Əvvəli: burada
II Hissə
Gürcüstanda görünməyən, lakin getdikcə hiss olunan bir təsir qüvvəsi formalaşır: Azərbaycanın Dövlət Neft Şirkəti, SOCAR. Bu qurum artıq yalnız enerji sektorunun iqtisadi iştirakçısı deyil, eyni zamanda regionun informasiya mühitində öz təsirini artıran, ictimai fikrə dolayı nəzarət etməyə çalışan bir aktora çevrilib. SOCAR Gürcüstanda təkcə neft və qaz ixrac etmir, həm də media müstəqilliyi üçün təhlükə yaradan iqtisadi və psixoloji təsir metodları ixrac edir.
SOCAR-ın bu sahədəki əsas rıçaqlarından biri reklam büdcələridir. Gürcüstandakı onlarla xəbər portalları və informasiya platformaları əsasən reklam gəlirləri hesabına fəaliyyət göstərir. Şirkət bu asılılığı anlayaraq, onu təsir vasitəsinə çevirir: dəstək məqsədilə reklam yerləşdirmə, ya da əksinə, reklamın dayandırılması vasitəsilə iqtisadi təzyiq göstərir. Belə vəziyyətdə, tənqidi mövqe sərgiləyən media qurumları maliyyə itkiləri ilə üzləşir, işçi heyəti ixtisara düşür və bəzi hallarda fəaliyyətlərini müvəqqəti və ya daimi olaraq dayandırmaq məcburiyyətində qalırlar.
Bu iqtisadi asılılıq, bir çox media rəhbərlərini öncədən özlərini senzura etməyə vadar edir. Yəni SOCAR-ı tənqid etməmək üçün redaksiyalar xəbər siyasətlərini dəyişir, bu isə Gürcüstanda iqtisadi senzuranın yeni forması kimi meydana çıxır.
Lakin şirkətin təzyiqləri bununla məhdudlaşmır. Bəzi jurnalistlərin şəxsi müşahidə və açıqlamalarına əsasən, SOCAR-a yaxın strukturlar tənqidi səsləri susdurmaq üçün daha incə və təhlükəli metodlardan istifadə edir. Bu metodlara kompromat axtarışları, sosial mediada saxta profillərlə həyata keçirilən qarayaxma kampaniyaları, jurnalistlərin yaxınlarına yönəlmiş dolayı təzyiqlər, hətta bəzi hallarda şəxsi məlumatların sızdırılması halları da daxildir. Bu, klassik avtoritar rejimlərin informasiya nəzarəti metodlarını xatırladır.
Eyni zamanda, SOCAR dolaylı yolla özünə yaxın media platformaları formalaşdırır. Bu platformalar, formal olaraq müstəqil görünsələr də, əsasən şirkətin mövqeyini əks etdirən materiallar yayır və tənqidçilərə qarşı ictimai hücumlarda iştirak edirlər. Bu vasitələrlə tənqidi jurnalistlər və mühacir fəallar “sabitliyi pozmaqda”, “erməni maraqlarına xidmət etməkdə” və ya “anti-Azərbaycan təbliğatı aparmaqda” ittiham edilərək ictimai linç kampaniyalarına məruz qalırlar.
Belə ritorika Gürcüstan cəmiyyətində Azərbaycanlı mühacirlərə və müstəqil düşüncəyə qarşı nifrət və güvən itkisi yaradır. Bu isə SOCAR-ın yalnız informasiya sahəsinə nəzarət etməklə kifayətlənmədiyini, eyni zamanda həmin məkanı təhrif və manipulyasiya vasitəsi kimi istifadə etdiyini göstərir.
SOCAR-ın təsiri yalnız media sektoru ilə məhdudlaşmır. Şirkətin Gürcüstan siyasi dairələri ilə qurduğu münasibətlər sayəsində bəzi hallarda tənqidi jurnalistlərin peşə fəaliyyətləri də əngəllənir. Bəzi müxbirlər mühüm tədbirlərə buraxılmır, akkreditasiyaları ləngidilir və ya ləğv edilir. Digər hallarda, vergi yoxlamaları, hüquqi prosedur problemləri və mənbə qoruma hüququnun pozulması kimi hallar da müşahidə olunub.
Bütün bunların nəticəsində, bir sıra jurnalist ya işsiz qalıb, ya saytlarını bağlamağa məcbur olub, ya da açıq şəkildə susmaq məcburiyyətində qalıb. Gürcüstanda fəaliyyət göstərən bəzi media qurumları artıq SOCAR-ın adını belə qeyd etməkdən çəkinirlər. Bu isə şirkətin yalnız iqtisadi aktor deyil, informasiya təhlükəsizliyi üçün strateji təhlükə kimi çıxış etdiyini göstərir.
SOCAR-ın Gürcüstandakı bu çoxşaxəli fəaliyyəti azad sözün qarşısında duran yeni təhdid modelini – transsərhəd korporativ avtoritarizmi nümunəsini ortaya qoyur. Bu model yalnız jurnalistləri deyil, cəmiyyətin bütövlükdə informasiya əldə etmə hüququnu hədəf alır. Belə bir sistem sökülmədən nə Gürcüstanda, nə də Cənubi Qafqazda fikir plüralizmi və informasiyaya çıxış hüququ təmin oluna bilməz.
Ardı var.