Dünyanın ən cazibədar qatili şübhəli şəxs kimi öldü…
Avstriyalı Cek Unterveger silsilə qatil idi. Amma onun əhvalatı sıradan bir — ifadə caizdirsə, — silsilə qatilin əhvalatı deyil. Ömürlük həbsə məhkum edilən Unterveger əksəriyyəti islah olduğuna inandırmışdı. Ölkə intellektualları onun azad edilməsi üçün kampaniyaya başladılar və əfvinə nail oldular. O isə azadlığa çıxar-çıxmaz hamını peşman etdi. Əhvalatın başqa inanılmaz özəllikləri də var. Məsələn, siz qatilin öz cinayətlərini araşdıran polis zabitindən jurnalist kimi müsahibə alması barədə eşitmisinizmi? Unterveger bunu etmişdi. Bir sözlə, bu məqalədə bir yazıçının, bir ssenaristin fantaziyasına sığmayacaq əhvalatdan bəhs edilir.
İlk cəsəd 1990-cı ilin son günündə Avstriyanın qərbində yerləşən Forarlberq bölgəsində, Lustenau şəhəri yaxınlığında meşədə tapıldı. Seks işçisi olan 31 yaşlı Hayde Hammerer öz büstqalteri ilə boğulmuşdu. Qətl dekabrın 5-də baş vermişdi. Amma Hayde Untervegerin ilk qurbanı yox, cəsədi tapılan ilk qurbanı idi.
Cek hələ oktyabrın 27-də, yəni ömürlük həbsdən şərti azad edilməsindən 5 ay sonra 41 yaşlı Burungilda Masseri öldürmüşdü. Onun cəsədi Qrats yaxınlığında 1991-ci il yanvarın 26-da tapıldı. O da büstqalteri ilə boğulmuşdu və hər ikisinin boğazında spesifik “sürüşkən” düyün vardı.
Növbəti iki cəsəd 1991-ci ilin mayında tapıldı. Aprelin 16-da öldürülən Sabina Moytsinin cəsədi mayın 20-də Vyana yaxınlığında Mödlinqdə, mayın 8-də öldürülən Karin Eroqlu-Sladkinin cəsədi isə 15 gün sonra Qablits yaxınlığında aşkar edildi. Amma qurbanlar təkcə onlar deyildi, artıq qətlə yetirilmiş daha üç qadının cəsədi sonrakı aylarda tapılacaqdı.
Bu qətllərin araşdırılması Vyana polisinin Cinayət axtarışı idarəsinin rəisi Maks Edelbaxerə tapşırıldı. Amma rəisin işi çətin idi. Qatilin izinə düşmək üçün nə tutarlı şahid ifadələri vardı, nə də cəsədlər tapılan yerlərdə maddi sübutlar.
Məhz bu zaman Cek Unterveger əməkdaşlıq etdiyi Avstriya ictimai radiosunun baş redaktoruna qətl hadisələrini və istintaqın gedişini işıqlandırmağı təklif etdi. Baş redaktordan razılıq, Vyana şəhər polisindən akkreditasiya alaraq, Maks Edelbaxerlə görüşdü və özünün törətdiyi qətllər və istintaqın gedişi barədə suallar verdi.
Polis zabiti bu görüşü belə xatırlayır: “O vaxta qədər Cek haqqında eşitməmişdim. Mənə yetərincə erudisiyalı insan təsiri bağışladı. Düzgün suallar verirdi. Doğrudur, mənim o suallara verəcək cavabım yox idi: istintaq yerindən tərpənmirdi”. Beləcə, Unterveger bir şey öyrənə bilmədi, amma ona aydın olmadı, polis həqiqətən bir şey bilmir, yoxsa bildiklərini açıqlamaq istəmir.
Bir neçə gündən sonra o, yenidən Edelbaxerlə görüş istədi, ona cinayətkarlıq və fahişəlik mövzularını araşdırmaq üçün Los Ancelesə gedəcəyini söylədi, polis rəisindən oradakı polis idarəsində tanışının olub-olmadığını soruşdu. Edelbaxer mənfi cavab verdi.
Unterveger haqqında kitab yazmış amerikalı tədqiqatçı Con Likin fikrincə, əslində Cek polisin ondan şübhələnib-şübhələnmədiyini öyrənmək istəyirdi. Şübhələnirdilərsə, ölkədən çıxışına qadağa qoyacaqdılar. Amma heç bir əngəl törədilmədi və Unterveger 1991-ci iyununda ABŞ-a uçdu.
