I YAZI
Onu azadlığa buraxmağı tələb edənlərin ikisi Nobel mükafatçısı idi…
Avstriyalı Cek Unterveger silsilə qatil idi. Amma onun əhvalatı sıradan bir – ifadə caizdirsə, – silsilə qatilin əhvalatı deyil. Ömürlük həbsə məhkum edilən Unterveger əksəriyyəti islah olduğuna inandırmışdı. Ölkə intellektualları onun azad edilməsi üçün kampaniyaya başladılar və əfvinə nail oldular. O isə azadlığa çıxar-çıxmaz hamını peşman etdi. Əhvalatın başqa inanılmaz özəllikləri də var. Məsələn, siz qatilin öz cinayətlərini araşdıran polis zabitindən jurnalist kimi müsahibə alması barədə eşitmisinizmi? Unterveger bunu etmişdi. Bir sözlə, bu məqalədə bir yazıçının, bir ssenaristin fantaziyasına sığmayacaq əhvalatdan bəhs edilir.
Məqalənin baş personajı 1950-ci ildə Avstriyanın Yudenburq şəhərində anadan olub. Yeri gəlmişkən, Yudenburqun mənası “Yəhudi şəhəri” deməkdir. Maraqlıdır ki, Avstriyanın 1938-ci ildə nasist Almaniyasına birləşdirilməsindən (anşlüs) sonra da şəhərin adı dəyişdirilməyib. Hərçənd, belə təkliflər vardı və irəli sürülən adlardan biri də Hitlerin şərəfinə Adolfsburq idi. Hər halda, adı dəyişməsələr də, əhali tərkibini dəyişdilər: şəhərdəki yəhudilərin, demək olar, hamısı ölüm düşərgələrində həyatlarını itirdilər.
Anadan olanda Yohan adı verilən personajımızın Tereziya adlı anası müxtəlif xırda-para əliəyriliklərlə, oğuluq və fırıldaqla məşğul olurdu. Atası isə məlum deyildi, Tereziyanın dediyinə görə, ABŞ ordusunun Cek Bekker adlı əsgəri idi — o zaman Avstriya dörd qalib dövlət tərindən işğal olunmuşdu. Tereziya oğlunu da Cek adlandırmağa başladı və o, sonralar bu adla tanındı.
Cekin yaşyarımlıq olanda Tereziya onu öz atasının himayəsinə verir. Tez-tez evdən qaçan, avaralığa meylli uşağın 8 yaşı olanda babası onu saxlamaqdan imtina etdi. Bundan sonra o, bir müddət başqa ailədə, daha sonra islah məktəbində yaşadı. 1965-ci ildə məktəbi tərk etdi və hotellərdə ofisiant işləməyə çalışır. İlk məlum cinayətini də iş yerində törədir. Hoteldə qalan iki qonaqdan 527 şillinq oğurladığına görə 1966-cı ilin noyabrında həbsə düşür.
Ümumən 1966-1974-cü illərdə Cek 16 dəfə məhkum edilir: əsasən oğurluğa görə. Sonrakı əməllərinə seksual zorakılıq da əlavə edilir. Hərçənd, hər dəfə inanılmaz yumşaq cəzalarla qurtulur.
Onun ilk qətlə yetirdiyi şəxsin Maritsa Horvat olması təxmin edilir. 23 yaşlı qızın cəsədi 1973-cü il aprelin 1-də Zalsburq yaxınlığındakı Zalsax gölündə tapıldı. Qız çılpaq idi, əlləri qalstukla və öz kolqotkası ilə bağlanaraq suya atılmışdı. Bu işlə bağlı Unterveger şübhəli bilinərək həbs də edildi, amma günahının sübutu tapılmadı, üstəlik, sevgili olduğu qız onun xeyrinə yalan ifadə verərək, alibi yaratdı.
