Bu gün kişi ilə qadın münasibəti çox zaman anlayış deyil, mövqe savaşına çevrilir. Çünki birlik, insani bağ yox, üstünlük uğrunda mübarizə kimi başa düşülür.
Qadınla kişinin yaxınlığı dəyərli ola bilərdi, əgər onu müqəddəslikdə yox, bərabərlikdə axtarsaydıq. Biz qadına ya ilahi baxışla, ya da itaətkar gözlə baxırıq, amma insan kimi baxmaq nadir haldır. Və qadının “məğlub” yaşaması çox vaxt adət və dini yozumlardan yox, kişinin güc qorxusundan doğur.
Qadın qalib gələndə cəmiyyət başını çevirir. Çünki bizdə qalib qadın, “məğlub kişi” kimi yozulur. Halbuki bərabərlik yarış yox, paylaşmaq üzərində qurulmalıdır.
“Kişi kişi olsa…” kimi ifadələr formaya əsaslanır. Halbuki forma dəyişkəndir, dəyişməli olan düşüncədir. Sağlam münasibət itaətə yox, hörmətə; hakimiyyətə yox, əməkdaşlığa əsaslanmalıdır.
“Sən anasan” deməklə qadını ucaltdığımızı düşünürük, əslində isə onu funksiyaya çeviririk. Qadın olmaq yalnız ana olmaq deyil. Fikir yaratmaq da qadınlığa aiddir. Əqlin cinsiyyəti yoxdur, insanı bəzəyən cins yox, düşüncədir.
Ən böyük məsuliyyət bədənə yox, öz düşüncəsinə sahib çıxmaqdır. Təəssüf ki, bizdə kişi və qadın münasibəti çox zaman bədəndə başlayıb, orada da bitir. Ruh yaxınlığı yox, ehtiras; söz yox, susqunluq; düşüncə yox, qorxu hakimdir.
Sanki Qadınları qadın enerjisindən uzaqlaşdırırlar, kişiləri də maskulen enerjidən.
Və bəli, qadın da kişiyə bazarlıq gözüylə baxmamalıdır. Əgər münasibət insani duyğulara əsaslanmırsa, o zaman hər iki tərəf seçim yox, müqavilə kimi davranır.
Buna görə də bəzən ən yaxın münasibətlər belə, ən uzaq anlaşılmazlıqlara çevrilir.