Kənd yerlərində yaşayanlar, əkin-biçinlə məşğul olanlar bu alaq bitkisini çox yaxşı tanıyırlar.
Tacxeber.com bu möcüzəvi bitkinin faydalarından və kulinariyada necə istifadə edilməsindən yazacaq.
4 min illik tarixi olan pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.
XIX əsrdə Avropaya gətirilən pərpətöyünü Qədim Misirdə xörəyə əlavə ediblər.
Orta əsrlərdə Ərəblər pərpətöyünü “bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü “istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.