22.5 C
Bakı
29 İyun 2026 07:01
CəmiyyətDigərGündəm

Məni bu ölkənin vəhşi nizamı utandırdı.

Bu gün Əvəz Zeynallıya baş çəkdim. Xəstə halı ilə kitablarını sataraq müalicəsi üçün vəsait toplayırdı. Düzdür, burda pis heç nə yoxdur, insan öz zəhməti ilə, qələmi ilə yaşamaq, sağalmaq istəyir.

Amma mən utandım.

Utandım, Əvəz Zeynallı kimi bir ictimai şəxsin xəstə halıyla kitablarını sataraq müalicə üçün vəsait toplamağa çalışmasından.
Bu təkcə bir insanın faciəsi deyil, bütöv bir cəmiyyətin faciəsidir. Adamlar gəlirdi, kitab alırdı. Bu onu göstərirdi ki, bu xalqın ləyaqət hissi, vicdanı hələ ölməyib.

Utanc hissi keçirməyim sadəcə bir adamın xəstəliyinə deyil, bu ölkənin reallığına idi.
Mən Əvəz Zeynallının vəziyyətinə görə yox,özümüzə görə utandım.
Göylərə baş çəkən, günəşə dikələn neft buruqlarının əvəzinə utandım.

Sərvəti ilə “nərəsi”, “kürüsü” ilə tanıdığımız Xəzər dənizinin əvəzinə utandım.
100-lərlə maşın kolleksiyası olan icra başçılarını düşündüm. Hə, mən onlara görə də utandım. Amma onlar mənim utancımı anlamazlar. Çünki onların utanc yeri çoxdan yoxa çıxıb.. Həmin yerdə artıq toxluq var,harınlıq var, haramçılıq var, məsuliyyətsizlik var.

Bir xalqın söz adamı, qələm əhli, illərlə ictimai rəyin formalaşmasında rolu olmuş bir insan xəstə düşdüyündə yeganə ümidini yenə öz zəkasına, kitabına bağlayır. Kiməsə imza vermək üçün yox, kiminsə həyatına toxunmaq üçün yox… sadəcə sağ qala bilmək üçün.
Bu, bir şəxsin dramı deyil. Bu, bir xalqın dramıdır. Bu, sükuta qərq olmuş yüzlərlə, minlərlə adamın – şairlərin, jurnalistlərin, müəllimlərin, həkimlərin gizli fəryadıdır.

Əslində bu utanc mənim deyil. Amma mən daşıyıram, biz daşıyırıq. Çünki vicdan sahibləri daşıyır. O maşın kolleksiyalı məmurlar daşımaz bunu. Onlar üçün Əvəz Zeynallı bir adda, bir paylaşmada bitər. Amma bizim üçün o, bir yanğıdır. Bir gerçəkdir.
Bəlkə də bu cəmiyyətin hələ də yaşamasının səbəbi bu cür vicdanlı insanların sağ qalmaq uğrunda mübarizəsidir.

Və bir də:
Məni bu ölkənin vəhşi nizamı utandırdı.

 

Ayaz Arabaçı

Tacxeber.com

Oxşar xəbərlər

“Nəvəm olanda bildim ki…” – Qətlə yetirilən Türkanın valideynləri şok faktlar açıqladı

redaktor

Amerika insan haqlarını pozan İran rəsmilərini və qurumlarını boykot edib.

admin

Oğlunu tərk etdi, həbsdən çıxıb Moskvaya qaçdı, Atatürkdən əfv dilədi… – Nazim Hikmətin film kimi həyatı

admin