Tacxeber.com HafizTimes.com-un Norveçin paytaxtı Osloda yerləşən Kon-Tiki Muzeyi və Tur Heyerdal Tədqiqat Fondunun İdarə Heyətinin üzvü, həmçinin Heyerdal ailəsinin rəsmi nümayəndəsi – dünya şöhrətli norveçli səyyah və arxeoloq Tur Heyerdalın nəvəsi Olav Heyerdaldan aldığı maraqlı müsahibəni sizə təqdim edir.
Babası Tur Heyerdalın ideyalarını yaşatmaq, elmi irsini yeni nəsillərə çatdırmaq və onun yarımçıq qalmış tədqiqatlarını davam etdirmək üçün fəal şəkildə çalışan Olav Heyerdal jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Müsahibə zamanı o, həm şəxsi xatirələrini bölüşüb, həm də babasının nəzəriyyələrinin elmi və insani mahiyyəti barədə mühüm fikirlər səsləndirib. Olav Heyerdal Azərbaycanla bağlı düşüncələrini də ilk dəfə olaraq bu müsahibədə oxucularımızla bölüşüb.
–Babanız Tur Heyerdal dünya şöhrətli bir səyyah idi. Siz onu bir baba kimi necə xatırlayırsınız?
– Mən onu yumor hissi güclü, mehriban bir insan kimi xatırlayıram. O, çox maraqlı və daim yeni layihələrlə məşğul olan biriydi. Təqvimi həmişə bir il əvvəldən tam dolu olurdu. O, 2002-ci ildə vəfat etsə də, 2003-cü il üçün belə planları var idi.
– Uşaqlığınızdan onunla bağlı yaddaşınızda qalan ən unudulmaz an hansıdır?
– Əmin deyiləm ki, bu tam olaraq mənim öz xatirəmdir, yoxsa mənə danışılan hekayələrdəndir, çünki o zaman cəmi 4 yaşım var idi. Babam, atam və mən – atamın çiyinlərində oturmuşdum – biz Lillehammer meşələrində gəzintidə idik. Uzaqdan təbiətdə sakit və harmoniyada olan böyük bir qəhvəyi ayını seyr edirdik. Daha sonra həmin ayının ayaq izini götürmüşdük və onu evimizdə şüşəli bir vitrində saxlayırdıq. Həmin izi hələ də öz yeni evimdə saxlayıram.
– Tur Heyerdal heç vaxt özünü akademik sərhədlərlə məhdudlaşdırmayıb. Sizcə, onu bu qədər sərbəst və müstəqil düşünməyə vadar edən nə idi?
– Babam çox maraqlı bir insan idi və qəlbində inanırdı ki, insan irqindən və siyasətdən asılı olmayaraq, hər zaman və hər yerdə eyni şəkildə olub. Bu, onun nəzəriyyəsinin təməlini təşkil edirdi. Marağı onu sirrləri araşdırmağa və test etməyə vadar edirdi. Eyni zamanda inanırdı ki, praktiki təcrübələr vasitəsilə qədim insanların problemləri necə həll etdiklərini anlamaq mümkündür. Onların etdiklərini dəqiq təkrar et və bu zaman çox şey öyrənəcəksən.
Bu yanaşma onu 1936–37-ci illərdə həyat yoldaşı ilə birlikdə Fatu Hivaya apardı. Məqsəd, inkişaf etmiş bir ölkədə böyümüş cütlüyün təbiətdə yaşayıb-yaşaya bilməyəcəyini təcrübə yoluyla sınamaq idi. Bu sınaqlar daha sonra dəniz səyahətlərinə və Pasxa adasında heykəllərin yonulması, daşınması və ucaldılması üzrə eksperimentlərinə yol açdı. Bütün bunlar onun eyni intellektual yanaşmasının tərkib hissəsidir.
Babam həmçinin müxtəlif elmi sahələrin əməkdaşlığının vacibliyinə çox inanırdı. O hesab edirdi ki, bir sahədə əldə edilən məlumatlar digər sahələrdəki suallara cavab tapmağa kömək edə bilər.
– Sizin fikrinizcə, babanızın insan tarixini anlamağımıza ən böyük töhfəsi nə olmuşdur?
– O göstərdi ki, ilk insanlar yalnız quru yollarla deyil, eyni zamanda su yolları, xüsusilə okeanlar vasitəsilə də dünyanı kəşf etmişlər. Onun fikrincə, okean axınları insanları ayıran deyil, birləşdirən körpülər rolunu oynayır.
