Şəxsi gigiyena, xüsusilə ağız boşluğu gigiyenasıəsrlər boyu insanlar üçün önəmli olub.
Hələ qədim sivilizasiyalar anlayırdılar ki bu, sağlamlığın və yaxşı əhval-ruhiyyənin təminatıdır. Bəziləri yeməkdən sonra qalan qırıntını çıxarmaq üçün sadəcə budaq və ya barmaqdan, digərləri təbaşir, kül, hətta heyvan sümüklərinin üyüdülməsindən hazırlanmış diş tozundan və parçadan istifadə edirdilər.
Diş fırçasına bənzər əşya haqqında ilk məlumat eramızdan əvvəl təxminən 3500-cü ilə, qədim Babilə aiddir. Bu, ucu itilənmiş budaq idi və dişlər arasındakı boşluqları təmizləmək üçün istifadə olunurdu. Belə alətlər yunanlar və romalılara məlum idi, lakin onlar həm də lələkdən istifadə edirdilər.
Müasir diş fırçasına az-çox bənzəyən alət isə XV əsrdə Çində icad olundu: yerli ixtiraçılar donuzun boynundan alınan tükləri bambukdan hazırlanmış saplağa bərkidirdilər. Sonralar bambuk əvəzinə sümük istifadə edildi. Ancaq o dövrdə bu təcrübə əsasən əyanlar arasında yayılmışdı.
Kommersiya məqsədli diş fırçası nə zavodda, nə evdə, nə də qarajda yox, məhz həbsxanada icad olunub! Uilyam Addis adlı bu ixtiraçı XVIII əsrin ikinci yarısında İngiltərədə üsyana çağırışa görə həbs olunmuşdu. Ağıllı və mədəni biri olan Addis hətta dəmir barmaqlıqlar arxasında belə, yaxşı görünmək və sağlam dişlərini nümayiş etdirmək istəyirdi. Lakin o dövrdə dişləri təmizləmək üçün geniş yayılmış üsul — duz və küllə isladılmış parçanı bəyənmirdi.
Bir gün nahardan sonra o, boş sümük parçasını özü ilə kamerasına apardı, diqqətlə nəzərdən keçirdi və onun fırça üçün ideal əsas ola biləcəyini düşündü. Addis sümüyün üzərində dəliklər açdı və ora donuz tükü yerləşdirdi, tükü isə məftillə bərkidərək sabitlədi — bunların hamısını o, gözətçidən xahişlə əldə etmişdi.
Fırça onu razı saldı və o, 1780-ci ildə azadlığa çıxdıqdan sonra “Addis Manufacturing Company” adlı şirkət qurdu. Bu, dünyada diş fırçası istehsal edən ilk kommersiya şirkəti idi.
Biznes dərhal uğur qazandı. 28 il ərzində Uilyam Addis böyük sərvət topladı, lakin 1808-ci ildə vəfat etdi. Şirkəti oğlu kiçik Uilyam Addis davam etdirdi və xarici bazara çıxdı. İkinci dünya müharibəsinin başlanğıcına qədər şirkətdə artıq 650 nəfər çalışırdı. Hazırda isə bu rəqəm bir neçə min nəfəri keçib və illik istehsal 70 milyon diş fırçasını ötür.
Baxmayaraq ki, diş fırçaları getdikcə populyarlaşırdı, bir çox insanlar hələ də onlardan imtina edirdilər. Çünki donuz tükü çox sərt idi və suyu asanlıqla hopdurduğundan bakteriyaları saxlayırdı.
Bu problemi həll etməyə bir çoxları çalışırdı, lakin yolunu tapmaq plastik sənayesinin o dövrdəki qabaqcıl nümayəndəsinə qismət oldu. XX əsrin əvvəllərində diş fırçalarının saplaqları əsasən sellüloid materialından hazırlanırdı və 1938-ci ildə ABŞ-ın DuPont şirkəti yumşaq neylon ixtira etdi və ondan diş fırçalarının tükləri üçün yararlandı. İlk nümunə 1938-ci il fevralın 24-də satışa çıxdı.
1954-cü ildə Filipp-Gay Vuq adlı stomatoloji avadanlıq istehsalçısı “Broxodent” ticarət markası altında şəbəkəyə qoşulan elektrikli fırçanı təqdim etdi. Lakin yüksək qiymətə görə bu model geniş yayılmadı.
1960-cı illərdə isə “General Electric” şirkəti akkumulyatorla işləyən, naqilsiz diş fırçası təqdim etdi.