Türkiyə mətbuatında yer alan məlumata görə, MHP lideri Dövlət Bahçeli “Prezidentin biri kürd, digəri ələvi olmaqla iki müavini olmalıdır” təklifi ilə çıxış edib. Bahçeli bu addımın “qardaşlığı gücləndirmək üçün” lazım olduğunu bildirib. Türkiyə prezidentinin hazırda müavini olan Cevdet Yılmaz bəzi mənbələrə görə kürd, bəzi mənbələrə görə zaza əsillidir.
Kürdlərə görə zazalar da kürd xalqının bir hissəsidir. Türkiyənin Xarici işlər naziri, 13 il Milli İstihbarat Teşkilatına rəhbərlik etmiş Hakan Fidanın da əslən kürd olduğu ilə bağlı məlumatlar var. Hakan Fidanın Hesena kürd tayfasından olduğunu tayfanın təmsilçiləri açıqlayıblar. Kürdlər Türkiyə hakimiyyətində həmişə təmsil olunmasına baxmayaraq ilk dəfədir ki, bunun rsəmiləşdirilməsi təklif olunur.
Prezidentin biri kürd, biri ələvi olmaqla iki müavinin olması Türkiyədə təxminən Livan, İraq sisteminin tətbiq olunması deməkdir. Bahçelinin bu açıqlamasının ardınca MHP-nin Hüquq və Seçki Məsələləri üzrə sədr müavini və İstanbul millət vəkili Feti Yıldız çox diqqət çəkən bir paylaşım edib. Feti Yıldızın sosial şəbəkədə paylaşdığı fotoda masada PKK lideri Abdullah Öcalanın “Demokratik Kurtuluş ve Özgür Yaşamı İnşa (İmralı Notları)” kitabının olduğu aydın görünür.
Belə görünür ki, Öcalanın “Demokratik Kurtuluş ve Özgür Yaşamı İnşa (İmralı Notları)” kitabı türk siyasətçilərinin masaüstü kitabına çevrilib. Belə iddialar var ki, Türkiyənin hakim dairələri Abdullah Öcalanın “Yeni kürd strategiyası”nı mənimsəməyə çalışırlar. Ərdoğanın ifadə etdiyi “Türk-Kürd-Ərəb ittifaqı”, Bahçelinin “Prezidentin biri kürd, biri ələvi iki müavini olsun” təklifi PKK lideri Öcalanın Türk-kürd federasiyası strategiyasının fərqli ifadələrlə cəmiyyətə aşılanmasıdır.
Əlbətdə, bütün bunlar Türkiyə cəmiyyətinin daxili məsələsidir. Ancaq kürdlərin Güney Azərbaycan torpaqlarına iddialarının olmasına görə Türkiyədə gedən prosesləri yaxından izləməyə, Azərbaycan cəmiyyətini bilgiləndirməyə və nəzərə almağa məcburuq. Qənaətimcə, Güney Azərbaycanın strategiyasını müəyyən edənlər Türkiyə, Suriya və İrakda gedən prosesləri hökmən nəzərə almalıdırlar.
P.S. İranın ətrafında və daxilində gedən proseslərlə bağlı daha bir təhlili, “Teokratik rejimin yaşamaq şansı varmı?” başlıqlı yazımı sabah oxuya biləcəksiniz.