31 C
Bakı
01 Avqust 2025 13:14
CəmiyyətGündəmHadisəQalmaqalSiyasət

“Azadlıq”dan həbsə – mənim saxlanılma hekayəm” Fatimə Mövlamlı

Siyasi məhbus Fatimə Mövlamlı təcridxanadan yazır:

“İroniyaya baxın ki, azadlığımın əlimdən alındığı yer “Azadlıq” metrostansiyasının qarşısı oldu.

Həmin gün evdən çox yaxşı əhvalda çıxmışdım. Qarlı bir gün idi. Şaxta adamı kəsirdi. Evimdən metroyadək yolu 41 nömrəli avtobusla getdim. Yolboyu avtobusun pəncərəsindən gördüklərimi indi də fraqment-fraqment xatirimdədir: Qar yağır, avtomobillər şütüyür, insanlar səkidə sürətlə addımlayırdı. Onlardan kimi evinə, kimi işinə, kimi də həbsinə tələsirdi…

Avtobus metronun qarşısındakı dayanacağa çatanda qulaqlığımda Ludacrisin “Get back” parçası səslənir, saatım 11:00-ı göstərirdi. Pilləkənlərdən aşağı düşdüyüm an 4 nəfər qaramaskalı polis əməkdaşı mənə yaxınlaşdı. Onlardan ikisi qoluma girdi, digər ikisi isə ətrafdakı insanların məni görməsinin qarşısını almağa çalışırmış kimi qollarını geniş açaraq arxamda və önümdə dayandılar.

Polislər telefonumu əlimdən alıb, məni yolun kənarında saxladıqları qara rəngli “vita” markalı maşına mindirdilər. Maşında əyləşməyimlə əlimə qandal vurulmağı bir oldu. Maşını hərəkətə gətirib, dayandığımız yerdən bir az irəlidə – Müsavat Partiyasının qərargahının yaxınlığında saxladılar. Növbəti iki saat yarımı burada keçirəcəkdik…

Maşının içində biri qadın olmaqla, ümumilikdə altı əməliyyatçı var idi. Heç biri danışmırdı.

“Vəkilimi istəyirəm”, – dedim. Təmin etməyəcəklərini bilirdim. Sadəcə bunlar o qədər abırsız adamlardır ki, vəkilsiz olmağımın səbəbini “özü istəmədi” deyə açıqlaya bilərdilər.

Polislərdən biri telefonumun ekran şifrəsini soruşdu.

“Onu görməyəcəksiniz”, – deyə cavabladım.

“Telefonu başına çırpacam bu saat”, – polis səsinin gur yerinə salmışdı.

“İstəyirsən, yoxla. Amma xeyri olmayacaq”, – dedim. Əlindəki telefonu mənə sarı tullayacaqmış kimi tutsa da, eləmədi.

Polislərdən biri tez-tez kiməsə zəng edir, harada olduğunu soruşurdu. Orada dayandığımız iki saat yarımın sonunda ağ rəngli başqa bir mülki maşın gəldi. Bayaqdan onların intizarını çəkən əməliyyatçı yanımızdan ayrılıb, həmin maşından düşən üç nəfərə yaxınlaşdı. Mən hər şeyi ön şüşədən izləyirdim. Çox keçmədən əməliyyatçı geri qayıtdı və hər iki maşın yola düşdü. Sən demə, sonradan gələnlərin içində axtarış əməliyyatında hal şahidi kimi iştirak edəcək iki nəfərdən biri var imiş. Polislər onun həmkarını (digər hal şahidi) yolüstü – “Rəsulzadə” qəsəbəsinin yaxınlığında götürdü. Onları sonradan evimdə görüb tanıyacaq, biri Binə qəsəbəsi, digəri Şabran rayonunda qeydiyyatda olan “freelance” hal şahidləri ilə “Binəqədiyə turistik məqsədlə gəlmisiniz?” deyə zarafatlaşacaqdım da.

