İsrailin daxili kəşfiyyat agentliyi Şin Bet baş nazir Binyamin Netanyahuya sui-qəsd hazırlamaqda şübhəli bilinən bir qadının həbs edildiyini açıqlayıb.
Tacxeber.comxəbər verir ki, açıqlamada bildirilir ki, şübhəli Netanyahuya əldəqayırma partlayıcı qurğu ilə hücum planlaşdırarkən tutulub.
Bildirilib ki, şübhəli şəxs barəsində “cinayət törətmək üçün sui-qəsd” və “terror aktı planlaşdırmaq” ittihamları ilə ittiham aktı hazırlanacaq. İsrailin aparıcı media orqanı olan KAN-ın xəbərinə görə, şübhəli təxminən iki həftə əvvəl saxlanılıb. İlkin sorğu-sualdan sonra şübhəli dövlət qurumlarına girişinə qadağa qoyulması və Netanyahuya yaxınlaşmaması şərti ilə sərbəst buraxılıb.
Sui-qəsd cəhdi iddiaları fonunda Netanyahunun səhhəti də diqqət mərkəzindədir. Bazar günü xarab qida qəbulu nəticəsində bağırsaq iltihabının inkişaf etdiyi bildirilən baş nazir Qüdsdəki Hadassa xəstəxanasının həkimi professor Alon Herşko tərəfindən evində müayinə olunub. Netanyahunun vəziyyəti yaxşılaşır, o, dehidratasiya üçün venadaxili müalicə alır və həkimlərin tövsiyə etdiyi kimi üç gün istirahət edəcək.
Netanyahunun xəstəliyindən sonra İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben Gvir X hesabında baş nazirə dəstəyini paylaşaraq, “İsrail xalqı və təhlükəsizliyi üçün göstərdiyiniz cəsarəti davam etdirməyinizə ehtiyacımız var” dedi.