Ərdoğanı yeni peyğəmbər hesab edən siyasi islamçılar, türkçülüyün Ərdoğanın simasında təcəlli etdiyinə inanan türk(iyə)çilər Türkiyə prezidentinin “Türk-Kurd-Ərəb ittifaqı” sözlərindən o qədər cuşa gəliblər ki, Ərdoğanın sözlərinin rəsmi mətinlərdə redaktəyə məruz qaldığından xəbərləri belə yoxdur.
Baş verən hadisə ondan ibarətdir ki, Ərdoğanın “AKP, MHP və DEM Partiyası arasındakı əməkdaşlığı “Türk-Kurd-Ərəb ittifaqı” kimi dəyərləndirməsi Prezident və AKP-nin internet saytlarında redaktə olunaraq yayımlanıb. Belə ki, rəsmi mətinlərdə “üçlük olaraq birlikdə” ifadəsi yer almayıb. Türkiyə mətbuatının məlumatına görə, buna səbəb DEM Partiyasının rəsmi, MHP-nin qeyri-rəsmi etirazı olub. Türkiyə Böyük Millət Məclisinin sədrinin müavini, DEM Partiyasın deputatı Pərvin Buldan əməkdaşlığın “kürd problemi”nin həlli mərhələsi ilə məhdudlaşdığını bəyan edib.
Fərqli kimlikləri və ideoloji baxışları olan toplumları birləşdirmək utopiyanı ötüb keçən fantaziyadır. Belə bir hibrid birliyi yaratmaq mümkün olmadığı kimi, buna cəhd də təhlükəlidir. Belə cəhdlərin Türkiyə cəmiyyətində parçalanmanı və dövlətin gələcəyi ilə bağlı ruh düşkünlüyünü daha da dərinləşdirəcəyini görməmək mümkün deyil. Bunu müammalı şəkildə ölən 12 əsgərdən biri olan baş çavuş Ümit Üzümün dəfn mərasimində şəhidin bacısının sözləri də göstərir. Şəhidin dəfnində AKP-dən kimsənin olmasını istəmədiyini bəyan edən şəhid bacısı qardaşının hansı vətən üçün həyatını itirdiyini bilmədiyini deyib: “Vətən sizin olsun, mənim qardaşımı verin”. Bu sözlər Türkiyə cəmiyyətindəki yaranın nə qədər dərin olduğunu çox aydın göstərir.
Bütün bu məəslələr Türkiyə cəmiyyəti öhdəsindən gəlməli olduğu problemlərdir. Bu yolda onlara uğurlar arzu edərək bu məsələlərin bizə aidiyyatının olmadığını bilməliyik.
Bizim üzərimizə düşən vəzifə parçalanmış Azərbaycanın bütövlüyünü və Şimal torpaqlarımızın (Dərbənd) azadlığını, millətimizin inkişaf etmiş çağdaş xalqların sırasında yer almasını təmin edəcək yolun seçilməsini təmin etməkdən ibarətdir. Bu istiqamətdə müzakirələr üçün faydalı olacağını düşündüyüm iki dövlətli federativ İranın Güney Azərbaycanın və bütün xalqımızın maraqlarına nə qədər uyğun olduğu ilə vəd etdiyim yazını diqqətlərinizə təqdim edəcəm.