ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında münasibətlərdə iyul ayında dönüş nöqtəsi yaşanıb. Bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa liderlərinin, xüsusilə də Fransa prezidenti Emmanuel Makronun səyləri, eləcə də Rusiya prezidenti Vladimir Putinin danışıqlara qadir olmaması Tramp və Zelenski arasında daha dostyana münasibətin formalaşmasına səbəb olub. Həmçinin NATO sammiti çərçivəsində keçirilən görüşdə Zelenskinin ilk dəfə olaraq kostyum geyinməsi də Tramp tərəfindən müsbət qarşılanıb.
Avropa liderləri və Ukraynanı dəstəkləyən respublikaçılar Zelenskiyə Tramp ilə necə danışmalı olduğunu məsləhət verib. Məlumata görə, Zelenskinin Trampa geyimlə bağlı əvvəlki mübahisəyə görə üzr istəməsi üçün xüsusi ifadələr hazırlanıb. Eyni zamanda, ukraynalılar üçün qəbul edilə bilən atəşkəs təklifi də irəli sürülüb.
The Washington Post yazır ki, Trampla daimi əlaqədə olan bəzi Avropa liderləri onunla telefon danışıqlarında Putinin ABŞ üçün təhlükə yaratdığını vurğulayıb. Xüsusilə Makron bu prosesdə mühüm rol oynayıb — o, Tramp ilə çətin, lakin uzunmüddətli münasibətlərindən istifadə edərək, Ukraynaya dəstəyin Ağ Ev üçün siyasi üstünlük gətirə biləcəyini izah edib.
Hazırda Tramp və Zelenski demək olar ki, hər gün birbaşa əlaqə saxlayır, gündəlik məsələləri müzakirə edirlər. Məhz bu əlaqələr fonunda Trampın Ukraynaya hücuma keçməyi təklif etdiyi bildirilir.