Xəbər verdiyimiz kimi, Rusiya Dövlət İnformasiya Agentliyinin (TASS) Baş direktorunun birinci müavini Mixaıl Qusmanın vəzifədən azad edilib. Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda səbəb göstərilməsə də, qərarın vaxtı və fonu bunun təsadüfi olmadığını göstərir.
Tacxeber.com xatırladır ki, Qusman iyul ayında Azərbaycanda iki tədbirdə iştirak edib. Bunlardan biri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransdır.
Bu konfransda panel müzakirələrində iştirak edən Qusman Azərbaycan və Prezident İlham Əliyevin siyasəti ilə bağlı müsbət fikirlər səsləndirib.
Son olaraq isə Mixail Qusman Azərbaycanın təşkil etdiyi Şuşa Qlobal Media Forumunda iştirak edərək, Prezident İlham Əliyevə sual verib. O çıxışında eyni zamanda Prezident İlham Əliyevin fəaliyyəti bağlı müsbət mövqeyini bildirib və regionda media əməkdaşlığına dair fikirlərini bölüşüb.
Görünən odur ki, gərgin Rusiya- Azərbaycan münasibətləri fonunda forumun keçirildiyi yer və kontekst, eləcə də Qusmanın Ukraynanın məşhur jurnalisti, Rusiyanın sərt tənqidçisi Dmitri Qordonla eyni platformada olması, Kremldə ciddi narazılıq doğurub.
Təsadüfi deyil ki, forumdan dərhal sonra onların eyni tədbirdə görünməsi bəzi rus dairələri tərəfindən “ideoloji xəttin aşılması” kimi təqdim edildi.
Z-bloggerlər və Kreml yönümlü təbliğatçılar Qusmanı “satqın” adlandıraraq, sosial şəbəkələrdə onun vəzifədən uzaqlaşdırılması tələb etdilər.
Qusmanın Azərbaycanla bağlı illərdir sərgilədiyi mülayim münasibət, xüsusən də doğma şəhəri Bakı ilə bağlarını qoruması, bu siyasi qərarın verilməsində əlavə amil rolunu oynadı.
Siyasi müşahidəçilər bu qərarı Kremlin fərqli mövqe sərgiləyən media simalarına açıq mesajı kimi qiymətləndirirlər.Qusmanın Şuşa Forumunda iştirakı – öz doğulduğu ölkədə keçirilən nüfuzlu tədbirdə iştirak etməsi – onun uzun illər formalaşdırdığı peşəkar mövqeyinə Kreml tərəfindən nöqtə qoyulması ilə nəticələndi.
Bu xüsusda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Dmitri Qordonun Şuşa Forumuna qatılması ilə bağlı kəskin mövqeyi də dediklərimizin təsdiqi rolunda çıxış edir. Xatırladaq ki, Zaxarova Qordonun “xarici agent” və “ekstremist” statusuna diqqət çəkərək, onun həmin tədbirdə görünməsini Moskva üçün “Qara nişan” kimi qiymətləndirib.
Bu hadisə, eyni zamanda, Qlobal Media Forumun artan beynəlxalq əhəmiyyətini və siyasi çəkisini də göstərir. Azərbaycan bu platformada xarici siyasətində olduğu kimi balanslı yanaşmanı qoruyaraq, həm Rusiya, həm də Ukrayna təmsilçilərinə fikir tribunası təqdim etməklə, regionda informasiya diplomatiyasının mərkəzinə çevrildiyini nümayiş etdirdi.