O, burada həqiqətən də araşdırmalar apardı: necə olsa da, səfərini maliyyələşdirən jurnala material verməli idi. Los Anceles polisləri ilə dostlaşdı, hətta onların reydlərində iştirak etdi, o cümlədən qırmızı fənərlər küçəsinə. Amma özünün “hobbi”sini də unutmadı. İyunun 20-də 35 yaşlı Şennon Ekslini, iyunun 28-də 33 yaşlı İren Rodrigesi və iyulun 3-də 26 yaşlı Peqqi Cin Butu qətlə yetirdi. Qadınlar seks işçisi idilər və hər üçü öz geyimlərindən istifadə olunmaqla xüsusi düyünlə ödürülmüşdülər. Son qətldən bir neçə gün sonra Cek Avstriyaya qayıtdı.
Burada isə avqustun əvvəllərində daha iki qadının – 23 yaşlı Silviya Zaqlerin və 33 yaşlı Regina Premin – cəsədləri tapıldı. Birincisi cəsəd Volfsqrabendə, ikincisi isə Vyana yaxınlığındakı Döblinqdə aşkar edildi. Onların hər ikisi apreldə qətlə yetirilmişdilər: polisə artıq tanış olan üsulla.
Bu tapıntılar da polisə ciddi ipucu olacaq sübutlar vermədi. Edelbaxer və qrupu ümidsiz vəziyyətdə ikən hadisələrin gedişinə Avqust Şenner adlı şəxs müdaxilə etdi. Şenner təqaüdə çıxmış polis idi. Məqalənin birinci hissəsində bəhs etdiyim Maritsa Horvatın qətlini məhz o araşdırmışdı. Şenner Horvatı Untervegerin öldürdüyünə inanırdı, hərçənd, bunu sübut edə bilməmişdi.
Şenner qəzetdə yeni manyak barədə oxuyanda qətllərin təfərrüatlarının Horvatın qətlinə bənzədiyini gördü. O, Untervegerin azadlığa çıxdığını öyrəndi və Vyana polisiylə əlaqə saxladı. Heç bir sübutu olmasa da, Şenner əmin idi ki, qatil Untervegerdir.
Maks Edelbaxer mühüm saydığı daha bir hadisəni xatırlayır: “Bu zaman Vyana polis idarəsinə iki amerikalı profayler gəldi. Ümumiyyətlə, onlar Moskvaya uçurdular, silsilə qatillər barədə mühazirə oxuyacaqdılar. Yolüstü Vyanada dayanmağı qərara aldılar. Məhz onda biz bildik ki, silsilə qatillər polislə oynamağı sevirlər”. Polis rəisi Untervegerin ondan müsahibə almasını xatırladı və bunun da oyun ola biləcəyini düşündü.
Doğrudan da Amerika polisi silsilə qətlləri araşdırmaqda böyük təcrübəyə malik idi. Los Ancelesdə baş verən üç qətli kimi törədə biləcəyini ehtimal etmələri də uzun sürmədi. Onlar Vyana polisi ilə əlaqə saxlayaraq, Cek Untervegerdən şübhələndiklərini xəbər verdilər.
Bütün bunlardan sonra Edelbaxer və komandası Untervegerə diqqət ayırmağı lazım bildilər. Yazıçı sutka boyu müşahidəyə alındı və telefon danışıqları dinlənildi. Polis rəisi 1974-cü ildəki işin materialları ilə tanış oldu, Untervegerlə danışdı və ondan Şeferin qətli barədə danışmasını istədi, onun hazırkı qətllərə bənzədiyini dedi. Cek əsəbiləşdi və danışmaqdan imtina etdi, daha sonra da müstəntiqin yanına gəlməyi tam dayandırdı.
Həmin günlərdə daha bir qadın cəsədi tapıldı: 1991-ci il oktyabrın 5-də, Ştiriya vilayətində qalıqları tapılan Elfrida Şrempfi sonuncu dəfə martın 7-də sağ görmüşdülər. Beləliklə, Avstriyada və ABŞ-da tapılan cəsədlərin sayı 10-a çatdı.
Untervegerlə maraqlanmağa başlayan polislər öyrəndilər ki, onun nəinki alibisi yoxdur, üstəlik, qadınların öldürüldüyü vaxtlarda həmin ərazilərdə olub. Onlar jurnalisti həbs etmək qərarına gəldilər. Amma Cek bundan xəbər tutaraq, 18 yaşlı sevgilisi Byanka Mrakla birlikdə İsveçrəyə, oradan Fransaya, sonra da ABŞ-a getdi.
