32 C
Bakı
24 İyul 2025 20:01
CəmiyyətHadisəSiyasət

Neftdən Tranzitə: İlham Əliyevin 12 saniyəlik iqtisadi vektoru

Şuşada keçirilən III Qlobal Media Forumu, İlham Əliyevin uzun zamandır ilk dəfə açıq auditoriya qarşısında iqtisadi vizyonunu ifadə etməsi üçün nadir bir fürsət yaradırdı. Amma bu fürsət də, əvvəlkilər kimi, konkret ideya və strategiyaların yoxluğu ilə yadda qaldı. Forum çərçivəsində Vaşinqtonda yerləşən Global Policy Institute rəhbəri Paolo von Schirachın ünvanladığı sual, “Azərbaycanın və regionun inkişaf vektorları nədən ibarətdir?”, fundamental əhəmiyyət daşıyırdı ( Paolo von Schirach 2025). Cavab isə cəmi 12 saniyəlik bir açıqlama oldu: “Əsas prioritet faydalı qazıntılar deyil, informasiya texnologiyaları və süni intellekt sahələridir. Süni intellektlə bağlı aparıcı şirkətlərlə əməkdaşlıq edirik…” (İlham Əliyev, 2025)

Bu cümlələrdən sonra çıxarılası nəticələr yalnız bu suallara cavab vermək cəhdidir: Azərbaycan hökuməti, daha dəqiq desək prezident İlham Əliyev ölkənin iqtisadi gələcəyi ilə bağlı nə düşünür? Hansı vektoru seçir və bu vektor nə qədər real və dayanıqlıdır?

İki cümləlik strategiya

İqtisadi strategiyanı formalaşdırmaq dövlət idarəçiliyinin təməl komponentlərindən biridir. Amma görünən odur ki, Azərbaycanın siyasi rəhbərliyi bu sahəyə etinasız yanaşır. Əgər bir ölkənin prezidenti iqtisadi inkişafla bağlı suallara 12 saniyəlik, üstəlik, konkret planlardan uzaq bir cavab verirsə, bu, həmin ölkənin iqtisadi gələcəyi ilə bağlı planın olmadığını göstərir.

Əliyevin çıxışında vurğuladığı informasiya texnologiyaları və süni intellekt sahələri Azərbaycan reallığında nə infrastruktur, nə insan kapitalı, nə də texnoloji mühit baxımından hazırdır. Bu sahələrdə əməkdaşlıq iddiası isə sadəcə beynəlxalq auditoriyaya yönəlik PR mesajı kimi görünür.

Yeni xilaskar: Tranzit və yaşıl enerji

Əliyevin daha geniş danışdığı məsələ, Azərbaycanın tranzit mərkəzə çevrilməsi arzusudur. Xüsusilə də, regiondakı yeni geosiyasi şərtlər – Rusiya ilə Qərb arasındakı qarşıdurma və onun yaratdığı nəqliyyat vakuumu – Azərbaycanı müvəqqəti olaraq logistika baxımından cəlbedici edib. Amma burada bir sıra suallar doğur:

  • Tranzit iqtisadiyyatı uzunmüddətli dayanıqlı strategiya ola bilərmi?

  • Bu sektorun yaratdığı gəlir 11 milyon insanın rifahını təmin edə bilərmi?

  • Regionda geosiyasi şərtlər dəyişərsə və Azərbaycan tranzit ölkə olaraq strateji əhəmiyyətini itirərsə, taleyimiz necə olacaq?

“Tranzit mərkəz” konsepti də birbaşa kirayə iqtisadiyyatının yeni formasıdır. Neftlə dolanmaqdan fərqli olaraq, bu dəfə “coğrafi mövqe” kirayəyə verilir. Amma bu da xarici aktorların şərtlərinə bağlı və qeyri-müəyyən gəlir mənbəyidir. (Jody LaPorte, 2024)

Yaşıl enerji məsələsinə gəlincə, bu sahədə Azərbaycanın ciddi potensialı olduğu söylənsə də, infrastrukturun inkişaf səviyyəsi və texnoloji baza hələ yolun başlanğıcındadır. Buradan real ixrac gəliri əldə olunması üçün illərlə vaxt və milyardlarla investisiya tələb olunur (Yana Zabanova, 2024)

Tək adamın iradəsinə tabe iqtisadiyyat

Azərbaycan reallığında iqtisadi qərarların mərkəzində yalnız bir fiqur dayanır – prezident İlham Əliyev. İqtisadi vektorlar, inkişaf planları və beynəlxalq əməkdaşlıqlar hökumət və ya parlament səviyyəsində deyil, prezidentin öz çıxışları və təşəbbüsləri ilə müəyyən olunur. Bu isə planlı inkişafdan yox, spontan və siyasi baxımdan faydalı görünən istiqamətlərə sərmayə axınından xəbər verir. Belə şəraitdə isə strateji iqtisadi proqramın sistemli olması mümkün deyil. Strateji istiqamətlər də, investisiya sahələri də, əslində, yalnız bir şəxsin taktiki maraqlarına, hətta bəzən əhvalına, hansı ölkə liderinə sevgi, hansı ölkə lideri ilə sevgisiz yanaşmasına  bağlı qalır.