Evə çatmağımıza az qalırdı. Bircə ona sevinirdim ki, anam  indilərdə işdədir və məni əllərim qandallı görməyəcək. Amma bacım və onun 3 yaşlı qızı evdə idi. Onlara görə narahat idim.

“Evdə səsinizi yüksəltsəniz, zorakılığa yol versəniz, uşaq nədənsə qorxub ağlasa, əlimdən qurtara bilməyəcəksiniz,- polislərə dedim.

“Sən sakit dayansan heç bir problem olmayacaq”, – qaramaskalılardan biri dilləndi.

Sözləri təxminən belə səslənirdi : “şərlənməyinə reaksiya vermə, qalanı yaxşı olacaq”.

Yaşadığım məhəlləyə çatanda hər tərəfin mühasirəyə alındığını gördüm. Təxminən 30-40 nəfər polis əməkdaşı iki tərəfdən hasar boyu düzülmüş, mülki maşınları saymasaq, post patrul xidmətinin 7-8 avtomobili ilə məhəllənin giriş-çıxışlarını bağlamışdılar. (Bir neçə gün sonra öyrəndim ki, mən orada olduğum müddət ərzində məhəllə sakinlərinə evlərindən çıxmağı qadağan ediblər. Qonşulardan birinin zəngi üzərinə ora gələn anama isə nəinki öz evinə, yaşadığı məhəlləyə belə daxil olmağa icazə verməyiblər).

Həyət darvazasının qarşısında dayandıq. Maşından polis müşayiəti ilə düşdüm. Onlardan ikisi qollarımdan bərk-bərk tutmuşdu. Məndən hansı performans gözləyirdilər bilmirəm, amma şəxsən əmin idim ki, aksiyon filmlərində olduğu kimi bir anda qandallardan xilas olub, 30-40 nəfər polislə əlbəyaxa davaya çıxmayacaqdım. Bu qədər ciddi tədbir olmaqları qürurumu oxşasa da, yersiz idi.

Nəhayət, polis müstəntiqi gəlib çıxdı.

“Xətai rayon məhkəməsinin qərarına əsasən evinizdə axtarış-götürmə əməliyyatı həyata keçiriləcək”, – BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin baş müstəntiqi Nahid Abbaslı bunu deyib, əlindəki məhkəmə qərarını ötəri göstərdi (Mən həmin məhkəmə qərarı ilə hələ də tanış ola bilməmişəm).

“Axtarışı müdafiəçim olmadan keçirməyə ixtiyarınız yoxdur”, – onsuz da bildikləri məlumatı təkrarladım.

“Bu təxirə salınmaz tədbirdir, müdafiəçiniz gələnə qədər gözləyə bilmərik”,- Abbaslı dedi.

“Təxirə salınmaz tədbirə görə qanunları pozmaq olar?” – sual ritorik idi. Odur ki, cavab gözləmirdim. Sağlığınıza, heç cavab da vermədi.

Darvaza qapısını cibimdən götürdükləri açarla açdılar, həyətə keçdik.

“İmkan verin evin qapısını özüm açım, içəridəkilər birinci məni görsün”, – polislərə dedim.

İcazə vermədilər. Qaramaskalı polislər evə bir-birini tapdalaya-tapdalaya soxuldular.

Təbiətən kinli adam deyiləm. Amma həmin gün qəfil evə doluşan polislərlə qarşılaşan bacımın keçirdiyi həyəcanı, ona və övladına yaşadılan stressi unutmayacam, bağışlamayacam!

“Narahat olma. Axtarış aparacaqlar, vəssalam. Heç nə olmayacaq”, – bacımı sakitləşdirməyə çalışırdım.

Polislər onun da telefonunu əlindən aldı. Bir dəqiqə sonra bacım uşağı da götürüb qadın polisin müşayiətilə qonaq otağına keçdi.

“Sizin otağınız hansıdır?”, – Nahid Abbaslı soruşdu.