Amma növbəti cinayətini 1974-cü ilin dekabrında Qərbi Almaniyanın Hessen vilayətində törədən Cek belə asanlıqla qurtula bilmədi. Unterveger 18 yaşlı Marqaret Şeferi meşəyə apararaq polad çubuqla vurdu, soyundurdu, kolqotkası ilə əllərini bağladı, sonra da büstqalteri ilə boğazında xüsusi, “sürüşkən” düyün vurub boğdu.
Bu dəfə polis qatilin izinə asanlıqla düşdü. Belə ki, Marqaret Cekin həmin vaxt sevgilisi olan Barbara Şoltsun rəfiqəsi idi. Məhz bunun sayəsində maşına oturmuşdu. Onları bir yerdə görən şahidlər vardı. Polis Barbaranı dindirdi, o da qətli sevgilisinin törətdiyini, özünün bu zaman avtomobildə olduğunu söylədi.
Saxlanılan Cek Unterveger əvvəlcə günahını inkar etdi, sonra isə cəzasını yüngülləşdirmək üçün cinayəti güclü narkotik maddənin təsiri altında törətdiyini söylədi, axırda da psixoloji fəndə əl ataraq, guya Marqaret Şeferin simasında uşaq vaxtı onu tərk edən anasını gördüyündən öldürdüyünü dedi. Amma bütün bunların xeyri olmadı. Məhkəmə 1976-cı il iyunun 1-də Cek Untervegeri ömürlük azadlıqdan məhrum etdi.
Gözləmək olardı ki, Marqareta Şeferi sadəcə qətldən həzz aldığı üçün öldürməsi barədə psixoloqların rəy verdikləri qəddar, 26 yaşında ömürlük həbsə “nail” olmuş kütbeyin caninin əhvalatı burada bitməli, ömrünün qalan hissəsini həbsdə keçirməli idi. Lakin elə olmadı: daha heyrətamiz hadisələr hələ qabaqda idi.
***
İkinci dünya müharibəsindən sonra Avstriyanın aparıcı siyasi təşkilatı Sosialist partiyası (SPÖ, 1991-ci ildən Sosial-demokrat partiyası adlanır) idi. Partiya 1945-ci ildən Avstriya Xalq Partiyası (ÖVP) ilə birlikdə hökumət koalisiyası təşkil edirdi. 1966-cı il seçkilərində ÖVP təkbaşına hökumət quracaq qədər səs topladığından SPÖ müxalifətdə qaldı. Əvəzində 1970-ci il seçkilərindən sonra sosialistlər təkbaşına iqtidar oldular və bu vəziyyət tam 30 il davam etdi.
1970-1983-cü illərdə Avstriyanın ədliyyə naziri vəzifəsini Kristian Broda tuturdu. O, məsul olduğu sahə üzrə bir sıra mütərəqqi islahatlar keçirdi və ümumən Avstriya tarixində müsbət fiqur kimi qaldı. Bununla belə, o, “həbsxanasız cəmiyyət” kimi utopik görüşə sahib idi. Hesab edirdi ki, istənilən insanı islah etmək və yenidən cəmiyyətə qazandırmaq mümkündür. Gəncliyində kommunist olan Broda, görünür, kommunizm quruculuğunun şərtlərindən biri olan “insanın kommunist ruhunda tərbiyəsi” konsepsiyasını unutmamışdı.
Unterveger də məhz belə bir dövrdə həbsə düşdü. Onun cəza çəkdiyi müəssisə resosializasiyanın öncüllərindən idi. Cek burada yaranan asudə vaxtını öz inkişafına həsr etdi: orta məktəb kursunu başa vurdu, çoxlu kitab oxudu və özü yazmağa başladı: əvvəlcə hekayələr, sonra daha böyük həcmli əsərlər. Tezliklə aşkar oldu ki, sən demə, bu sahədə istedadı varmış.
