ege dənizində lövbər salıb.
“Zəngəzur” tankeri həmçinin 9 may 2025-ci il tarixində Böyük Britaniya tərəfindən də sanksiyaya məruz qalıb.
Britaniya hökumətinin açıqlamasına görə, bu gəmi Rusiyadan mənşəli nefti daşımaq üçün istifadə olunur.
Bu paket çərçivəsində Böyük Britaniya 5 azərbaycanlı şəxsə də sanksiya tətbiq edib.
Bu şəxslər Rusiya enerji sektorunda fəaliyyət göstərərək Rusiyaya fayda verdikləri və ya dəstək olduqları üçün hədəfə alınıb.