“Bu”, – üzbəüz otağı göstərdim.

“Axtarışa hansı otaqdan başlamağımızın sizin üçün fərqi var?”, – Abbaslı soruşdu.

“Nəticəyə təsir etməyəcəksə, yoxdur”, – dedim.

“Axtarış” evin yanaşı üç (mənim otağım ikinci idi) otağından ilkində başladı. Müstəntiq paltar şkafının içində eşələnir, professional hal şahidləri uzaqdan boylanır, evdə sayları get-gedə artan polislərdən təkcə biri otağın qapısı ağzında dayanıb telefonda qurdalanır, mən də bütün bu tamaşanın nə vaxt yekunlaşacağını təxmin etməyə çalışırdım. Biz otaqda olduğmuz vaxt gözə dəyməyən digər polislər isə bir azdan “tapacaqları” pulları qoymaq üçün ən uyğun yeri seçməklə məşğul idilər.

“Axtarış” mənim otağımda davam etdi. Polis müstəntiqi kitab rəfinə qədər yoxlayıb, ən son çarpayıma yaxınlaşdı. Yastığı qaldırıb altından ağ rəngli sellofan paket çıxardı.

“Bu nədir, Fatimə xanım?”, – Nahid Abbaslı saxta təəccüblə soruşdu. İncəsənət Universitetinə imtahan versə, dəqiq qəbul olunmazdı. Aktyorluğu o qədər bərbad idi.

“Gətirdiyiniz şeyin nə olduğunu bilmirsiniz?”

“İstəyirsiniz götürün baxın, puldur”, sellofanı açaraq içindəki pul bağlamalarını göstərdi.

“Mən onlara toxunmayacam”, – dedim.

Axır ki, öz gətirdiklərini tapandan sonra axtarış faktiki yekunlaşdı. Müstəntiq sonuncu – qonaq otağında heç nə axtarmadı, içəri eləcə göz gəzdirdi.

Bununla da pulları protokollaşdırmağa başladılar.

“Rəis, biz çöldə gözləsək olar?”, – darıxmış hal şahidlərindən biri soruşdu.

“Yaxşı, gedib “vita”da oturun”, – polislərdən biri məni gətirdikləri maşına yolladı. Hal şahidlərini bunda sonra cəmi bir dəfə – axtarışın nəticəsi ilə bağlı protokolu (mən imzalamaqdan imtina etdim) imzalamaq üçün qayıdanda gördüm.

Axtarış və götürmə əməliyyatı (ümumilikdə 3 saat) 17:00-a qədər davam etdi. Evdən çıxmamış bacım və qızı ilə sağollaşmağa fürsət tapdım. Amma əlimdəki qandal onları qucaqlamağa imkan vermədi. O səhnəni xatırlayarkən biləyimdəki qandal yerini hələ də hiss edirəm.

Həyətdən keçib darvazaya çatanda geri dönüb evimə bir də baxdım. Evim və azadlığımla beləcə sağollaşdım.

Həmin günün üzərindən artıq beş ay keçib. İndi saxlanıldığım təcridxana kamerasında masa arxasında əyləşib, bütün bunları qələmə alarkən içimdə heç bir təəssüf hissi yoxdur – eynilə saxlanıldığım gün olduğu kimi.

Həyatım boyu heç bir cinayətdə iştirak etməmişəm. Bütün fəaliyyətim insanların problemlərii işıqlandırmaq, hər yerdən sıxışdırılıb qovulan həqiqətləri yazmaqdan ibarət olub.

Odur ki, şadam… Hər şeyə görə…”

 

Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası

Tacxeber.com

Oxşar xəbərlər

İki polis zabiti yaşadığı evdə boğularaq vəfat etdi

admin

Tramp-Putin danışığının nəticəsi – Kamran Cəfərov

admin

Polkovnik-leytenantın 14 yaşlı qızı cərrahi əməliyyatdan sonra vəfat etdi – Foto

redaktor