Artıq 1970-ci illərin sonlarında ədəbi tənqidçilər Untervegerin yaradıcılığını yüksək qiymətləndirirdilər. Əvvəlcə ona yerli radioda iş təklif etdilər. Həftədə bir dəfə radio operatoru həbsxanaya gəlir, Untervegerin uşaqlar üçün yazdığı və mikrofon qarşısında səsləndirdiyi əsərləri lentə yazırdı.
Cekin 1982-ci ildə yazdığı “Fegefeuer oder die Reise ins Zuchthaus” (“Araf və ya həbsxanaya gedən yol”) adlı avtobioqrafik və avtopsixoloji romanı xüsusi populyarlıq qazanıb, bestsellerə çevrilir. 1988-ci ildə ekranlaşdırılan bu romanda, eləcə də digər əsərlərində müəllif özünün cinayətkara çevrilməsində ağır uşaqlığını, anasını, guya onunla sərt davranan babasını (şahidlər bunu inkar edirdilər), mühiti günahlandırır, sinfi ziddiyyətlərdən bəhs edir.
Belə yanaşma Avstriyanın solçu intellektuallarının ürəyincə idi və Untervegerə onların dəstəyini qazandırdı. Cəmiyyətin dibindən çıxmış, şərtlərin qatilə çevirdiyi şəxsin islah olunub yazıçıya çevrilməsi, cəmiyyətin problemlərinə işıq salması mənzərəsi çox cəlbedici idi. “Cəmiyyətin problemlərini səsləndirməklə onları həll etmək mümkündür – intellektuallar üçün Unterveger bu ümidin simvolu idi. Ona inanmaq istəyirdik”, – yazıçı və aparıcı Peter Hümer sonralar xatırlayacaqdı. “Araf” dərin sosial məzmunlu əsər kimi hətta məktəb proqramına salındı.
1980-ci illərin ortalarında, ömürlük həbsə məhkum edilməsindən 10 il keçər-keçməz Avstriyada Untervegerin azadlığa buraxılması üçün kampaniya başladı. Bu kampaniyaya ölkənin bir çox tanınmış sənət adamları, o cümlədən, 2004-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alacaq Elfrida Yelinek də qoşulmuşdu. Hətta cinayət törətdiyi Almaniyadan da Ceki dəstəkləyənlər vardı ki, onların sırasında daha bir gələcək (1999-cu ildə) Nobel laureatı vardı: Günter Qrass.
“İslah olunmuş” cinayətkarın əfvi ilə bağlı ilk müraciətləri Avstriya prezidenti Rudolf Kirxşleger rədd etdi. O bildirdi ki, məhkəmə hökmündə Untervegerin şərti azadlığa çıxması üçün 15 il sonra müraciət edə biləcəyi göstərilib və bu müddət keçməmiş əfvindən söhbət gedə bilməz.
Cek Unterveger həbsindən tam 15 il sonra, 1990-cı il mayın 23-də vaxtından əvvəl şərti azadlığa buraxıldı. Psixoloji və psixiatrik ekspertiza onu öz həyatını və baxışlarını yenidən dərk etmiş, aqressiyasını yaradıcılıqla ifadə etməyi öyrənmiş və azadlığa buraxılması mümkün biri saydı. “Bizim azadlığa bu qədər hazır başqa məhkumumuz heç zaman olmayacaq”, – həbsxananın müdiri də belə demişdi.
Cek Untervegerin yeni bir insana çevrilməsinə inanan Avstriya intellektualları bəlkə də Fransa yazıçısı və dramaturqu Jan Jeneni yada salırdılar. Amma Jene gəncliyində sadəcə oğru olmuşdu, kimsəni nəinki qətlə yetirməmiş, heç zorakılıq da etməmişdi. Unterveger isə, psixoloqların rəyinə görə, 18 yaşlı Marqareta Şeferi sadəcə qətldən həzz aldığı üçün öldürən birisi idi.
