Gəlin, həmin yazını birlikdə oxuyaq:
Bu xəbərə zikr etməyəcək qərbçilər. Amma bu qız məhz qərbçiliyin qurbanıdır. Meksika sərhədini keçərkən güllələnib. ABŞ-a, qərbçilərin “cənnət”inə yerləşməyin bir yolu da budur. Sərhədi qanunsuz keçirsən, həbsə düşürsən. Aylarla dözülməz həbsxanada yoxlamalar keçdikdən sonra səni ölkəyə buraxırlar.
Green card udmuş “xoşbəxt” lotereya bileti sahibi deyilsənsə, bu yoldan istifadə etməlisən.
Allah gözəllik verib, istedad verib nə işin var sənin Meksika sərhədində? Qərbçilik narkomaniya kimi təhlükəlidir. Öldürür. Qərbə köç etmiş neçə istedadlı həmvətənimizi illərdir izləyirəm. Heç biri xoşbəxt deyil. Mövcuddurlar yalnız. Çünki xoşbəxtlik üçün Allah insanlara yalnız bir məkan yaradıb vətən! Doğma insanların əhatəsi.
Qabiliyyətsiz, ürəksiz adamlar haqqında bir şey deyə bilmərəm. Onlar üçün vətən məfhumu yoxdur, elə həqiqi xoşbəxtlik də.
Bu yazını oxuyarkən insan istər-istəməz hisslərə qapılır. Həm acı, həm də qəribə bir romantizmlə yazılıb elə bir romantizm ki, vətəni yalnız müqəddəs torpaq kimi idealizə edir, qərbi isə narkomaniya ilə eyniləşdirir. Amma gəlin bir sual verək: xoşbəxtlik doğrudanmı yalnız və yalnız vətəndə mümkündür?
Əgər belədirsə, bəs niyə o qədər azərbaycanlı həkim, alim, mühəndis və sənətçi hazırda qərbdə daha insan kimi yaşayır? Onlar niyə doğma əhatədən qaçaraq, öz ölkələrində ala bilmədikləri azadlıq, hüquq, şəffaflıq, təhsil və səhiyyə sistemi üçün çətin yolları seçirlər?
Qərb bəli, mükəmməl deyil. Amma orada yaşamaq istəyənləri qərbçiliyin qurbanı adlandırmaq, çox kobud və təhlükəli bir sadələşdirmədir. Elə bil azadlıq axtarışı, imkan istəyi, həyat keyfiyyəti arzusu bir günahdır.
Qaldı ki, qabiliyyətsiz, ürəksiz adamlar üçün vətən məfhumu yoxdur. fikrinə bu, artıq insanların seçimlərinə təhqirdir. Bəlkə də kiminsə həyat mübarizəsi, vətəndə boğulduğu susqunluq, haqsızlıq və yoxsulluq onun ruhunu elə əzir ki, doğma divarlar belə yad görünür. Bu insanlara ürəksiz demək deyil, bəlkə də yaralı demək daha doğrudur.
Vətən yalnız torpaq deyil, vicdandır, azadlıqdır, söz haqqıdır.
Sonra məlum olur ki,
Albina Pyakşeva ölməyib. Məqsədim Albina xanımın başına gələnləri araşdırmaq deyil saytlar yazır ki, sağdır. Allah köməyi olsun! Sadəcə Müşviq bəyin bu tələsik yazısı sanki bir insanın ölümünü gözləyirmiş kimi görünür. Baxırsan ki, bir yalanın üstündə də vətənpərvərlik romantizminin uçuq divarları tikilir fundamenti olmayan, emosiyadan hörülmüş divarlar.
Əslində bu reaksiyada qəribə bir məntiq var: insan ölməmiş olsa belə, ölmüş kimi görünməsi fürsət bilinib. Niyə? Çünki vətən haqqında pafoslu nəsə yazmaq, qərbi pisləyib özümüzü ideallaşdırmaq üçün bizə həmişə bir qurban lazımdır. Gerçək olub-olmaması vacib deyil. Yetər ki, bir az gözəllik, bir az istedad və bir az da ölüm havası olsun. Qalanını “qəlbimizin səsi” danışar…
Bəs bu pafosun içində həqiqət hardadır?
Həqiqət budur:
Qərbi tənqid etmək üçün bizə yalan lazım deyil.
Vətəni sevmək üçün başqalarının torpağını ləkələmək də vacib deyil.
Əgər mühacirət edən hər kəs “xoşbəxtsiz” sayılırsa, bu artıq şəxsi əxlaq deyil, siyasi gündəmdir.
Əgər vətəni tərk edənlər “qabiliyyətsiz” və ya “ürəksiz” elan olunursa
bu artıq empatiya deyil, sərt bir ittihamdır.