33 C
Bakı
20 İyul 2025 11:06
DünyaSiyasət

Britaniya Rusiyaya hücum üçün F-35-dən üstün yeni qırıcı təyyarə yaradır

Böyük Britaniya İtaliya və Yaponiya ilə birlikdə 2035-ci ilə qədər istismara verilməsi planlaşdırılan səsdən sürətli, radara görünməyən yeni nəsil qırıcı təyyarə üzərində işləyir.

Tacxeber.com“The Telegraph”a istinadla xəbər verir ki, Britaniyada “Tempest” adlandırılan bu təyyarə uzun məsafəli uçuşlara, böyük döyüş yükü və texnika daşımağa hesablanıb. Onun ölçüləri bu təyyarənin düşmən ərazisinin dərinliklərinə yönəlmiş uzaq məsafəli tapşırıqlar üçün nəzərdə tutulduğunu göstərir.

“Böyük ölçülü təyyarə daha böyük yanacaq çənləri deməkdir. Bu isə daha uzun uçuş məsafəsi və daha çox partlayıcı yük daşımaq imkanı verir. Eyni zamanda bu ölçü sayəsində silahlar gövdənin içində yerləşdirilir, bu da təyyarənin səthini hamarlayaraq onun radarlara görünməsini çətinləşdirir”, – deyə The Telegraph qeyd edir.

“Tempest” digər qırıcılarla, pilotsuz uçuş aparatları, quru qoşunları və peyklərlə inteqrasiya olunacaq texnologiyalarla təchiz ediləcək. Bu isə onun arxa baza ilə rabitənin mümkün olmayacağı uzaq döyüşlərə hazırlandığını göstərir.

Gələcək müharibəyə hazırlıq

Ekspertlər bildirirlər ki, əgər NATO ilə Rusiya arasında müharibə başlasa, bu təyyarə Britaniya aerodromlarından qalxaraq radara görünmədən Rusiyaya daxil olub hava hücumundan müdafiə sistemlərini sıradan çıxaracaq və sonra geri qayıdacaq.

Daha da əhəmiyyətlisi odur ki, uzun uçuş məsafəsi yaponiyalı pilotlara gələcəkdə Sakit okean regionunda Çinin materik hissəsinə dərin zərbələr endirməyə imkan verəcək.

“The Telegraph” yazır ki, layihə “Tempest”in Atlantik okeanını havada yanacaq doldurmadan keçə bilməsini nəzərdə tutur – bu isə indiyə qədər Böyük Britaniya Hərbi Hava Qüvvələrinin heç bir qırıcısı üçün mümkün olmayıb.

“Hətta təyyarəni istədiyiniz qədər radara görünməz edə bilərsiniz, amma o, havada yanacaqla təmin edilməlidirsə, düşmən sadəcə tankeri izləyərək onu məhv edə bilər”, – deyə hərbi analitik Frensis Tusa bildirir.

“Tempest” döyüşdə

Tusanın sözlərinə görə, Rusiya ilə müharibə halında, qarşıdurmanın ilk həftəsində “Tempest” Rusiyaya daxil olub hava hücumundan müdafiə sistemlərini və aviabazaları vuracaq.

İkinci həftədə isə, artıq PVO sistemləri təhlükə yaratmadıqda, bu təyyarə ya düşmən qırıcılarını məhv edəcək, ya da yerüstü qüvvələrə dəstək funksiyasını yerinə yetirəcək.

Bu rol üçün təyyarənin hədəflərə çox böyük partlayıcı arsenal yeritməsi gözlənilir – bu arsenalın F-35-lə müqayisədə iki dəfə artıq olacağı ehtimal olunur.

“Tempest”ə daxil edilən texnologiyalar həmçinin ona rabitə mərkəzi kimi fəaliyyət göstərmək imkanı verəcək – hətta Böyük Britaniyadakı bazalarla əlaqə kəsilsə belə. Bu isə onun yaxınlıqdakı dost pilotsuz təyyarələr, raketlər, quru qüvvələri və kosmosdakı peyklərlə əlaqəni koordinasiya edə bilməsi deməkdir.

Avropada silah istehsalı

Bundan əvvəl bildirilmişdi ki, Britaniyada “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalı yeni sifarişlərin olmaması səbəbilə dayandırılıb. Britaniya hökuməti 2009-cu ildən bu yana yeni təyyarə sifarişi verməyib, Səudiyyə Ərəbistanı və Qətər üçün nəzərdə tutulan ixrac müqavilələri isə hələ təsdiqlənməyib.

Həmçinin qeyd olunur ki, Britaniya ABŞ-dan silah asılılığından qurtulmağı planlaşdırır. Bunun üçün ölkə ərazisində 155 millimetrlik artilleriya mərmilərində istifadə edilən RDX partlayıcı maddəsinin istehsalı üçün konteynerlər tikiləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda 17 yaşlı qız zorla ərə verilir – DİN araşdırmaya başladı

redaktor

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən İLK AÇIQLAMA – FOTO

admin

ABŞ yenidən Ukraynaya hərbi yardım göndərdi

redaktor