Onun azadlığa buraxılmasını istəyənlər bir şeyi diqqətdən qaçırırdılar. Cek özünün avtobioqrafik əsərlərində hamını – anasını, babasını, mühiti, cəmiyyəti, dostlarını – günahlandırırdı, təkcə özündən başqa. Özünün prototipi olan qəhrəmanların törətdiyi cinayətlər də adətən daha yüngül olur, gah maşın oğurlayır, gah eynicinsli seksə təhrik edən kişini döyür.
Məşhur “Araf”da isə polad çubuqla döyüb boğaraq törətdiyi qətlin əvəzinə belə bir səhnə yer alırdı: “Onun biləyini sıxıram — həddindən artıq bərk. Bunun fərqindəyəm, amma dayana bilmirəm. Bunu etməyə ehtiyacım yoxdur. Bilirəm. Amma mən — artıq mən deyiləm. Hər şey elə bil mənim vasitəmlə baş verir, şüşənin arxasından baxırmışam kimi: tutqun, təhrif olunmuş, laqeyd… O nəfəs almadıqda sakitlik çökür. Yalnız o zaman nə etdiyimi anlayıram. Yalnız o zaman günahımı görməyə — yox, hiss etməyə başlayıram”.
Belə yanaşma müəllifə törətdiyi əməldə öz günahının təhlilindən yayınmaq imkanı verir. O, heç peşmanlıq da ifadə etmir. Axı hər şey onun iştirakı ilə yox, onun vasitəsilə baş verib. Özünün burada rolu yoxdur.
Amma Untervegerin azadlığı üçün illərlə mübarizə aparan və Avstriyanın intellektual elitası sayılan insanlar bunu yox, görmək istədiklərini görürlər. Onların görmək istədiyi isə daxilindəki şərin deyil, şərtlərin və cəmiyyətin qatilə çevirdiyi insanın yenidən tərbiyə olunub toplumun layiqli üzvünə çevrilməsidir. Cekin həbsdə psixoloji və psixiatrik ekspertizasını aparanlar da, çox güman, qarşıdakının yazıçı şöhrətinin əsarətində idilər.
Qanuna görə, şərti azadlığa çıxan dustağa sosial qurumlar nəzarət etməlidir. Cek Untervegerə də belə bir qəyyum təyin edilib, amma formal olaraq. Axı başqa dustaqlardan fərqli olaraq, Cek üçün nə mənzil, nə iş tapmağa, nə kiminlə oturub-durduğuna nəzarət etməyə ehtiyac yoxdur. Əsərləri ona xeyli gəlir gətirib, Cek Avstriya telekanallarının və radiolarının mütəmadi qonağıdır: müxtəlif sosial mövzular, o cümlədən cinayətkarlıq haqda fikirlərini bölüşür.
Üstəlik, xeyli fanatı var, əsasən də qadınlar. Onların arasında hətta Cekə “sponsorluq” edənlər də mövcuddur. Ümumiyyətlə, qadınların öz həmcinslərini amansızlıqla öldürən silsilə qatillərə anlaşılmaz isti münasibəti çox maraqlıdır. Dəfələrlə nümayiş olunan bu təzahürün ən yaddaqalan nümunəsi yəqin ki, Unterveger və amerikalı Ted Bandidir.
Həm əsərlərinin qonorarı, həm mətbuata müsahibələrlə qazandıqları, həm də qadınların verdiyi “xərclik” Cekə dəbdəbəli həyat sürməyə imkan verir. Bahalı kostyumlar geyir, “Ford Mustang” sürür, tanınmış adamların çevrəsində dolanır. Sosial qəyyum da belə birisinə nəzarət etməklə vaxtını və zəhmətini hədər etmək istəmir.
1991-ci ilin əvvəllərindən etibarən mətbuatın Untervegerə tələbatı daha da artdı: ölkədə amansızlıqla öldürülən və əsasən seks işçiləri olan qadınların cəsədləri tapılırdı. Jurnalistlərin bu mövzuda sanballı mütəxəssisə ehtiyacları vardı və onlar Untervegerə müraciət etdilər. Həmin qadınları qətlə yetirən şəxsə…
(Davamı var)