– Siz babanızın irsini qorumaq üçün hansı konkret addımları atmısınız və bu sahədə gələcək planlarınız nələrdir?
– Mən xüsusilə Kon-Tiki ekspedisiyasına heyran olmuşam. 1947-ci ildə balza ağacından düzəldilmiş sal ilə Sakit okeanı keçən heyət salı idarə etməkdə çox çətinlik çəkmişdi. Babam sonralar araşdırmalar apardı və müəyyən etdi ki, qədim dövrə aid gəmilər “Guara” lövhələri adlanan xüsusi sükanlarla istiqamətləndirilirdi.
2006-cı ildə mən və daha 5 nəfərlik heyət babamın şərəfinə və qədim gəmilərin sükan sistemlərini əsas götürərək yeni bir balza sal düzəltdik. Ona dəniz tanrısının adı olan “Tangaroa” adını verdik. Biz salı Peru sahillərindən Polineziyadakı Raroia adasına qədər idarə edə bildik. Daha sonra 1947-ci ildəki eyni ada olan Raroia-da qalaraq, səyahətimizi Tahitiyə qədər davam etdirdik.
Hazırda mən Oslo şəhərindəki Kon-Tiki Muzeyində bütün sərgilərin hazırlanmasına rəhbərlik edirəm. Muzey özəl bir fond tərəfindən idarə olunur və biz babamın irsini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni edirik.
– Babanızın sizə öyrətdiyi ən qiymətli həyat dərsi nə olub?
– İnsanlar planetimizi qorumağa borcludur.
– Tur Heyerdal bu gün sağ olsaydı, sizcə hansı mövzu və ya sirr üzərində işləyərdi?
– Yəqin ki, yenə də eyni məsələləri araşdırardı. Bir dəfə demişdi: “Mən, bizim ümumi mənşəyimizi axtarıram.” Bu, onun bütün həyatını həsr etdiyi bir missiya idi. Əminəm ki, bu gün yaşasaydı, qədim DNA analizləri sahəsinə böyük maraq göstərərdi. O, vaxtilə bu sahəyə elmi tədqiqatçıların maraq göstərməsini dəstəkləmişdi.
– Sizcə, babanızın sivilizasiyanın mənşəyi ilə bağlı irəli sürdüyü nəzəriyyələr – hər nə qədər bəzi akademik dairələr tərəfindənqəbul edilməsə də – bir gün insanlığın öz keçmişini anlama tərzini dəyişə bilərmi? Bu baş verərsə, bizim özümüzə baxışımız necə dəyişə bilər?
– Qədim insanların dəniz və okean yollarını düşündüyümüzdən daha tez kəşf etməsi ilə bağlı fikirlər artıq akademik dairələrdə qəbul edilməyə başlayıb. Bu mövzuya əvvəlkindən daha açıq yanaşırlar.
Peru və Cənubi Amerikanın qədim dənizçilik tarixi ilə bağlı artıq sübut olunub ki, Peru/Boliviya/Ekvador bölgələrində yaşayan insanlar eramızın 2–5-ci əsrlərində Meksikaya və Cənubi Amerika sahilləri boyunca Çiliyə qədər ticarət məqsədilə yelkən açıblar.
Polineziya ilə Cənubi Amerika arasında əlaqənin mövcudluğu isə artıq DNA analizləri ilə sübuta yetirilib. Daha çox alim bu mövzuya maraq göstərir, lakin hələ də çoxu Polineziyalıların Cənubi Amerikaya səfər etdiyinə inanır.
– Azərbaycanla bağlı oxucularımıza nə demək istərdiniz? Azərbaycana, Bakıya səfər etmək istərdinizmi?
– Babam həmişə inanırdı ki, insanlar okeanları keçmək üçün gəmilər inşa edib bir-birilə əlaqə saxlayaraq ticarət aparır və bilik mübadiləsi edirdilər. Azərbaycanın Qobustan qayaüstü rəsmlərindəki qamışdan düzəldilmiş gəmi təsvirləri də onun dünya okeanları boyunca insan miqrasiyaları ilə bağlı nəzəriyyəsini təsdiqləyir.
Mən hələ Azərbaycana səfər etməmişəm, amma bu, araşdırmaq istədiyim və görmək üçün səbirsizliklə gözlədiyim bir ölkədir.