İsrailin Suriyanı bombalanmasının bir çox səbəbləri var. Mən sizi çox yormaq istəmədiyimdən əsasən 3 səbəb üzərində dayanmaq istəyirəm.
1-ci səbəb – Netanyahunun hakimiyyət hərisliyi
Məlumdur ki, İsrail Baş naziri Netanyahu üçün hakimiyyətdən getmək qollarına qandal vurulmaqla eyni anlama gəlir. Hər bir şəxs kimi o da həbs olunmaq istəmir və bu səbəbdən də yeni düşmənlər axtarıb taparaq onların üzərinə hücum edir. Xüsusilə son zamanlar Netanyahu hakimiyyətdən uzaqlaşmağa bir addım da yaxınlaşıb. Məlumata görə, onun hökumətini dəstəkləyən ultra-ortodoks yəhudi (Haredi) partiyalarından biri olan Şas 16 iyun 2025-ci il tarixində istefa qərarı verdi. Şas bu qərarı öz inanclarını əsas gətirib əsgərliyə getmək istəməyən yəhudi gənclərin tələblərinin yerinə yetirilməməsi idi. Şas-ın 11 millət vəkili var. Netanyahu hökumətinin yıxılması üçün isə sadəcə iki deputatın istefaya getməsi kifayətdir. Hazırda Netahyahu azlıq hökumətinə rəhbərlik edir və parlament onu hər an istefaya göndərə bilər.
Görünür, istefaya getmək istəməyən Baş nazir çarəni müharibə şəraitini diri tutmaqda görür.
2-ci səbəb: Türkiyənin beynəlxalq keçid layihələrindən olan “Kalkınma yolu” projesini sabotaj
İsrailin Suriyaya hücumu Birləşmiş Ərəb Əmirliyinin BƏƏ prezidenti Məhəmməd bin Zayed əl Nahyanın Ankaraya səfəri zamanı baş verdi. Tam da BƏƏ ilə Türkiyə rəsmilərinin danışıqlara başladıqları saatlarda. İki ölkə rəsmilərinin gündəliyində nə olub-olmadığına tam əmin deyiləm. Amma Türkiyə tərəfindən bu görüşdə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Milli Müdafiə naziri Yaşar Gülər kimi simaların da iştirak etməsi ağlıma bu versiyaları gətirir: Türkiyə ilə BƏƏ arasında hərbi sənaye məsələləri ilə yanaşı həm də enerji problemləri müzakirə olunub. Məlumdur ki, BƏƏ öz təbii qazını boru kəmərləri vasitəsilə nəql etməyə üstünlük vermir, onları sıxlaşdıraraq maye halında satır. Mayeləşdirilmiş qazın hazırda Qırmızı dənizlə nəqli təhlükəlidir. Üstəlik İranla İsrail və ABŞ arasında davam edən gərginlik Hörmüz boğazının da bağlanması ilə nəticələnə bilər. Bu durumda ən optimal variant BƏƏ məhsullarının və enerji mənbələrinin Kalkınma yolu kanalı ilə Avropaya daşımaqdır. Nəzərə alsaq ki, “Kalkınma yolu” projesi 4 potensial iştirakçısından biri BƏƏ, digəri Türkiyədir, bu ehtimal daha inandırıcı görünür. Hər halda BƏƏ “Kalkınma yolu”na Türkiyə və İraqın inkişafı üçün vəsait qoymur. Onun gələcək planında həmin dəhlizdən istifadə etmək də var.
“Kalkınma yolu” projesi isə İsrailin patronajlığı altında qurulması gözlənilən Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan marşrutlu Ədviyyat yoluna ən ciddi alternativlərdən biridir. Bilirsiniz ki, 2023-cü ildə Hindistanda keçirilən G-20 zirvəsində İranın Ermənistan və Gürcüstan üzərindən Avropaya çıxarmaq istədiyi alternativ layihəni boykot edən İsrail həmin marşrutun öz üzərindən çəkilməsinə nail oldu. Bununla da İranın proksisinə çevrilmiş HAMAS “Əqsa tufanı” əməliyyatına başladı və Yaxın Şərq qan dəryasına qərq oldu.
İrandan fərqli olaraq Türkiyənin “Kalkınma yolu” projesi Hindistan deyil, Çin məhsullarının nəqlini nəzərdə tutur. Dolayısıyla, İsrailin layihəsinin birbaşa olmasa da dolaylı rəqibi sayılır. Bununla belə, bazar rəqabəti onları da qarşı-qarşıya gətirir. İsrail bu projenin qarşısını almaq üçün layihənin əsas iştirakçılarından BƏƏ liderinin Ankara səfərini hədəfə almaqla, Məhəmməd bin Zayedə “ çaşma, get, yerində dinc otur” mesajı vermis ola bilər. Əgər belədirsə, Məhəmməd bin Zayedin bu xəbərdarlığı qulaq ardına vurmaq şansı yoxdur.
Üçüncü səbəb isə sözsüz ki, Suriyanı parçalamaq ola bilər. Sirr deyil ki, Suriyanı ən azı 4 yerə bölmək və onun üzərindən İraqa Davud dəhlizi açmaq İsrailin çoxdankı arzusudur. İsrail ordusu açıq şəkildə dürziləri dəstəkləməklə bu arzusunu böyük ölçüdə reallaşdırmağa çalışdı. Faktiki olaraq təzyiqlərə məruz qalan Suriya silahlı qüvvələri Süveyda bölgəsini tərk etdi və bölgənin idarəçiliyini dürzilərə tapşırdı. Bu əslində Suriyanın initar formasını ciddi şəkildə zədələyən bir addımdır və yəqin ki, Suriyanın digər etniklərini, o cümlədən PKK-nı da separatizmə həvəsləndirəcək.