Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəzi vəkillərin sosial şəbəkələrdə məhkəmə proseslərini ictimai müzakirəyə çıxarması ilə bağlı açıqlama verib. O bildirib ki, bu cür hallarla bağlı indiyədək xəbərdarlıqlar edilib, lakin bundan sonra daha sərt tədbirlərin görülməsi zəruridir.
Anar Bağırov bu cür halların məhkəmə hakimiyyətini lağa qoymaq və əsassız, xoşagəlməz fikirlərin yayılması ilə nəticələndiyini vurğulayıb. Onun sözlərinə görə, belə vəkillər barədə intizam tədbirləri nəzərdə tutulur:
“Mən istəməzdim ki, məhkəmə hakimləri arasında vəkillər haqqında belə bir fikir formalaşsın ki, vəkillər məhkəmə proseslərini manipulyasiya edir. Biz azad peşə sahibləriyik və peşə azadlığını qorumaq üçün məsuliyyətli davranmalıyıq. Bəzi vəkillər məhkəmə və digər dövlət qurumları barədə əsassız, subyektiv və bəzən həqiqətə uyğun olmayan fikirlər paylaşır. Bu isə böhtan və təhqir kimi qiymətləndirilə bilər”.
Sədr əlavə edib ki, bu cür halların bütün vəkillərə aid edilməməsinə baxmayaraq, belə hallar diqqət mərkəzindədir və həmin vəkillər məsuliyyətə cəlb olunacaqlar.
Anar Bağırov sonda vurğulayıb ki, vəkillərin sayının artması fonunda bu kimi neqativ halların qarşısı alınmasa, Vəkillər Kollegiyasının məhkəmə sistemindəki rolu və nüfuzu zədələnə bilər:
“Biz belə bir mənzərə ilə razılaşa bilmərik və bu istiqamətdə ciddi nəzarət tədbirləri görüləcək. Unutmayaq ki, hər bir vəkil bütün Azərbaycan vəkilliyini təmsil edir. Bir vəkilin səhv addımı bütün Kollegiyanın və cəmiyyətin vəkillik peşəsinə olan münasibətinə zərər vura bilər. Cəmiyyətin vəkillik institutuna münasibəti məhz vəkillərin şəxsi davranışları və ictimai çıxışlarından formalaşır”. (E-huquq.az)