Polisin Untervegerdən şübhələnməsindən xəbər tutan mətbuat və tanınmış mədəniyyət adamları onun müdafiəsinə qalxdılar. Onların fikrincə, həqiqi qatili tapa bilməyən polis sadəcə keçmişinə görə Cekdən şübhələnir və aça bilmədiyi cinayəti onun boynuna qoymaq istəyir.
“O, yaxşı rayonda əla mənzildə yaşayırdı. Qatilə bənzəmirdi”, — deyə tanışları sonralar bildirirdilər. Untervegerin yaradıcılığının pərəstişkarları, dünyanı bu qədər həssaslıqla duyan və anlayan bir insanın qatil ola biləcəyinə inanmaqdan imtina edirdilər.
Yenidən tərbiyə “layihə”sinə ürəkdən inananlardan biri olan yazıçı Peter Hümer də Untervegeri son ana qədər müdafiə edirdi. “O doğrudan da qatil idisə, bu, əsrin ən böyük hadisələrindən biri olardı. Mənim belə adamla tanış olma ehtimalım son dərəcə azdır, buna görə də düşünürəm ki, o günahsızdır”, — Hümer ya zarafatla, ya da ciddiyyətlə söyləmişdi.
Untervegerin evində axtarış aparan polislər qırmızı şərf tapdılar — məlum oldu ki, məhz onun fraqmentləri öldürülən Hammererin paltarında aşkar edilib. Eyni zamanda mənzildə Untervegerin topladığı bütün qəbzlər və sənədlər vardı. Bu sənədlər sayəsində polislər onun nəinki bütün hərəkət trayektoriyasını, həm də istifadə etdiyi avtomobilləri öyrənə bildilər.
Cekin 1990-cı ilin sentyabrında Çexoslovakiyada olduğunu öyrənən polis orada da bənzər qətllərin baş verib-verməməsini öyrənmək üçün Praqaya sorğu göndərdi və məlum oldu ki, həmin vaxt Vltava çayı sahilində 30 yaşlı Blanka Boçkovanın meyiti tapılıb. Şahidlərin sonuncu dəfə 40 yaşlı bir kişi ilə gördükləri Boçkovanın boğazında həm əllə, həm də iplə boğulma izləri vardı.
Axtarış zamanı tapılan sənədlər arasında Cekin Praqada icarəyə avtomobil götürməsinin qəbzi də vardı. Maşın artıq metallolomda olsa da, analiz onun oturacağında tapılan saç nümunələrindən birinin Boçkovaya aid olduğunu təsdiqlədi. Belə çıxırdı ki, Unterveger ilk qətlini Praqada, həbsdən çıxmasından 4 ay keçməmiş törətmişdi.
1992-ci il fevralın 27-də Cek Unterveger ABŞ-da, Mayami şəhərində həbs olundu. Amerikalılar onun Los Ancelesdə üç qətl törətməsindən şübhələnsələr də, ciddi sübutlara malik deyildilər. ABŞ qanunlarına görə, şübhəli şəxs barədə ittiham hökmü çıxarmaq üçün andlıların yekdil rəyi lazımdır. Avstriyada isə rəy səs çoxluğu ilə verilirdi. Buna görə də amerikalılar Ceki mayın 27-də Avstriyaya ekstradisiya etdilər.
Unterveger nə istintaqın gedişində, nə də 1994-cü ilin aprelində başlayan məhkəmədə günahını etiraf etmədi. O, yaxşı müdafiə olunurdu. Vəkilləri onun alibisinin olmamasını belə müsbət məqam kimi təqdim etməyə çalışırdılar. “Belə ağıllı adam özünə mütləq alibi düzəldərdi, əgər ehtiyacı olsaydı” — vəkil Georg Tsanger məhkəmədə bildirirdi.
Andlıların əksəriyyəti Untervegerə ittiham edilən 11 epizoddan ikisində onu təqsirkar bilmədilər. Digər 9 epizodda altı səs lehinə, iki səs əleyhinə olmaqla təqsirli bilindi. İyunun 29-da hakim Cek Untervegeri şərti azadlığa çıxmaq hüququ olmadan ömürlük azadlıqdan məhrum etdi.
Bundan bir neçə saat sonra Unterveger, Grats-Karlau həbsxanasında intihar etdi: ayaqqabı bağlarından və idman şalvarının ipindən düzəltdiyi kəndirlə özünü asmışdı. O, seks işçilərinin boğularaq öldürüldüyü hadisələrdə istifadə olunan eyni düyünü tətbiq etmişdi. Unterveger haqqında hökm qanuni qüvvəyə minmədiyindən o, məhkum deyil, şübhəli şəxs kimi öldü.