12 saniyədən 12 il sonraya

Neft hasilatının təbii azalması, qaz ixracatının artmasının bu itkiləri kompensasiya edə bilməməsi və dünyada yaşıl enerji keçidinin dönməz prosesə çevrilməsi Azərbaycanın mövcud iqtisadi modelini kökündən sual altına alır (Jody LaPorte, 2024). Hazırkı “kirayəçi dövlət” modeli, yəni iqtisadiyyatı resursların və coğrafi mövqenin qısamüddətli kirayəsi üzərində qurmaq, ölkə iqtisadiyyatının gələcəyini sual altına alır. İlham Əliyevin 12 saniyəlik ümumi cavabı da, məhz bu qeyri-müəyyənliyin və iqtisadi strateji düşüncənin olmamasının sübutudur.

Əgər bu gün Azərbaycanın geosiyasi üstünlüyü, yəni Rusiyanın təcridi və alternativ nəqliyyat marşrutlarına olan tələbat, müəyyən gəlir vəd edirsə, bu vəziyyətin sabit və qalıcı olacağına zəmanət yoxdur. Qlobal siyasi balanslar dəyişəndə, Azərbaycan bu mövqeyi asanlıqla itirə bilər. Bu halda, iqtisadiyyatın hansı yeni dayaqlar üzərində duracağı, hansı sahələrin böyüyəcəyi və cəmiyyətin rifahını təmin edəcəyi kimi suallar cavabsız qalır.

Daha öncə enerji resurslarının yaratdığı daimi gəlirlər hökumətə iqtisadi planlaşdırma zərurətində “azadlıq” vermişdi. Amma indi bu dövr geridə qalır. Yeni reallıq çevik iqtisadi düşüncə, sahələrin şaxələndirilməsi, insan kapitalına sərmayə və texnoloji ekosistemin qurulmasını tələb edir. Lakin bu tip struktur islahatlarının baş verməsi üçün siyasi iradə və institusional şəffaflıq tələb olunur. Prezidentin çıxışında bu sahələrin heç birinin izinə belə rast gəlinmir. Daha doğrusu, Azərbaycanın sərt avtoritar sistemi bu sahələrin gələcəkdə də mövcudluğunu mümkünsüz edir.

Digər tərəfdən, strateji planlaşdırmanın şəxsləndirilməsi, yəni iqtisadi vektorların yalnız bir liderin dünyagörüşü və gündəlik ritorikasına bağlanması, sistemsizlik və qeyri-davamlılıq yaradır. Bu, həm də beynəlxalq investorlar üçün risk siqnalıdır. Çünki iqtisadi siyasətin fərdi qərarlarla dəyişə bilməsi əlverişli investisiya mühitinə zəmanət vermir.

Üstəlik, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələrin adının çəkilməsi, əgər real infrastruktur və təhsil bazası ilə müşayiət olunmursa, sadəcə görüntü yaratmaq üçün istifadə edilən boş etiketlərə çevrilir. Bu sahələrə keçid, təkcə xarici əməkdaşlıqlarla deyil, daxili potensialın sistemli şəkildə inkişafı ilə mümkündür. Hazırda isə nə ali təhsil, nə də innovasiya infrastrukturu bu keçidə hazırlanır.

Nəticə olaraq, Azərbaycanın qarşısındakı əsas seçim bundan ibarətdir: ya iqtisadi vektorun şəxsi ritorikalardan çıxarılıb, strateji və kollektiv planlaşdırma modelinə keçirilməsi təmin olunacaq, ya da ölkə tranzit ambisiyalarının və postsovet neftçilik modelinin tükəndiyi bir məqamda yeni iqtisadi və sosial böhran dalğaları ilə üz-üzə qalacaq.

Bu səbəbdən, ölkə başçısının ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı verdiyi cavab təkcə 12 saniyəni deyil, qarşıdakı 12 ili və daha çoxunu müəyyən etməli idi. Ancaq görünən odur ki, Azərbaycanın hakimi-mütləqi ölkə iqtisadiyyatının gələcəyini cəmi 12 saniyəyə dəfn etməyə üstünlük verdi.

 

Emin Aslanov

Tacxeber.com

Oxşar xəbərlər

Orban bu ölkəni yırtıcı adlandırdı: Avropa İttifaqı ondan qorxur

redaktor

Təyyarə Viktoriya gölündə düşdü

admin

DİN Qəbələdə azyaşlının döyülməsi məsələsinə münasibət bildirdi.

admin